Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 111 (Christ’s Appearance to Paul; The zealots’ plot against Paul)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

6. Məsihin gecə vaxtı Paula zühur etməsi (Həvarilərin İşləri 23:11)


HƏVARİLƏRİN İŞLƏRİ 23:11
11 O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır».

Paulun vicdanı daim təmiz idi, çünki o gecə-gündüz Allaha xidmət edirdi. Yerusəlimə çatanda o, müdriksizcə hərəkət etmədi, baş verən çəkişmə onun ucbatından olmadı. O, Müqəddəs Ruhun səsinə itaət edirdi və ölməyə belə, hazır idi. Lakin Rəbbin onun üçün başqa bir planı var idi. Qaranlıq gecədə Rəbbin Özü ona görünüb dedi: “Cəsarətli ol, qorxma! Ölüm ac qurdlar kimi sənin ətrafını dolansa belə, hələ ölmək vaxtın gəlməyib. Onlar sənə zərər verməyəcəklər, çünki Mən səninləyəm. Mən vəhşi heyvanların ağızlarını bağlayacağam, sənin ətrafında odlu divar kimi olacağam!”

Bütün qardaşlar Paulu tərk etmişdi. Nə Asiya, nə də Avropada heç kəs onunla birlikdə zindana gəlməmişdi. Nə Yaqub, nə də onun imana gəlmiş minlərlə yəhudiləri həvarinin köməyinə yetişməmişdilər. Onun üçün vəsatət edən, ona təsəlli verən yox idi. Yalnız Məsihin Özü onun yanında idi, ona təsəlli verir, bəraət qazandırır, onu qüvvətləndirir və ümid verirdi. Ey qardaş, bu dünyada və axirətdə sənin üçün yeganə ümid Məsihin hüzurudur. Paul zindandan belə yazmışdır: “Məsih sizə izzətə qovuşmaq ümidini verir”. Müqəddəs Ruhun qüvvəti barədə bu əminlik ölüm halında və əzab çəkərkən belə, imanlının ürəyində qalır. “Beyin yuma” onu yox etməz.

Məsih Paula əzəldən bəri hazırlamış olduğu nemətləri göstərdi: o, Paulu o zaman dünyanın paytaxtı olan Romaya göndərəcək və Paulun Romadakı şəhadəti onun “xidmətinin tacı” olacaq. Məsihin zəfər yürüşü oraya çatandan sonra məqsədi tamamlanmış olacaq. Ən çətin bir zamanda, ümidsizlik gecəsində Məsih Paula təsəlli verdi və müjdəçi səyahətlərinin bu son hissəsini başa çatdırmağı ona əmr etdi. Müjdənin Yerusəlimdən Romaya yayılması sanki Həvarilərin İşləri Kitabının əsrarəngiz bir şüarıdır. Paul start xəttində dayanan qaçışçı kimi hazır vəziyyətdə idi. Ancaq onun bu son mərhələni qalib gələn azad bir adam kimi deyil, zəncirə vurulmuş bir əsir kimi keçməsi Rəbbə xoş idi. Bununla belə, Paul sözün həqiqi məsihi mənasında azad idi və bilirdi ki, onun başına gələn hər iş Məsihin məsləhəti ilə olur. O vaxtdan sonra Paul həmişə özünü “Məsihin əsiri” adlandırdı. Beləcə zəncirə vurulmuş halda o, paytaxtı Rəbb üçün fəth etmək üzrə Romaya yola düşdü.


7. Qeyrətli yəhudilərin Paula qarşı sui-qəsdi (Həvarilərin İşləri 23:12-22)


HƏVARİLƏRİN İŞLƏRİ 23:12-22
12 Səhər açılanda Yəhudilər öz aralarında Paula sui-qəsd hazırlayaraq and içdilər: «Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!» 13 Bu sui-qəsdə qoşulanların sayı qırxdan artıq idi. 14 Bu adamlar başçı kahinlərlə ağsaqqalların yanına gəlib belə dedilər: «Biz qəti and içmişik: “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” 15 İndi siz Ali Şura ilə birgə guya Paulun işinə daha dəqiq baxmaq istəyərək minbaşıdan xahiş edin ki, onu yanınıza gətirsin. Paul buraya gəlməmiş biz onu öldürməyə hazır olacağıq». 16 Lakin Paulun bacısı oğlu onların pusqu qurduğunu eşidib qalaya girdi və Paula xəbər verdi. 17 Paul yüzbaşılardan birini yanına çağırıb dedi: «Bu cavanı minbaşının yanına apar, ona çatdırılası bir xəbəri var». 18 Yüzbaşı cavanı götürüb minbaşının yanına apardı və dedi: «Məhbus Paul məni çağırıb xahiş etdi ki, bu oğlanı sənin yanına aparım. Sənə bir sözü var». 19 Minbaşı cavanın əlindən tutub bir tərəfə çəkdi və soruşdu: «Mənə nə demək istəyirsən?» 20 Cavan dedi: «Yəhudilər belə razılığa gəlib ki, guya Paulun işinə daha dəqiq baxmaq istəyirlər, ona görə sabah səndən onun Ali Şuraya gətirilməsini xahiş edəcəklər. 21 Amma sən onların sözünə qulaq asma, çünki qırx nəfərdən artıq kişi “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” deyə and içib pusquda gözləyir. Onlar hazır dayanıb sənin razılığını gözləyir». 22 Minbaşı ona belə tapşırdı: «Bunları mənə xəbər verdiyini heç kimə demə». Sonra oğlanı evə göndərdi.

Luka Romada bir vəzifədə işləyən Teofilə qeyrətli yəhudilərin Paulun Ali Şurada sorğu-suala tutulmasının nəticəsindən razı olmadığı və yəhudi xalqı üçün zərərli hesab olunan bu adamı məhv etmək istədiyi barədə yazdı. Onlar hiylə qurub sui-qəsd hazırladılar və Ali Şuraya bu barədə xəbər verdilər. Paul çox təhlükəli vəziyyətə düşdü.

Lakin Məsih elə təşkil etdi ki, romalı minbaşı Paulu qorudu. Paul Roma vətəndaşı idi və bir məhbus kimi minbaşının sərəncamında idi. Minbaşı onu hər cür təhlükədən xilas edə bilirdi. Luka bu romalı zabitin rəftarını müsbət surətdə göstərdi, sanki o bununla öz günahını yumaq istəyirdi.

Bu əhvalatda Luka bizə maraqlı məlumat verir: Paulun bir bacısı, əri ilə birlikdə Yerusəlimdə yaşayırdı. Bu qadının çox fəal uşaqları var idi. Ola bilir ki, Paulun valideynləri yəhudi ənənəsinə görə müqəddəs torpaqda dəfn edilmək arzusu ilə nə vaxtsa ailəlikcə Tarsusdan doğma Yerusəlimə köçmüşdülər. Onların Paul kimi məsihi olub-olmadığını dəqiq bilmirik, amma Paulun bacısı oğlunun fanatik qanunpərəst qiyamçılarla əlaqədə olduğunu görürük. O, qırx qeyrətli yəhudinin Paulu öldürmək üçün sui-qəsd hazırladığından xəbər tutdu. Paulun bacısı bunu biləndə, qardaşını xilas etmək istədi. Öz həyatını təhlükəyə atan qadın məhbus qardaşını bu təhlükədən xəbərdar etmək üçün onun yanına oğlunu yolladı. Paul sui-qəsd haqqında öyrəndiyi zaman, bacısı oğlunu minbaşının yanına göndərdi və o, sui-qəsddən xəbərdar ediləndə bu xalqa qəzəbləndi və dərhal Paulun qorunması üçün tədbir gördü, onu Qeysəriyyəyə göndərməyə qərar verdi. Qeysəriyyədə yaşayan Roma valisinin özünün bu işə dair qərar verməsini istədi.

Yerusəlimdə yəhudilərin vəhdətinə xələl gətirən və hətta Roma dövləti tərəfindən qorunan Paula görə qarışıqlıq yarandı. Bu səbəblər qeyrətli yəhudilərin Paula kin bəsləməsi üçün yetərli idi. Yəhudilər hiylə qurur, Paulu öldürmək üçün and içirdi. Bu andlarla onu öldürməsələr, öz başlarına ağır lənətlər gətirərdilər. Sui-qəsd sürətlə gerçəkləşməli idi və onlar Paulun canını alana qədər heç nə yeməyəcəklərinə və içməyəcəklərinə and içdilər. Lakin onlar çox uzun zaman yeməksiz və susuz qalmağa məcbur oldular, çünki Məsih qulunu qorudu və yeni xidmətə təyin etdi. O, məhbus Paulu Romaya göndərdi və hər kəs gördü ki, həqiqi azadlıq dünyəvi deyil, günahlardan, ölümdən, Allahın qəzəbindən xilasdır. İsa dedi: “Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız” (Yəh. 8:36). Paulun timsalında görürük ki, zəncirə vurulmuş əsir də Məsihin ruhani azadlığına nail ola bilir, çünki Məsih ürəkləri ehtiraslardan və qürurdan azad edir və hamımızı hər vəziyyətdə Allaha həmd etməyə yönəldir.

DUA: Ya Rəbb İsa Məsih, Sənə səcdə edirik, çünki Sən yaşayırsan və hətta həbsdə olan qullarının belə, qayğısına qalırsan. Onları göz bəbəyin kimi qoruyursan! Bizi həmişə Öz hüzurunla qoru və Sənin adına görə həbsdə olan hər kəsə təsəlli ver, qoy onlar təmiz vicdanla qalsınlar!

SUAL:

  1. Niyə qeyrətli yəhudilər Paulu öldürmək istədilər və niyə o, Romaya səyahət etməli oldu?

Altıncı sual vərəqəsi

Möhtərəm oxucu,
Əgər sən bizim Həvarilərin İşləri Kitabı üzrə şərhimizi oxumusansa, aşağıdakı suallara cavab verə bilərsən. Bu vərəqdəki sualların ən azı 90%-inə düz cavab versən, biz sənə bu seriyadan növbəti kitabçanı göndərəcəyik. Cavab vərəqəndə adını, soyadını və poçt ünvanını əskiksiz qeyd etməyi unutma.

  1. Paulun çoxlu yoldaşları ilə birlikdə səyahət etməsinin mənası nədir?
  2. Paulun gənc oğlanı diriltməsi və Troasda Rəbbin Süfrəsinin həftənin birinci günü, yəni bazar günü keçirilməsi nə mənaya gəlir?
  3. Niyə Paul Troasdan Efesə təkbaşına piyada getdi?
  4. Həvari Paul necə və nə haqda vəz etdi və onun vəzini necə yekunlaşdırmaq olar?
  5. Niyə ruhani “çobanlar” hər zaman Allahın sürüsünə diqqətlə baxmalıdırlar?
  6. Niyə vermək almaqdan daha çox bəxtiyarlıq gətirər?
  7. Paul Surda nə etdi?
  8. Niyə Paul Yerusəlimdə əziyyət çəkməkdən qorxmadı?
  9. Niyə Yaqub Paulun məbəddə səcdə etməsi üçün paklanmasını tələb etdi?
  10. Niyə yəhudilər Paulu öldürmək istədilər?
  11. Rəbbin qanunpərəst Şaula zühur etməsinin mənası nədir?
  12. Allahın iradəsi nədən ibarətdir?
  13. Niyə Paul İsanın onu başqa millətlərin yanına göndərdiyini deyəndə, yəhudilər bu sözünə qəzəbləndilər?
  14. Niyə Paul Qanuna deyil, öz vicdanına ümid bağlayırdı və fariseylər Paula, gələcək Məsihə və qiyamətə olan imanına görə bəraət qazandırdılar?
  15. Niyə qeyrətli yəhudilər Paulu öldürmək istədilər və niyə o, Romaya səyahət etməli oldu?

Sənə Həvarilərin İşləri Kitabını tədqiq etməyi başa çatdırmağı məsləhət görürük, çünki bu yolla sən Allahın Kəlamının əbədi xəzinəsini əldə edəcəksən. Cavablarını gözləyir, sənin üçün dua edirik. Ünvanımız aşağıdadır:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:24 PM | powered by PmWiki (pmwiki-2.3.3)