Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 073 (Trusting the Providence)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
3. Pis niyyətlər üzərində qələbə (Matta 6:19 - 7:6)

b) Səmavi Atanın qayğısına güvən (Matta 6:25-34)


MATTA 6:25-34
25 Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? 26 Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? 27 Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 28 Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29 Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30 Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31 Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. 32 Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33 Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34 Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!
(Luka 12:22-31; Rom. 14:17; Fil. 4:6; 1Рет. 5:7)

İsanın Səmavi Atanın qayğısı barədəki bu təlimi necə möhtəşəmdir! Bu sözləri eşidən və iman edən ürəyində əbədi sülhü hiss edir. Uşaq dünyəvi atasının qayğısına inandığı kimi, İsa bizdə Ata Allaha, Onun bizə olan məhəbbətinə iman etməyi və güvənməyi öyrətmək istəyir.

Allahın məhəbbəti ilə dolu, pul yığmaq həvəsindən azad, pulunu daima qurban verməyə hazır olan adamı şeytan başqa yolla sınağa çəkər, ona belə pıçıldayar: “Pulun çatmayacaq! Birdən xəstə düşərsən, kim sənə baxacaq? Paltarın da köhnəlib, qiymətlər isə qalxıb. Hər yerdə iqtisadi böhran baş alıb gedir. Gərək sən özünü təmin edəsən! Öyrən, çalış, pula qənaət et ki, pulunla yaxşı dolana biləsən!”

Lakin Allahın Ruhu sənin bu qayğılarına görə meydana gələn narahatlığına qalib gəlir, Allahın xeyirxah Atan olaraq qeydinə qaldığını göstərir. Bu demək deyil ki, sən boş-bekar oturub Allahın göydən sənin üzərinə xeyir-bərəkət tökəcəyini gözləyə bilərsən. Ancaq Məsihin məhəbbəti səni elə azad edir ki, sən qorxmadan, tamah etmədən, sakit ürəklə zəhmət çəkə bilirsən. Məsih ilə şərikliyin səni qayğılardan qurtarır və sən hər şeyi yaradan və saxlayan Səmavi Atanın məhəbbətinə güvənirsən.

Əkmədikləri ilə qidalanan, qida olan yerə sərbəstçə uçan quşlara fikir ver. Sənin Ona “uçmağını” arzu edən Səmavi Atanın sənin ruhunu azad edəcəyi daha yəqindir, çünki yalnız O həqiqətən sənin qayğına qalır, yaxşılığın üçün çalışır. Sən görəcəksən ki, O səni düşünür, sənə iş verir, həlim və sadiq olmağına kömək edir.

Səmavi Atan sənə heyranedici bədən verib. İnsan bədənindəki həyat elə bir sirdir ki, alimlər hələ onu dərk edə bilmirlər. Yaradanın əzəmətini göstərən güllərin, meyvə ağaclarının necə yetişdiyini görmüsənmi? Bitkilərə mikroskopla bax və düşün. Bir qızılgülü iylə və bil ki, kainatın gözəlliyi və nizamı, ulduzları idarə edən, onların ətrafında fırlanan bütün nüvəciklərin sayını bilən qadir Yaradanın izzətinin şöləsindən başqa bir şey deyildir. O, Atan olduğuna görə, səni tanıyır, sevir, qayğına qalır. Dünyada olan hər şey yaradılmışdır, sən isə Allahın Ruhundan doğulmusan. Sənə görə Məsihi qurban verən Allah səni unudarmı?! Ola bilməz ki, Səmavi Atan həyatının hər anında səni düşünməsin! Sən qayğı çəkirsənsə, bu onu göstərir ki, imanın azdır. Sənin deyingənliyin küfrə bərabərdir. Allahın məhəbbəti dərya kimi, mərhəməti səma kimidir. O sənə buyurur: “Qorxma, çünki Mən səni satın aldım, səni adınla çağırdım, sən Mənimsən”.

Allahın sözlərini düşün, xilasını araşdır. Məsihin təlimini dərindən öyrən, xidmətinlə Allahın Padşahlığını həyata keçir. Hər cür inamsızlıq, qayğı, acılıq, deyingənlikdən əl çək, gecə-gündüz qayğına qalan Səmavi Atana güvən. Onda Məsih bütün narahatlığına qalib gəlməyinə kömək edəcək, Müqəddəs Ruh sınaqlarda sarsılmamağın üçün səni qüvvətləndirəcək. İmansızlar maddi şeyləri axtarırlar, lakin Allah səni Ona tərəf dönməyə dəvət edir. Dünyəvi şeylərə baxma, sənə haqq yolu göstərən Allahdan bərk yapış. Onunla sən əbədi həyata daxil olacaqsan. Bədənin bir gün mütləq oləcək, lakin bu, son olmayacaq, çünki ruhani həyatın Məsihlə birlikdə Allahdadır. Qoyma ki, qorxu, böyük və ya kiçik qayğılar imanına qalib gəlsin. Atanın inayətində qal, çünki O səni həyat və xidmət üçün lazım olan hər şeylə təmin etməyə hazırdır. Hər zaman Onu şərəfləndir və Ona güvən.

Sən Allah üçün və Allahın prinsipləri üçün çalış, o zaman həyatında hər şey öz-özündən düzələr, çünki Allahın hüzuru həyatını təqdis edəcək. Rəbbin Duasındakı xahişləri düzgün ardıcıllığı ilə öyrən və Padşahlığın mənasını da, həyatındakı məqsədini də, Atanın sənin qayğına qaldığını da biləcəksən. Onun adını müqəddəs tut, Padşahlığı üçün çalış, sözlə, dua ilə, qurbanla Müjdəni yay. İlk öncə özünə görə çalışma, lakin Səmavi Padşahın salehliyini ucalt, Onun Padşahlığının hüquqlarına, qüdrətinə şəhadət et ki, itmiş adamlar xilasa qovuşsunlar. O zaman Padşah Özü sənin işlərinə baxacaq, səni Öz öhdəsinə götürəcək, bütün həyat sahələrində sənə xeyir-dua verəcək!

DUA: Ey Ata, lütfünə, qayğına, günahlarımızı bağışladığına görə Sənə şükür edirik! Hər çətinlikdə bizə kömək etdiyinə, dünyada və axirətdə həyat üçün lazım olan hər şeyi verdiyinə görə Sənə şükür edirik! Bizi deyingənlikdən, iman qıtlığından qoru, bizdə Sənin məhəbbətinə böyük inam yarat! Bizi özümüzə görə həddən artıq narahat olmaqdan azad et, qoy biz hər şeydən əvvəl Sənin Padşahlığınla maraqlanaq, Sənin salehliyini yaymaq barəsində düşünək!

SUAL:

  1. Niyə Məsih qayğı çəkməyi qadağan edir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:38 AM | powered by PmWiki (pmwiki-2.2.109)