Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 090 (The Calling of Matthew)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

8. Vergiyığan Mattanın həvariliyə çağırılması (Matta 9:9-13)


MATTA 9:9-13
9 İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. 10 İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. 11 Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 12 Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 13 Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».
(Huşə 6:6; Mat. 10:3; Mark 2:13-17; Luka 5:27-32)

İflic olan adamın şəfa tapmasından sonra Matta öz həyatındakı dönüş nöqtəsi barədə yazıb. Beləcə o özünü bu xəstə günahkardan daha önəmsiz göstərdi. O zəmanədə vergiyığanlar hiylə, tamah, zülm və müstəmləkəçilərlə əlbir olmanın rəmzi idi və beləcə Qanunun lənətlədiyi zinakar, oğru, qatillərin tayı sayılırdı. İsa Mattanı Onun ardınca gəlməyə dəvət edəndə, Mattanın həyatı büsbütün dəyişdi; Məsih onu göydə və yerdə hörmətli həvari elədi. Bu bizi öyrədir ki, İsanın ən pis günahkarları belə təmizləməyə iradəsi də var, imkanı da. Hətta günahın zənciri ilə bağlanmış olduğun təqdirdə belə O səni sevir və azad edə bilir.

Mattanın Məsihi axtarması, yaxud ardınca getməyə meyilli olmasının burada heç əlaməti yoxdur. Ancaq Mattanın qohumlarından bəzisi daha öncə Məsihin şagirdi olmuşdu. Məsih Özü birinci “Ardımca gəl!” deyib, Mattaya xeyir-dua verdi. Biz də Məsihi özümüz seçməmişdik, lakin O bizi seçib. Məsih Mattaya “Ardımca gəl!” deyəndə, daha öncə “Qalx, yatağını götür və evinə get!” sözlərində təzahür edən Allahın qüvvəsi Mattaya da yeni həyat bəxş etdi.

Yenilənmə adamın ürəyində Məsih vasitəsilə gerçəkləşir. Onun kəlamı da bu işdə bir vasitədir, axı Məsihin Müjdəsi “xilas üçün Allahın qüdrətidir” (Rom. 1:16).

Məsihin “Ardımca gəl!” dəvəti Mattanın ürəyini ox kimi dəldi. Onun əvvəlki adı Levi idi, lakin dəvət ediləndən sonra o, “Matta”, yəni “Allahın ənamı” deyə adlandırıldı. Məsihin ağzından çıxan Yaradanın kəlamı minlərlə boş-mənasız bəşəri kitablardan daha güclüdür. Matta Müjdəsi də məhz bu misilsiz kəlamdan meydana gəldi, çünki vergiyığanın işi faktları dəqiq yazmaqdan ibarət idi. On İki həvari içində yalnız Matta bir neçə dil bilir və peşəsi ilə əlaqəli olan istedadları ilə İsaya xidmət edirdi. Matta Müjdəsində Matta adının çəkildiyi yeganə yer buradır. Matta öz Müjdə Kitabını başdan-başa Məsihin qüdrətli əməllərinə, sözlərinə həsr etdi və Məsihin adını dəfələrlə çəkdi.

Matta Məsihin onu çağırdığına o qədər çox sevindi ki, evində İsanın şərəfinə ziyafət verdi və salehliyə can atan hər kəsi dəvət etdi. Ziyafətə gələnlər arasında oğrular, saxtakarlar, zinakarlar, savadsızlar var idi. Onlar İsanın yanında oturdular, Onu gördülər, mərhəmət barəsindəki təlimini eşitdilər, təsəllisini və xilasını qəbul edtilər. Matta İsanın yolunu tutan kimi müjdəçi və həvari oldu.

O ki qaldı özlərini mömin, savadlı və saleh sayanlara, onlar Məsihin mərhəmətini tanımayıblar, özlərinin Allahın Vəhyini bilən, Allahla əhddə olan ruhani imanlı olduğunu düşünərək aldanıblar, ürəklərini daşa döndəriblər. Həqiqətdə isə onlar xəstə idilər. Xəstə günahkarlar tövbə edib Məsihə tərəf dönəndə sağlam olurlar. Özlərindən razı olanlar isə cəhənnəmə gedirlər. Bəs sən nə vəziyyətdəsən? Salehsən, yoxsa pissən?

Məsihin dəvəti Mattaya təsir etdi, o dərhal “durub İsanın ardınca getdi”. Matta bu dəvəti rədd etmədi, o saat itaət etdi. İlahi lütfün qüvvəsi adamı dərhal itaət etməyə ruhlandırır və bütün çətinliklərə qalib gəlir. Məsihin dəvətini qəbul edən Mattanı artıq nə vəzifə, nə maaş – heç nə saxlaya bilməzdi. O, insanlarla məsləhətləşmədi, amma vəzifəsini və varlanmaq arzusunu tərk etdi. Keçmişdə balıqçılıqla məşğul olan o biri şagirdlərin arada öz köhnə peşəsinə qayıtdıqlarını gördüyümüz halda, Mattanın vergi yığma peşəsinə qayıtmasını əsla görmürük.

Məsihin dəvətinə cavab verərək Onun ardınca gedən Matta Məsihi öz evinə qonaq çağırdı və eləcə də çoxlu vergiyığan və günahkarlar dəvət etdi. Başlıca məqsədi, köhnə dostlarını Məsihlə tanış etmək idi. Matta onların nə cür sınaqlara çəkildiyini öz tərcübəsindən çox yaxşı bilirdi, lakin eyni zamanda o Məsihin lütfünün gücünü bildiyi üçün onların dəyişilməyindən də ümidini üzmürdü.

Həqiqətən Məsihə tərəf dönən adam başqalarının da Məsihə dönmələrini istəməyə bilməz. Əsil imanlı mütləq bunun üçün səy göstərər. Həqiqi lütf ilahi nemətləri tək başına yeməkdən əsla zövq almaz, başqalarını da süfrəyə dəvət edər.

Fariseylərin vergiyığanlarla və günahkarlarla oturub-duran Məsihdən lap zəhləsi getdi. Pislərlə oturub-durmaq Allahın Qanununa zidd idi (Zəb. 119:115). Bəlkə də Məsihi şagirdlərinin hüzurunda ittiham edən fariseylərin ümidi bu idi ki, şagirdlər Müəllimlərindən şübhə edərlər və fariseylərin mühitinin yaxşı insanlardan ibarət olduğunu görüb onların şagirdi olarlar, çünki fariseylər “dənizi və qurunu dolaşırlar ki, bir nəfəri dinə gətirələr”.

İsa dini təfəkkürdə böyük inqilab törətdi, çünki mömin, dindar adamları həlak olan xəstələr adlandırdı, peşman olan günahkarları isə saleh saydı. Özünü Allaha və insanlara məqbul olan düzgün adam hesab edənlər çox vaxt ən böyük təqsirkarlar olur, lakin öz pisliyinə görə xəcalət çəkən, ayıb işlərini etiraf edən adam Allahı razı salır və Məsihin “Adrımca gəl!” dəvətinə cavab verəndən sonra Allaha məqbul olacaqdır.

Müjdəyə etiraz edən bəzi adamlar burada da bir ziddiyyət tapırlar. Mat. 9:9-da Məsihin Matta adlı bir vergiyığanı çağırmasından bəhs olunur, lakin Mark 2:14-də bu vergiyığan Halfay oğlu Levi, Luka 5:27-də isə sadəcə olaraq Levi adlandırılır. Bu məsələni nəzərdən keçirək:

  1. Bu müəlliflərin təsvir etdiyi gerçəklik eyni şəxsdən bəhs etdiklərini bildirir. Müjdəçilərdən hər biri o adamın vergiyığan olduğunu və Məsih onu dəvət etdiyi zaman vergi yığılan yerdə oturduğunu nəql etmişdir.
  2. O zəmanədə adamın iki adının olması adi hal idi. Məsələn, Peter həmçinin Şimon və Kefa olaraq adlandırılırdı. Bizim zəmanəmizdə də insanlar müəyyən hallarda, məsələn dinini dəyişdikdə, öz keçmiş həyatını rədd etməsinin rəmzi olaraq özlərinə yeni ad götürürlər.
  3. Bəzi Müjdəçilər Mattanın atasının adını buraxmışdılar, axı “vergiyığan”, yaxud “vergi yığılan yerdə oturan” deyəndə hamı kimdən bəhs olunduğunu çox yaxşı anlayırdı.

DUA: Ey Səmavi Ata, Sən bilirsən ki, mən necə pis adamam, Sən bütün təqsirlərimə agahsan. Sənə çox-çox minnətdaram ki, Sənin Oğlun məni dəvət edib və Sən məni rədd etməmisən. Məni hər cür günahdan, qürur və hiylədən təmizlə, qoy günah içində yaşamayım, lakin Sənə bağlanım və Oğlun İsa ilə birləşərək hər zaman Sənin məhəbbətin naminə xidmət edim!

SUAL:

  1. Məsihin Mattanı dəvət etməsi əhvalatından nə öyrənirik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:41 AM | powered by PmWiki (pmwiki-2.3.3)