Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 088 (Thousand Devils Cast Out)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

6. İsa cinə tutulmuş iki adamdan cinləri çıxardır (Matta 8:28-34)


MATTA 8:28-34
28 İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. 29 Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» 30 Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 31 Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». 32 İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. 33 Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 34 Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın.
(Mark 5:1-17; Luka 4:41; 8:26-37; 2Pet. 2:4; Yaq. 2:19)

İsa Məsih təbiət üzərində və eləcə də cinlər üzərində hökmran olan Rəbdir. Çünki cinlər, Allahın Ruhudan doğulmuş Olan gəldiyi yerdə qala bilməzlər.

Bu ruhlar İsa ilə şagirdlərinin bu bölgəyə gəlmələrinə mane olmaq cəhdində Tiberiya gölündə qorxunc tufan qopartmışdılar. O vaxt İsa, külək və yağışda gizələnən o ruhlara qadağan etdi, səma altındakı üsyançıları susdurdu və ardıcıllarına da əmr etdi ki, cinlərin onların üzərində heç səlahiyyəti olmadığına inansınlar.

İsa gölü keçərək, Roma hökumətindən xüsusi üstünlüklərə nail olan Dekapolisə (Dekapolis sözü on şəhər deməkdir) gəlib çıxdı. O, yəhudi təqibindən və izdihamlardan uzaqlaşıb biz az dincəlmək istəyirdi.

Dekapolis əhalisinin yəhudi mədəniyyətə məxsus olmaması, yəhudilər tərəfindən murdar sayılan donuzları saxlamalarından bəllidir.

Şagirdləri ilə birlikdə Gergesa şəhərinə yol gedərkən İsa qayalıqda oyulmuş qəbirlərdən keçirdi ki, cinə tutulmuş iki çılpaq adam Onun qarşısına çıxdı. Şəhərin sakinləri, murdar ruhlara tutulmuş bu iki adamın qorxusundan o yoldan keçməyə cəsarət etməzdilər. O adamların əl-qolunun zəncirlərlə bağlanmasının da xeyri olmamışdı, çünki onlar dəmir zəncirləri belə, asanlıqla qırardı. Onların daxilində olan cinlərdən hamı qorxardı.

Cinə tutulmuş bu iki adam İsanın üstünə hücum edəndə, İsa onlara bircə kəlmə demədi. Bu adamların içindəki cinlər, onların önündə dayanan Şəxsin İsa olduğunu anlayanda, elə bərk qışqırıq saldılar ki, ölünü qəbirdən qaldıra bilərdi: “Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?” Cinlər dərhal bildilər ki, onların önündə Haqq-Taalanın Oğlu dayanıb, çünki Onun müqəddəsliyinin şüaları onları işfa edib mühakimə etmişdi. Lənətə gəlib məhkum olduqlarını, artıq həlaka uğrayacaqları anın gəldiyini anlayan cinlər heç olmasa qısa bir müddət üçün donuz sürüsündə qalmalarına izin verməsi üçün İsaya yalvardılar. Bu xahiş ilə onlar Məsihin onların üzərindəki səlahiyyətini tanımış oldular. Onlar, İsanın izni olmadan heç donuza belə zərər vura bilməzdilər. Bizi çox sevindirir ki, iblisin qüvvəsi nə qədər çox olsa da, məhduddur. Şeytan, sadiq Dostumuz və güclü Xiladkarımız olan Rəbb İsa Məsihin səlahiyyətinə tabedir! Bizi çox sevindirən başqa bir həqiqət də odur ki, şeytan və onun qoşunları Rəbbin qoyduğu hüduddan kənara çıxa bilmirlər. “O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan, qürurlu dalğaların burada dursun”” (Əyy. 38:11).

Çobanlar vəlvələyə düşdü, tez sürülərin sahiblərinə qaçıb, donuzlarının faciəli taleyindən və cinə tutulmuş adamların azad olduqlarından xəbər verdilər. Bütün şəhər əhalisi bu möcüzəyə baxmaq üçün oraya gəldi. Lakin əvvəllər cinə tutulmuş olan bu adamları geyinmiş halda, ağlı başında, İsa ilə birlikdə oturmuş görəndə, İsadan qorxdular, Onun hüzurunda murdar bir şeyin əsla qala bilməyəcəyini anladılar. Onlar öz mədəniyyətlərini, murdar ruhlarıa əlaqələrini ən çox qiymətləndirdiklərinə görə, Müqəddəs Ruhdan doğulmuş Olandan onları tərk etməsini xahiş etdilər! Məsih onların xahişini yerinə yetirib oradan çəkildi, çünki Məsih, Onu bütün qəlbi ilə qəbul etməyən, Ona sevinməyən insanlar arasında qalmaz. Bu səbəbdən, İsa onları cin-şeytanların əllərinə buraxdı (Mat. 5:1-20; Luka 8:26-39).

Biz adama cinə tutulmuş deməyə tələsməməliyik, ancaq əgər bir kəs Məsihin ilahiliyini, Allahın oğlu olduğunu inkar edir, Allah İsanın Atası deyildir deyirsə, Onun çarmıxa çəkilməsi həqiqətinə nifrət edirsə, çox güman ki, o doğrudan da Məsihin əleyhdarı ruhuna tutulub (1Yəh. 2:22-25; 4:1-5).

Bəzi adamlar murdar ruhlarla dolu sıxıcı bir mühitdə yaşayırlar və daima sınaqlara çəkilirlər; bu onların gələcəyi bilmək, dünyəvi arzularına çatmaq, yaxud xoşbəxt ailə qurmaq məqsədilə keçmişdə yardım üçün cindarlara müraciət etmələri, falçılıqla məşğul olmalarının nəticəsi də ola bilər.

Bu murdar ruhlardan asılı olmamaq, onlardan azad olmaq istəyən hər kəs bütün günahlarını Allaha etiraf etməli və adamı həlaka aparan bu ruhlarla bir dəfəlik əlaqə kəsməlidirlər. Sonra o, günahları bağışlayan və murdar ruhlara qalib gələn Allahın Oğluna tərəf dönməli, Onun müqəddəs Şəxsiyyətini şərəfləndirməlidir. O zaman Məsih bağışlanmış günahkarın ürəyinə Müqəddəs Ruhunu tökəcək və Ruh ona təsəlli verib qüvvətləndirəcək. Cinlərdən azad olmuş adam müntəzəm olaraq Müqəddəs Kitabı oxusa, Məsihin sözlərini əzbər öyrənsə, ruhani toplantılarda iştirak etsə və Rəbbin xidmətçiləri ilə birlikdə dua etsə, o bütün ruhlardan tamamilə azad olacaq. Ancaq o gərək Məsihlə ünsiyyətdə ola, təliminə, əmrlərinə riayət edə.

Bəziləri etiraz edirlər ki, Mat. 8:28-də İsa qadaralıların diyarına gəldiyi zaman cinə tutulmuş iki nəfərlə qarşılaşır, lakin Mark 5:2 və Luka 8:27-də cinə tutulmuş bir adamdan bəhs olunur.

Bu etirazın cavabına onu deyə bilirik ki, Mark və Luka yalnız bir adam barəsində yazıblar, çünki o daha azğın idi və Məsihin qüvvəsi onda o birindən daha çox görünmüşdü. Buna görə də Luka və Mark azğın adamı təsvir etdilər, onunla olan ikincisindən isə heç danışmayıblar.

Təsəvvür edək ki, iki nəfər ruhi-əsəb xəstəxanasına gedib iki ruhi xəstə ilə qarşılaşıb. Onların o iki xəstələrdən danışdıqları bir-birindən bir az fərqlənər, necə ki Matta və Luka da cinə tutulmuş bu adamların əhvalatını fərqli cür nəql ediblər. Ruhi xəstələrlə görüşən adamlardan biri hər ikisindən bəhs edər, o biri isə ancaq birindən. Onların danışdıqlarının bir-birinə zidd olduğunu deyəcəyikmi? Əlbəttə ki, yox. Ancaq birinin sözü o birininkinə ziddirsə, bu başqa məsələdir. Buna ziddiyyət demək olar.

DUA: Ey müqəddəs Ata, İsanın Gergesa bölgəsində cinlər üzərindəki qələbəsinə və cinə tutulmuş iki nəfərin azad olunmasına görə çox sevinirik. Sənə şükür edirik, zira Sən bizim bu günlərimizdə də cinə tutulmuş adamları və ruhi xəstələri İsanın adı ilə azad edirsən! Bizi şər olandan qoruduğuna görə Sənə həmd edirik. Məsihlə şəriklikdən rahatlıq tapırıq. Ya Rəbb, Müqəddəs Ruhunu onların üzərinə və bizim də üzərimizə tök, qoy biz Sənin əbədi adının himayəsində qalaq! Sənə yalvarırıq, ya Rəbb, ətrafımızdaki cinə tutulmuş insanları azad et və qoy Sənin Oğlunun uca Padşahlığı gəlsin!

SUAL:

  1. Tiberiya gölünün o biri tayında cinə tutulmuş iki adamın azad olması əhvalatından nə öyrənmisən?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:41 AM | powered by PmWiki (pmwiki-2.2.109)