Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 080 (Application of the Law)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
4. Səmavi Padşahlığın Konstitusiyasının yekunu (Matta 7:7-27)

e) Ruhun qüvvəsi ilə Qanunu yerinə yetirmək barəsində (Matta 7:21-23)


MATTA 7:21-23
21 Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. 22 O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” 23 Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!”
(Mat. 25:14-30; Luka 13:25-27; Rom. 2:13; Yaq. 1:22)

Məsih səni Onun Qanununa uyğun gələn işləri görməyin üçün xilas etdi. Xilaskara olan imanın səni Xilaskarın həyatına şərik edir, Onun ölümü isə sənə salehlik verir və Müqəddəs Ruhun səndə yaşamasını mümküm edir. Bəs sən Allahın övladlarından biri olduğunu necə sübut edə bilərsən?

Allaha mənsub olmağın dua vasitəsilə görünür, çünki Allahın balaları Ona “Ya Rəbb! Ya Rəbb!” deyə müraciət etməzlər, Onu “Ey Atamız!” çağırarlar. Onlar öz işlərini və özlərini Allahın əlinə tapşırıb, Allahın qayğısına ümid bağlayarlar. Onlar Allaha tərəf dönüb səylə xidmət edərlər. İncili araşdırıb, Müjdənin mənasını öyrənər, inam, məhəbbət və ümiddə böyüyərlər. Məsih bizi azad edəndə, özümüzün pis işlərimizi düzəldəcəyimizi nəzərdə tutmayıb; O nəzərdə tutub ki, biz Müqəddəs Ruha təslim olaq və Müqəddəs Ruh bizdə bütün bəhrələri ilə yeni yaradılışı gerçəkləşdirsin.

Bir gün yalançı bir adam Məsihə iman etdi. Əvvəllər onun dostları danışdığının səksən faizinin mübaliğə olduğunu deyirdilər. Lakin o imana gəldikdən sonra dostlarından biri nitqində yalnız iyirmi faiz mübaliğə qaldığını söylədi. Yeni imanlı bunu eşidəndə çox sevindi və göz yaşları ilə dua etdi ki, Məsih onu yalandan tamamilə azad etsin və o, hər cəhətdən düzgün adam olsun.

Əgər sən öz xasiyyətində bir zəiflik, nöqsan görürsənsə, Məsihə ondan danış, etiraf və tövbə et, Məsihdən sənə şəfa verməsini, səni təqdis etməsini dilə. Sonra hər günahı qəti şəkildə bir yolluq rədd et!

Sən ancaq özündən imtina etmək şərti ilə Allahda qala bilərsən, çünki sənin özündə saleh bir şey yoxdur və sən heç nə ilə fəxr edə bilməzsən. Qürur şeytanın günahıdır. Cinə tutulmuş adamdan öz gücünlə cini qovmağa çalışma, yoxsa cini sənə keçə bilər. Cinləri qovmağa yalnız Məsihin Müqəddəs Ruhla gücü çatar. Bəzən Rəbb əsarətdə olanları azad və xilas etmək üçün sənin sədaqətlə etdiyin şəhadət vasitəsilə işləyir.

Rəbb səni bu gün Onun işlərinin sadiq şahidi olmağa çağırır. Sən Ondan gələcəyə dair biliyi istəmə və Müqəddəs Yazıda yazılanlardan əlavə heç nə uydurma. Atanın sənə haqq yolu göstərəcəyinə inan və özünü böyük sayma. Öz cəhdlərinlə cəmiyyəti aclıqdan və ədalətsizlikdən xilas edə biləcəyini düşünüb aldanma. Müqəddəs Ruhun səsinə diqqət ver, çünki O sənin vasitənlə Müjdəni başqalarına çatdıra və xeyirli işlər görə bilər. Əgər Məsih səni Onun Atasını izzətləndirmək üçün xeyirli işlər etməyə dəvət edibsə, O səni mütləq bu iş üçün lazım olan güc-qüvvətlə təmin edəcək. Lakin sən heç vaxt unutma ki, sən özün qabiliyyətsiz adamsan və bütün qabiliyyətlərin özündən qaynaqlanmır. Allah Öz məhəbbətini sənin üzərinə tökür, bu məhəbbət həqir həyatına böyük hədiyyə kimi xaricdən gəlir. 1Kor. 13-dəki “məhəbbət nəğməsini” diqqətlə oxu və anla ki, səni nə bəlağətli nitq vergisi, nə də dağları oynadan iman xilas edər. Yalnız Məsihə olan imandan gələn məhəbbət, Müqəddəs Ruhun məhəbbəti səni Allahda möhkəmləndirər və xilasının bəhrələrini yetişdirər. Meynədə qalan budaq kimi İsada qal və Rəbb Öz bəhrələrini səndə yetişdirəcək. Atanın iradəsi budur ki, sən Onun Oğlu Məsih ilə birləşib Onda yaşayasan, O da səndə yaşasın. Bu vəd necə böyükdür – sən ilahi məhəbbətlə davranan əsil imanlı, həlim və səbirli xidmətçi olacaqsan!

Allahla əhddə olduqlarını düşünə-düşünə öz həyatında Məsihin haqq yolunu tutmayan bir çox məsihilərin vay başına! İmanlılar cəmiyyətlərindəki bir-birinin önündə özlərini aşağı tutmayan, bir-birinin “ayaqlarını yumayan”, başqalarını sərt şəkildə mühakimə edən qürurlu rəhbərlərin, ağsaqqalların vay başına! Biçarə məzlumları sevməyən, ancaq bəlağətli danışmağı bacaran ağıllı və istedadlı imanlıların vay başına! Axırda onlar çox sərt şəkildə mühakimə ediləcəklər.

Məhəbbət, Qanunun tamamlanmasıdır. Məsih dünyamıza təkrar gələndə iman sona çatacaq. Xilaskarımızı və izzətli Atamızı öz gözlərimizlə görəcəyimiz zaman ümid sona çatacaq. Lakin məhəbbət əbədi qalacaq, çünki Allah məhəbbətdir! Buna görə sən həmişə ilahi məhəbbətlə dolu olmağa və bütün həyatınla həqiqətən rəhmli Atanın övladı və İsa Məsihin sadiq qardaşı olduğunu göstərməyə çalış. Məsih qiyamət günündə Hakim olaraq məhəbbətlə davrananları haqsızlıq edənlərdən ayıracaq. Həmişə məhəbbətlə davran, çünki yalnız məhəbbət sənin imanının həqiqi olduğunu təsdiq edir.

DUA: Ey müqəddəs Ata, Müqəddəs Ruhunla Öz məhəbbətini bizim ürəklərimizə tökdüyünə görə Sənə minnətdarıq! Sevimli Oğlunun qanı ilə bizi təmizlə! Səbirsizliyimizə, özümüzü düşündüyümüzə, qürurumuza görə bizi bağışla. Bizi İsada möhkəmləndir, qoy biz Onun qüvvəsi ilə Sənin iradəni yerinə yetirək, Onun himayəsində və inayətində qalaq!

SUAL:

  1. Cənnətə kim daxil olacaq?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:39 AM | powered by PmWiki (pmwiki-2.2.109)