Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 052 (Law of Moses in the Law of Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi

c) Məsih Qanunu ləğv etmir, lakin yerinə yetirir (Matta 5:17-20)


MATTA 5:17-20
17 Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. 18 Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. 19 Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. 20 Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.
(Luka 16:17; Rom. 3:31; 10:4; Yaq. 2:10; 1Yəh. 2:7)

Məsihin səni Müjdəni yaymaq xidmətinə şəxsən çağırdığına əmin deyilsənsə, insanlara Müjdəni yayıb təlim öyrətməyə tələsmə, axı bu işdə təkcə sözlərin deyil, əməllərin də nəzərə alınır. Danışdığını, öyrətdiyini özün etmirsənsə, ikiüzlü yalançı çıxırsan. Təmiz həyat sürmürsənsə, şəhadətin puç olur. Sözlərini əməllərinə görə mühakimə edəcəklər.

Musanın Qanununu və Məsihin Müjdəsini kamil şəkildə öyrədən yeganə Müəllim Məsihin Özüdür. O bizə nümunədir. O, Qanundan heç bir əmri belə pozmayıb, lakin öz təlimi, şərhləri, nümunəvi həyatı ilə onları yerinə yetirdi. Məsih Özü uca Şəxsiyyəti ilə Əhdi-Ətiq vəhyinin dəyişməzliyini müdafiə etmişdir. Allahın Oğlu Özü Tövratın və Peyğəmbərlərin dəyişməzliyini təsdiq edirsə, onların təhrif edildiyini kim iddia etməyə cürət edər? İlahi Vəhydən heç bir hərf və heç bir nöqtə belə əsla dəyişilməyib. Tövrata, habelə iman atalarına, müqəddəs peyğəmbərlərə verilən vədlərə və əmrlərə xor baxmaq səfehlikdir. Çünki Allah qədimdən insanlarla tarix vasitəsilə danışıb. Allahın Kəlamı xəyali fəlsəfə deyil, Allah Əhdi-Ətiqdə günahkar insanları seçib onlarla əhd bağlamışdı. Onları Öz Qanunu ilə istiqamətləndirdi, qəzəbi ilə cəzalandırdı. Əhdi-Ətiqə qarşı etiraz edənlər əslində çox bədbəxt insanlardır, çünki onlar Allahın Kəlamını rədd edirlər və nəticədə Allahın Özünü də rədd etmiş olurlar.

Allahın Kəlamını kamil şəkildə öyrətməyən, onu bir az dəyişdirən, vəhyin mənasını sadələşdirən adamlarn vay başına! Onun boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atsaydılar, onun üçün daha yaxşı olardı. Allahın Kəlamını dəyişdirən, təhrif, yaxud tənqid edən adam nəinki özünə, həm də yeni imanlılara zərər verir. Məsih səni Müjdəni yaymağa dəvət edirsə, sən özün həlak olmamaq və başqalarını həlaka aparmamaq üçün Onun Kəlamını qorxu və lərzə ilə elan etməlisən.

Məsih səni yalnız Əhdi-Ətiqə dəvət etmir, O ilk əvvəl səni Onun kəramətli Şəxsinə dəvət edir. O Özü Allahın Kəlamının təcəssümüdür. O Özü aramızda məskən salmış Qanundur, Atasının məhəbbətinin ifadəsidir. Cansız hərfdən yapışmayaq, aramızda yaşayan və yer üzündəki həyatı ilə Qanunu yerinə yetirən Allahın Oğluna bağlanaq. O bu gün sədaqətlə bizim üçün vəsatət edərək Qanunu yerinə yetirməyi davam etdirir və gələcəkdə yer üzünə qayıdacağı zaman Onu tamamlayacaq. O zaman Qanuna ehtiyac qalmayacaq, çünki göy və yer keçib gedəcək və Rəbbimiz Ruhdan doğulmuş ruhani insanların yaşayacaqları yeni göyü və yeni yeri yaradacaq.

Lakin biz hələ yer üzündə ikən Məsihin şagirdlərinə verdiyi əmrə əməl etməliyik: “Bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin” (Yəh. 13:34). Məsih bu sözlərlə Musanın Qanununu yekunlaşdırdı və Özünü məhəbbətimizin meyarı elədi. O bizim üçün Qanunun mücəssiməsidir, çünki O öyrətdiyi kimi yaşamışdır.

Bəşər Oğlu bilir ki, heç kəs Onun Qanununu kamil şəkildə yerinə yetirə bilməz. Buna görə O Öz qurbanı ilə insanın büsbütün saleh sayılması üçün yol açdı və Öz ardıcıllarına Onun əmrlərini yerinə yetirmək qabiliyyətini verdi. Gəlin, Allaha və insanlara öz gücümüzlə deyil, Onun lütfünün gücü ilə xidmət edək, necə ki həvari Paul dedi: “Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi” (Rom. 8:2). Buna görə, nə Musanın Qanunu, nə də Məsih Qanunu bizə ağır yük kimi əziyyət vermir, əksinə, bunların ikisi də bizim üçün sevinc, salehlik və həyat olmuşdur.

Xülasə: Musanın Qanunu bizə müqəddəsliyi öyrətmək, bizi məhkum edib tövbəyə yönəltmək üçün verilib, lakin Məsih bizim əvəzimizə Qanunu yerinə yetirməyə gəldi. Müqəddəs Ruh isə Özü Qanundur, çünki O bizim daxilimizdə məskən salır və bizə Allahın iradəsini yerinə yetirməkdə kömək olur.

Qeyd edək ki, Allahın Öz Qanununa verdiyi əhəmiyyət “ən kiçik bir hərf… bir nöqtə” kimi bizə dəyərsiz gələn kiçik detallarda belə təzahür edir. Çünki Allahla əlaqədar olan, üstündə Allahın möhrü olan hər şey, nə qədər xırda görünsə də, əbədi qalacaq. İnsanların qanunlarında çoxlu qüsurlar var, amma Allah Öz Qanununu qoruyur və ən kiçik bir hərfə, bir nöqtəyə qədər hər şeyin yerinə yetirilməsini tələb edir.

DUA: Ey Ata, Məsih Öz məhəbbəti və hikməti ilə Qanunu yerinə yetirdiyinə görə Sənə şükür edirik və Səni ucaldırıq! Çoxlu təqsirlərimizi bağışla! Sənin Ruhunun qüvvəsiylə səbir və mərhəmət göstərməyi bizə öyrət, qoy biz Məsih kimi həyat sürək, ürəyimizdəki Ruhun Qanununa görə Məsihin qüvvəsi ilə yaşayaq!

SUAL:

  1. Allahın Qanununu necə yerinə yetirə bilirik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:34 AM | powered by PmWiki (pmwiki-2.3.3)