Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 150 (True Faith is a Gift)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

k) Həqiqi iman Ata Allahdan verilən ənamdır (Matta 16:17-20)


MATTA 16:17-20
17 İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır. 18 Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. 19 Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq». 20 Bu sözlərdən sonra İsa şagirdlərə qadağan etdi ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar.
(Mat. 11:27; 18:11; 17:9; Yəh. 1:42; Ef. 2:20; Qal. 1:15-16)

İsa həqiqətən Məsih olduğunu inkar etmədi, əksinə, Peterin iman iqrarı ilə tam razılaşdı və Peterə bəxtiyar dedi. Peter ağlı və ya təcrübəsi ilə deyil, birbaşa Müqəddəs Ruhdan aldığı vəhy ilə bu sirri qavradı. Həqiqi bilik Allahın Ruhunun işidir və Allahın Ruhu Məsihi ucaldır. Düzgün iman da məntiqi düşüncə və ya təxəyyülün nəticəsi deyil, Allahın ənamıdır. İsa Özünü “Allahın Oğlu” kimi qəbul etməklə Yaradanı Öz Atası adlandırdı. Lakin İsa, bəzilərindən fərqli olaraq, Allaha Ata dedikdə əsla fiziki əlaqədən doğulmaq fikrini nəzərdə tutmazdı. Belə fikri Allah bizdən uzaq eləsin! Məsih ruhani mənada əzəldən Allahdan doğulan Oğuldur. Onun Bakirə Məryəmdən doğulması, varlığının başlanğıcı deyildir, çünki Onun varlığı əzəlidir. Məsih doğulduğu zaman bizi Öz Atası ilə barışdırmaq üçün bəşər olmuşdur.

Məsihin Allahın Oğlu olduğuna iman edirsənmi? Edirsənsə, əbədi yaşayacaqsan! Onun Allahın Oğlu olduğunu açıqca iqrar edirsənmi? Edirsənsə, səadətə qovuşacaqsan! Çünki İmanlılar Cəmiyyəti, Atanın ilhamı və Müqəddəs Ruhun işi sayəsində etdiyi bu iqrarla böyüyür. Məsihin Cəmiyyəti Peter kimi zəif bir adam üzərində qurulmamış, ancaq İsanın Allahın müqəddəs Oğlu olması barədəki cəsarətli iqrarı üzərində qurulmuşdur.

Bu şəhadət cəhənnəmdən qüvvətlidir, günahdan daha böyük təsirə malikdir. Heç bir ruh, heç bir cin bu ilahi həqiqətə qarşı dura bilməz. “Allahın Oğlu” adı günahın zəncirlərini qırıb, günahkarları əbədi azadlığa qovuşdurur. Məsihin bu adına iman edən adam Onun yaşayan Cəmiyyətinə daxil olur. Ona şəhadət edən adam günahkarları cəhənnəmdən xilas edir. Bu misilsiz adı rədd edən adam isə əbədi olaraq Allahın qəzəbinə uğrayacaq!

İsa Məsihi yaşayan Allahın Oğlu olaraq qəbul etmək, göylərə aparan qapını açan açardır. Bunu imanla iqrar edən hər kəs xilas olacaq. Rədd edən isə həlak olacaq. Yeri gəlmişkən qeyd edək ki, heç bir adam, hətta Peter belə öz kefinə göylərin qapısını aça bilməz. Bu iki şəhadət: İsanın Məsih olması və Allahın tam bütövlüyünün bədəncə Onda yaşaması barəsində şəhadətlər bizi Müqəddəs Üçlükdə vahid olan Allahla birləşdirir. Ona bağlanan adam saleh sayılacaq, Onun adını iqrar edən də çoxlarını xilas edəcək.

DUA: Ey müqəddəs Ata, Peteri Müqəddəs Ruhla ilhamlandırdığına, Ona Məsihin adını açdığına görə Sənə şükür edirik! Peter Sənin Allahın Oğlu Məsih olduğunu iqrar etdi. Səsini eşitmək üçün ürəyimizi, zehnimizi aç! Sənin Oğluna baxıb Ata olduğunu dərk edək və çoxlarının yanlış fikirdən azad olmaları üçün Sənin həqiqətin barədə aləmlərə şəhadət edək!

SUAL:

  1. Göylərin açarı və İmanlılar Cəmiyyətinin təməli nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:54 AM | powered by PmWiki (pmwiki-2.2.109)