Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 103 (Sailing From Anatolia to Lebanon)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

10. Anadoludan Livana dəniz səyahəti (Həvarilərin İşləri 21:1-6)


HƏVARİLƏRİN İŞLƏRİ 21:1-6
1 Onlardan ayrılıb dənizə çıxanda birbaşa Kosa getdik, səhəri gün isə Rodosa, oradan da Pataraya keçdik. 2 Finikiyaya gedən bir gəmi tapdıq və ona minib dənizlə getdik. 3 Kipri gördük və onun cənubundan keçdik. Suriya istiqamətinə getdik və Sur şəhərində sahilə çıxdıq. Gəmi yükünü orada boşaltmalı idi. 4 Orada şagirdləri axtarıb tapdıq və yanlarında bir həftə qaldıq. Şagirdlər Ruhun təsiri ilə Paula xəbərdarlıq etdilər ki, Yerusəlimə getməsin. 5 Amma oradakı günlərimiz başa çatanda bu şəhərdən çıxıb yolumuza davam etdik. İmanlıların hamısı öz arvad-uşaqları ilə bərabər bizi şəhərin kənarına qədər ötürdü və sahildə diz çökərək dua etdik. 6 Bir-birimizlə vidalaşandan sonra biz gəmiyə mindik, onlar da evlərinə qayıtdı.

Bu gün Afinaya uçan təyyarədə Rodos və Kos adaları üzərindən keçən sərnişinlər Aralıq dənizinin tərtəmiz göy suyu ilə əhatə olunan günəşdən yanmış quru torpağı görə bilirlər. Bu gün səyahət edənlər yüksək sürətlə bir neçə dəqiqə ərzində böyük məsafəni qət edə bilirlər. Paul iki min il bundan əvvəl küləkdən, dalğalardan asılı olan yelkənli qayıqla səyahət etmişdir.

Paulun dənizdə yol yoldaşlarına İsadan söhbət etmək, Tövratın dərin mənasını izah etmək və onları Müjdənin azadlığı ilə nurlandırmaq üçün çox vaxtı var idi. Bu dəniz səyahətinin məqsədi, gələcəkdə cəmiyyətdə rəhbərlik edəcək olan şəxslərə ruhani təlim vermək və müntəzəm duada iştirak etmək idi. Paulun yol yoldaşları dənizi keçərkən Yunanıstanda və Anadoluda olan cəmiyyətlərini düşünürdü və Məsihin məhəbbətinin ardıcıllarında bəhrə verməsi üçün dua edib Müqəddəs Ruhdan yeni imanlıların üzərinə tökülməsini diləyirdilər.

Həvari ilə yoldaşları birbaşa Suriyaya səfər edən gəmini görəndə sevinə-sevinə ona mindilər. Bu cür əlverişli şəraitin sayəsində onlar təyinat yerinə daha tez çata bildilər; bu durumda bir çox əziyyətdən, vaxt itkisindən qaça bildilər. Tarsusda və Antakyada yubanmadılar, sahildəki müxtəlif limanlarda dolaşmalı olmalıdar. Kiprin Pafos limanında dayanmağa məcbur olmadılar. Ola bilir ki, Paul onlara birinci müjdəçi səyahətinə başladıqları zaman Barnaba ilə birlikdə bu gözəl adaya gələndə Məsihin cinlər üzərində qələbə çalmasından danışmışdır. Lakin müjdəçilik üçün ilk hədəf belə gözəl adalar deyildir. Müjdəçilər ilk öncə yorucu səhra yollarından keçib paytaxtlara, əhalisi çox olan böyük şəhərlərə Müjdəni yaymalı idi, necə ki Rəbb qullarını yönəldirdi.

Bundan sonra Məsihin zəfər yürüşü, əvvəllər adada yerləşən və sonradan b.e.ə. 300-cü ildə Makedoniyalı İsgəndərin qitəylə birləşdirdiyi dövlətli Sur şəhərinə çatmalı idi. Surda gəmi yükünü boşaltdı və Paul yoldaşları ilə birlikdə imanlı bacı-qardaşlarını tapmaq üçün bazara getdi. Surda ticarət və balıqçılıqla fəal məşğul olan az sayda məsihi imanlılar var idi. Həvarilər onları tapıb, bir həftə onların evlərində qaldılar, Allahın Padşahlığını müjdələdilər və imanlıların ürəklərini qüvvətləndirdilər.

Bu son səyahətdə həvari böyük Efes şəhərini və oradakı qüvvətli cəmiyyəti ziyarət etmədi, çünki bu cəmiyyət Allahın köməyi ilə Müqəddəs Ruhun qüvvətində böyüyüb kök salmışdı. Surda isə cəmiyyət zəif olduğundan, Paul orada qalmaq, cəmiyyəti möhkəmləndirmək və Allahın Ruhunun qüvvəsi ilə doldurmaq qərarına gəldi.

İsa adının surluların ürəklərində nə vaxt kök saldığı dəqiq məlum deyildir. Ancaq heç şübhə yoxdur ki, Rəbbin Ruhu açıq bir peyğəmbərlik sözü ilə onların ürəklərinə danışdı. Müqəddəs Ruhun əvvəlcə Efesdə elan etdiyi həqiqət Surda da təsdiqləndi: Paul Yerusəlimdə əzab-əziyyət çəkəcəkdi və onun müjdəçilik xidməti sona yaxındı. Müqəddəs Ruh bu həqiqətləri Paulu Qüdsə getməkdən saxlamaq üçün demirdi, amma imanlılar onu əziyyətlərdən xilas etmək istəyirdi. Bu, sevən və yaxşılıq arzu edən insanların normal reaksiyasıdır. Lakin Məsihin qulu Paul sona qədər Rəbbin ardınca getmək niyyətində idi. Beləliklə, Paulun Korinfdən Yerusəlimə səyahəti axırda yalnız Məsihin zəfər yürüşü kimi olmadı. İsanın əzab-əziyyət yolunu tutan Paul, bilə-bilə Qüdsə getdi, özünü Rəbbin yolunda qurban verməyə hazır oldu. Həqiqi imanlı əziyyətdən qaçmaz, çünki onun üçün ölüm qazancdır və Məsihin izzətidir.

Surdakı cəmiyyət dəniz sahilinə qədər gedib Paulla yoldaşlarını yola saldı. Asiya və Avropadakı imanlılar cəmiyyətlərindən gələn bu kişilər, qadınlar, qullar, ağsaqqallar oraya çatanda həvari ilə birlikdə diz çökdülər. Ətrafındakı insanların nə düşünəcəyindən narahat olmadan birlikdə dua etdilər, həvari Paulu bir daha görməyəcəklərini anlayıb, özü və yoldaşları ilə vidalaşdılar.

DUA: Ya Rəbb, yolların müqəddəsdir, məhəbbətin hədsizdir. Sənə güvənməyi və gələcəyimizi Sənin məsləhətinə təslim etməyi bizə öyrət! Bizə kömək et ki, əziyyətlərdən qorxmayaq və Sənin yolunda olan əzablardan qaçmayaq! Günahlarımızı bağışla, bizi təqdis elə və bu dünyadakı Cəmiyyətinin hər bir üzvünü təmizlə!

SUAL:

  1. Paul Surda nə etdi?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:14 PM | powered by PmWiki (pmwiki-2.3.3)