Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 013 (Genealogy of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)


MATTA1:17
17 Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir.
(Bax. Luka 3:23-38)

14 rəqəmi iki yeddidən ibarətdir: (7×2). Yeddi də öz növbəsində 3 və 4-dən ibarətdir (3+4). 3 rəqəmi Müqəddəs Üçlükdə vahid olan Allaha işarə edir; 4 rəqəmi isə dünyanın dörd cəhətini ifadə edir. Beləliklə, tarixin gedişatında göy və yer 7 rəqəmində birləşir. 7 rəqəminin iki dəfə təkrar edilməsi ilə meydana gələn 14 rəqəmi dünyamızda ilahi tarixi gedişatın kamilliyini bildirir. Bu kamillik, Allaha və dünyadakı işlərinə şəhadət edən iki şahiddə təzahür olunur.

Bununla bərabər, 14 rəqəmi əsasında qurulan bu dövrlər üç dəfə ardıcıl olaraq təkrarlanır. Matta bunların Məsihin gəlişindən, Səmavi Padşahlığın yerə enməsindən xəbər verdiyini gördü, çünki Allah hələ qədimdən bütün zamanları saymışdı. Müjdəçi nəsil şəcərəsində bütün padşahların adlarını çəkməyi lazım bilmədi, çünki onun marağı tarixi detallarda deyil idi, Allahın xilas planı ilə bağlı olan uca məqsədlərində idi.

Rəbb ilk dövrdə İbrahimi seçib ondan böyük bir millət törətdi, Davudun padşahlığında bu millət öz zirvəsinə çatmışdı. Lakin Süleymanın hakimiyyətindən başlayaraq bu millətin tənəzzülü başlandı və Süleyman oğlu Rexavamın dövründə siyasi dövlət parçalandı. Daha sonra şimali padşahlıq dağıldı və Yəhuda sakinləri sürgün edildi.

Sürgündən qayıdan yəhudilər Allahdan mühüm ibrət dərsi götürdülər ki, Allahın tövbə edənlər üçün məqsədi onlara qüdrət, silahlar, rifah vermək deyildir, ancaq Rəbb onların Musanın qanununa görə müqəddəs həyat sürən, həlim və təvazökar müqəddəs padşahlar milləti olmalarını istəyir.

Allahın sərt tərbiyəsi hər kəsi bu cür düşüncəyə gətirməmişdi. Onların arasında Allaha görə qeyrət edən və nəyin bahasına olur-olsun qüdrətli dövlət yaratmağa əzm edənlər var idi. Fariseylərə gəlincə, onlar öz cəhdləri ilə qanuna tam dəqiq riayət etməyə səy göstərir, qürurlanıb lovğalanırdılar. Lakin yəhudilərin az hissəsi müqəddəs həyat sürməyə qadir olmadığını dərk etdi və Allahın önündə sınan qəlblə tövbə edir, günahlarına görə göz yaşı tökərək haqq yoluna dönürdülər. İsanın dövründə yəhudilər arasında fikir ayrılığı var idi. Bütün dünyanı xilas edərək dünyaya xeyir-dua gətirəcək olan, xalqın Xilaskarının gəlişinə dair sanki heç bir əlamət görünmürdü. Ancaq müjdəçi Matta tarixin gedişatında İsanın Allahın vəd etdiyi Məsih olduğunu təsdiq edən açıq əlamətlər tapmışdı.

DUA: Ey müqəddəs Allah, Səni ucalqırıq, çünki Sən qədimdən Öz Oğlunun gəlişini təyin etmişdin və əcdadların, padşahların, peyğəmbərlərin vasitəsilə Onun yolunu hazırlamışdın. Əsirləri, günahkarları Öz Oğlunun nəsil şəcərəsinin bir hissəsi etməkdən utanmadın. Qoy biz imanla özümüzü Sənə həsr edək və Sənin Oğlunun fədakarlığının meyvəsi olaq və Onun Ruhunun məziyyətlərini davranışımızda göstərərək Sənə həmd edək və Səni izzətləndirək!

SUAL:

  1. İsanın nəsil şəcərəsindəki dövrlər nəyə işarə edir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:23 AM | powered by PmWiki (pmwiki-2.2.109)