Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 081 (Wise Man and Foolish Man)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
4. Səmavi Padşahlığın Konstitusiyasının yekunu (Matta 7:7-27)

f) Ağıllı və ağılsız adamlar məsəli (Matta 7:24-29)


MATTA 7:24-27
24 Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. 25 Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. 26 Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. 27 Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar».

Sənin üzərinə hökmən həm mənəvi, həm də maddi sellər və yellər hücum edəcək, çünki imansız bəşəriyyət Allahın qəzəbi altındadır və Allah-Taala Öz sülhünü bizim dünyamızdan götürüb. Biz Məsihin ikinci gəlişindən öncəki müsibətlər içində yaşayırıq. Ərəb dilində “Salaməleyküm!” sözü bir sülh diləyidir. Ancaq salaməleyküm söyləməklə sülh olmur, ətrafımızda müharibələr davam edir, cəmiyyətdə şər artır. Bəs sən, ey qardaşım, bu dəhşətli əziyyətlərin içində necə ayaqda qalarsan?

Məsih bizə təsəlli sözləri ilə cavab verdi: “Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim”. Qorxma, çünki ölümdən dirilən Rəbb sənin həyatın üçün möhkəm təməl və bütün brilyantlardan qiymətli bir xəzinə olan müqəddəs İncili verdi. Biz yaşamaq və ölmək, çalışmaq və dincəlmək, sevinmək və kədərlənmək üçün bu əzəmətli İncildən güc tapırıq. İncil bütün xəstəlik və nasazlıqların dərmanıdır. Allahın Kəlamını həyatının əsasına qoysan, ağıllı və müdrik olarsan, əsla sarsılmazsan, Allahın “Cəsarətli ol, oğlum, günahların bağışlandı!” deyən sevimli Oğlunun səsini bilərək ilahi qəzəb fırtınası içində möhkəm durarsan. Məsih Özü sənin gələcəyinin möhkəm əsasıdır.

Çarmıxa əsaslanmayan fəlsəfə və təlimlərdə həyatını quran adamın vay başına. Çünki bunlar adamı aldadır, insanı və bəşəri nailiyyətlərini ucaldır, lovğalandırır. O zaman insan özündə yaxşı bir şey olmadığını dərk etməyə başlayır və məyus halda qorxuya qapılır. Yalançı və hiyləgər rəhbərlərin dalınca qaçır, onların boş şüarlarına inanır və insanlar arasında boş fikirlər yayır. Müjdəni eşidib qəbul etməyən yığın-yığın insanlar asanlıqla yalançı məsihlərin qurbanı olurlar, onları sevərək satın alan Səmavi Ataya qarşı isə küfr edirlər.

Lakin sən Yaxşı Çobanın səsini tanıyırsan. O bağırmaz, səs qaldırmaz, lakin ardıcıllarını əbədi olaraq Öz həqiqətində qoruyar. O onlara güc verib, Onun məhəbbətinin qüvvəsi ilə, ümidinin səbri ilə xeyirli işlər görməkdə kömək olar və heç kəs onları Onun əlindən qapa bilməz. İsa və Ata birdir və heç kim bizi Səmavi Atamızın əlindən qapa bilməz. Məsih yaşayır və əbədi olaraq var olan vahid Allah kimi Atası və Müqəddəs Ruh ilə birlikdə hökmranlıq edir! O tezliklə gələcək və Müjdəyə əməl edənləri ruhani Padşahlığına qəbul edəcək; indi isə onlar Onu gözləyirlər və pak həyat sürərək, Müqəddəs Ruhunun bəhrələrini verərək Onun yolunu hazırlayırlar.

MATTA 7:28-29
28 İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, 29 çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.
(Yəh. 7:16,46; Həv. 2:12)

Məsih həqiqi İnsandır və həqiqi Allahdır və bütün sözlərində səlahiyyət var. Məsihin sözləri daş ürəkləri yumşaltmağa, salehliyə susamış olanları xilas etməyə, qəlbi sınmış olanlara şəfa verməyə qadirdir. Bu gün bizə böyük şərəf verilib – biz bütün susamış olanlara xilas barəsindəki Müjdəni yayaraq misilsiz Xilaskarımızın xeyirxahlıq və əzəmətindən danışa bilərik. Xilaskarımız həmçinin qiyamət günündə hamını mühakimə edəcək olan əzəli Hakimdir.

Sən də öz mühitində Allahın Kəlamını yay, qoy bu axır günlərdə çoxları xilas olsunlar. Zehni qabiliyyətinə, biliyinə, bəşəri istedadlarına çox arxalanma. Vahid Allah olan Ata, Oğul və Müqəddəs Ruhu izzətləndir. Onda İsanın bu sözləri həyatında bir gerçəkliyə çevriləcək: “Mən dövrün sonuna qədər hər gün sizinləyəm” (Mat. 28:20).

DUA: Ey müqəddəs Ata, Sənə şükür edirik, çünki Sən xilasımız barədəki Kəlamı yazmaları üçün həvarilərə ilham verdin. Sən bizi Öz Oğlunun qanı ilə xilas etdin, Öz qüvvətinlə bizə həyat verdin. Bizi məhəbbətində qoru! Xilasına can atanların hamısına xeyir-dua ver! Bizdə Öz lütfünlə işlə, qoy biz öz mühitimizdə xilas barəsindəki Müjdəni yayaq və sevimli Oğlunun gəlişinə birlikdə hazırlanaq!

SUAL:

  1. Həyat üçün möhkəm təməl nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:39 AM | powered by PmWiki (pmwiki-2.3.3)