Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 176 (Can a Rich Man Enter Heaven)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

6. Varlılar cənnətə düşəcəklərmi? (Matta 19:23-26)


MATTA 19:23-26
23 İsa şagirdlərinə dedi: «Sizə doğrusunu deyirəm: varlı adamın Səmavi Padşahlığa daxil olması çətindir. 24 Yenə sizə deyirəm ki, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». 25 Bunu eşidən şagirdlər çox təəccüblənərək dedilər: «Elə isə, kim xilas ola bilər?» 26 İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hər şey mümkündür».
(Əyy. 42:2)

Köhnə əhddə var-dövlət Allahın xeyir-duası sayılırdı, möminlər əmlakda Allahın mərhəmətinin əlamətini gördüklərinə görə çox əmlak əldə etməyi sevirdi, yoxsulluq isə lənət və rədd olunmanın əlaməti idi. İsa bu prinsipi tamamilə dəyişdirdi, var-dövlət arzusunun günaha səbəb olduğunu göstərdi; özü də varlılar varlanmaq arzusunda olan yoxsullardan çox günahkar deyillər. Hamının Nicatkara və Onun xilasına ehtiyacı var. Əhdi-Cədidin mahiyyəti məhəbbətdir və köhnə əhdin zamanından fərqli olaraq, maddi rifah artıq möminliyin əlaməti deyildir. İsa insanlara Allahı fədakar məhəbbətlə sevməyi, ardıcıllarına əlində olanı ehtiyac içində olanlarla müdrik şəkildə bölüşməyi öyrədir. Özünü sevən, öz əmlakından əl çəkmək istəməyən və möhtacları sevməyən insan qəlbində yoxsul sayılır. Lakin Allahın məhəbbəti və Məsihin qurbanı adamı qayğılarından, paxıllığından, qəzəbindən azad edir və o, İsa Məsih və elçiləri üçün təvazökar həyat sürür. Özün üçün yaşama! Rəbb və Rəbbin sənə göndərdiyi adamlar üçün yaşa!

Öz pulundan yapışan, öz gələcəyini qızıl üzərində quran hər kəs ağılsızdır və Allahın məhəbbətinə xor baxır. Çünki həm Allaha, həm də sərvətə qulluq etmək qeyri-mümkündür. Əgər sən Allahın sənə göstərdiyi xeyirxahlıq, şəfqət, qayğı və eləcə də bədənin, həyatın və ruhun üçün verdiyi ənamlar üçün şükür etmirsənsə, ancaq daima öz işin, maaşın, sağlamlığın, təhlükələrin barədə düşünürsənsə, bütpərəstdən fərqlənmirsən. Amma əgər Səmavi Atanı bütün qəlbinlə sevir və yalnız Ona güvənirsənsə, ürəyində şükür aşıb-daşacaq.

Lakin kim yer üzündə məğrur-məğrur gəzirsə, dünya malına malik olduğuna görə təşəxxüslə başını qaldırırsa, dəvənin iynə gözündən keçə bilməyəcək. İsanın zəmanəsində şəhər surlarının cənubi qapısı “dəvənin iynə gözü” adlanırdı. Bu dar qapı gecə vaxtı açıq buraxılırdı və o qədər kiçik idi ki, ancaq bir nəfər əyilmiş halda oradan keçə bilirdi. Pul, istedad, güc və vaxt baxımından zəngin olan adamın vəziyyəti belədir. Sən qəlbini sındırmasan, özünü aşağı salmasan, bütün varından, qayğı və günahlarından da azad olmasan, Allahın Padşahlığına daxil ola bilməzsən. Ancaq əgər özünü aşağı tutsan, önəmsiz saysan, öz qəlbini sındırsan, Allahın Padşahlığına daxil olarsan.

İsa yer üzündə həyat sürdüyü zaman həmişə yoxsul və həlim idi, əlindəki ilə kifayətlənirdi. Beləcə Müqəddəs Ruh sənin pulpərəstliyini, varlanmaq arzunu dağıdıb yox etməyə, bu dünyanın aldadıcı xəzinələrindən azad etməyə çalışır. Sən ümidini İsanın qurbanına bağla, əks təqdirdə həyatın və fikirlərin həmişə sərvət bütünə yönələcək. Allah sənin zehnini dəyişdirmək, maddi və xudbin fikirlərini ruhani və fədakar fikirlərlə əvəz etmək istəyir. Bunun gerçəkləşməsi üçün sən öz iradənlə Məsihə bağlanmağa qərar verməlisən.

DUA: Ey Ata, puluma, sağlamlığıma, insanlara ümid bağlamaq adətindən məni azad et! Özümü büsbütün Sənin Oğluna təslim etməyi mənə öyrət! Bizi dünyəvi asılılıqlarımızdan qurtar və bizim uğrumuzda qiymətli canını fəda edən Oğlunun bu qurbanı vasitəsilə bizə fədakarlığı öyrət! Sən bizi sevirsən, qoy biz də Səni və ətrafımızda olan bütün möhtac insanları sevək və Sənin rəhmli adının izzəti naminə ənamlarımızdan istifadə edək!

SUAL:

  1. Niyə varlı adamın Səmavi Padşahlığa daxil olması çətindir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:59 AM | powered by PmWiki (pmwiki-2.3.3)