Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 039 (First Two Disciples)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
C - Məsihin Qalileyadakı xidmətinin ilk mərhələsi (Matta 4:12-25)

2. Məsih ilk iki qardaşı şagirdi olmağa dəvət edir (Matta 4:18-22)


MATTA 4:18-22
18 İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 19 İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 20 Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 21 İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. 22 Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər.
(Mark 1:16-20; Luka 5:1-11; Yəh. 1:35-51)

İsa vəz etməyə başladığı zaman Öz ətrafında şagirdlər toplamağa başladı ki, Ondan öyrəndikləri təlimi daha sonra özləri vəz etsinlər, gördükləri möcüzələri barədə şəhadət etsinlər. Bu ayələrdə Məsihin ilk şagirdlərini necə seçib dəvət etdiyini oxuyuruq.

Bu dəvət xüsusi idi. Məsih bütün xalqa müraciət edirdi, lakin burada O, Atanın Ona verdiyi şəxsləri xüsusi dəvətlə çağırır. Gəlin, Məsihin lütfünün qüvvəsini heyrətlə düşünək, Onun sözünün qüvvəsini öyrənək, insanları Müjdəyə dəvət edə bilmək üçün Ondan bu qüvvəni istəyək. Dəvət bütün ölkədə səsləndi, lakin bu adamlara xüsusi dəvət verildi, çünki onlar başqalarından fərqli idilər. Böyük Müəllim Öz məktəbini açdığı zaman, ilk əvvəl təlim verəcək köməkçiləri təyin etdi. Rəbb insanlara Öz ənamlarını paylamağa, saxsı qablara xəzinəni qoymağa başladı. Bu, Onun imanlılar cəmiyyətinə verdiyi böyük lütfün ilk əlamətiydi.

Görünür ki, bundan sonra Məsihin şagirdlərinin şərikliyi qısa bir müddətə dağıldı. Şagirdlər ailələrini dolandırmaq üçün öz evlərinə qayıdıb balıq tutmağı davam etdirdilər. Ancaq İsa ilə əlaqələri də kəsməmişdi. Vaxtı gələndə İsa bu qardaşları iki-iki çağırırdı. İsanın şagirdləri filosoflardan, ilahiyyatçılardan, varlılardan, yaxud siyasətçilərdən deyil idilər, adi balıqçılardan idilər; onlar zəhmət çəkməyə, dalğalarla, fırtınalarla vuruşmağa adət etmiş adamlar idi. Qəlbi sınmış, Allahdan qorxan, Məsihin gəlişini həvəslə gözləyənlər idi.

İsa onlara bu əzəmətli sözlərlə xitab etdi: «Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». Beləcə O, onların yeni çağırışını əvvəlki peşələri ilə əlaqələndirdi. Onlar yeni çağırışlarının izzət və şərəfi ilə qürurlanmamalı, özlərini hələ də balıqçı kimi görməli idilər. İsanın onlara tapşırdığı yeni işdən də qorxmamalı idilər. Axı onlar balıq tutmağa öyrəşmişdilər, gələcəkdə də vəzifələri buna bənzər olacaqdı. İsa ruhani, səmavi şeylərdən danışarkən, sadə sözlərdən, görünən şeylərlə müqayisələrdən istifadə etməyə adət etmişdi. Davud qoyun otardığı zaman Allahdan xalqını "otarmaq" (idarə etmək) çağırışını aldı. Padşah olandan sonra o hələ də çoban olaraq qalırdı. Allahın xidmətçiləri insan tutan balıqçılardır, ancaq onlar tutduqları "balığı" öldürməzlər, daha yaxşı vəziyyətə gətirib xilas edərlər. Onlar varlanmaq, şöhrət qazanmaq, yaxud özlərini ucaltmaq üçün "insan tutan balıqçılıq" ilə məşğul olmazlar, məqsədləri yalnız insanları Məsihə qazanmaqdır. «Öz rəhbərlərinizə itaətli olun və onlara tabe olun. Axı onlar hər vaxt həyatınız üçün qayğı çəkir» (İbr. 13:17); «Çünki sizdən heç nə istəmirəm, yalnız sizi istəyirəm» (2Kor. 12:14).

Dənizdə işləyən balıqçılara tamaşa etsəniz, cürbəcür üsullardan istifadə etdiklərini görəcəksiniz. Bəziləri suya tilov atıb sahildə durur və balığın tilova gəlməsini səbirlə gözləyir. Belə balıqçılar balıqları bir-bir tutanlardır. Allahın Padşahlığında da fərdi müjdəçilik xidməti var – xidmətçi insanı Məsihə gətirmək üçün onunla təkbətək görüşüb söhbət edir.

Bununla belə, gəmilərə bənzəyən xidmətlər də var – bir qrup balıqçı gəmi ilə dənizə çıxır və böyük bir tor atır, sonra birgə səy ilə toru sahilə çıxardırlar və çox balıq tuturlar. Sözsüz ki, heç kəs tək başına bu qədər böyük işi görə bilməz. İmanlılar cəmiyyətinin çox insanı İsaya qazanmaq üçün dua və xidmət etmək, Müjdəni yaymaq məqdəsilə toplanan qruplara ehtiyacı var. Qrupda hər kəs öz ənamına görə ona düşən işi görəcək və hamı birlikdə Rəbbin xidmətini yerinə yetirəcək.

Bu iki üsuldan başqa, günakarları Allaha qazanmaq üçün daha çox müxtəlif yollar vardır. Bəzi balıqçılar balığı çox uzun gözləməzlər. Sakit sulara üzüb, səkkizayaqlı ilbizə oxşar torlarını hər tərəfdən atar və bu yolla balıq tutarlar. Biz də həmçinin arada insanların Allaha gəlməyə hazır olmalarını gözləməməliyik, özümüz onlara tərəf getməliyik, İsa haqqında nə düşündüklərini soruşmalı və onları Rəbb və Xilaskara gətirməliyik.

Bəzi balıqçılar axşam tor, yaxud tilov atıb evə gedirlər. Səhər qayıdıb balığın gəlib-gəlmədiyini yoxlayırlar. Bəzi imanlılar cəmiyyətləri də beləcə yollardakı reklam lövhələrinə ayələr yazdıraraq, Allahın Kəlamını radio vasitəsilə yayaraq, Müjdənin audio versiyalarını yaradaraq xalqa Allahın məhəbbətini elan edirlər. İnsanlar bu yazıları oxuyanda, yaxud qulaq asanda, Xilaskara iman gətirirlər.

Okeanlarda balıq tutmaq isə tək insanın işi deyildir. Bu işlə nəhəng gəmilər: məsihilərin radiostansiyaları, nəşriyyatları, kitab yayan cəmiyyətləri məşğul olurlar. Bunların hamısı tək gəmidə işləyirlər, kütləvi informasiya vasitələri ilə bəşəriyyətə xilas barəsində xəbəri yayırlar. Bunlar İsaya çox insanı qazandırırlar.

İsa bu dörd adamı müşahidə etmişdi, onları çox yaxşı tanıyırdı. Onlar Onun çağırışına dərhal cavab verdilər, "çörək ağaclarını" qoyub, İsanın ardınca getdilər. Onlar aylıq maaşı düşünmədən, iş saatları barədə yazılı razılıqlar tələb etmədən İsanı axtaran adamlar idi. Ömrünün sonuna qədər xidmət etmək üçün İsa tərəfindən çağırılan heç kəsin pulu, sağlamlığı, hörməti axtarmağa haqqı yoxdur; belə adam yalnız onu Öz himayəsinə götürən Müəllimi düşünməlidir. Bəs sən Rəbbin səni xidmətə çağırdığını eşitmisənmi?

Şagirdlərin öz işləri, qohum-əqrəbaları, çağırıldıqları xidmətin çətinlikləri, yaxud hələ hazır olmadıqları heç ağıllarına gəlməmişdi. Onları dəvəti eşidən kimi itaət etdilər. İbrahim kimi, «hara getdiyini bilməyərək» yola çıxdılar. Lakin ardınca getdikləri Şəxsə tam etibar etdilər.

Məsihin ardınca getmək istəyən hər kəs dərhal «hər şeyi qoyub» Onun ardınca getməlidir. Hər məsihi imanlı sevinə-sevinə hər şeyi qoymalıdır, «atasına, anasına nifrət etməli» (Luka 14:26), yəni onları Məsihdən az sevməlidir və Məsihin məsləhətinə zidd olan öz şəxsi məsləhətlərini qurban verməlidirlər. O ki qaldı özünü xidmətə həsr edən məsihilərə, onlar bütün dünyəvi işlərdən uzaqlaşıb, insandan "hər şeyi" qurban verməsini tələb edən xidmətlə ciddi məşğul olmalıdırlar.

Məsihin şagirdlərinin çağırılmasında biz yalnız Məsihə məxsus olan müstəsna bir qaydanı görürük: Məsih insanları rəhbər olaraq təyin edə bilir və insanlara işini, evini, ailəsini qoyub ardınca getməyi əmr etməyə Məsihdən başqa heş kəsin ixtiyarı yoxdur. Məsih şagirdləri məcburən seçmədi, lakin təsirli sözü ilə çağırdı. O, xidmətçi və şagirdlərini indiyədək bu yolla çağırır.

DUA: Sənə şükür edirik, ya Rəbb İsa, çünki Sən şagirdləri rahat oturmağa deyil, xidmət etməyə çağırmısan. Bizə də nəzər sal, biz iş bacarmayan, pis insanlarıq, Sən bizi ruhlandır! İnsanları Sənə cəlb etməyi bizə öyrət, qoy biz Sənin Müqəddəs Ruhunun köməyi ilə çox insanı və hətta bütöv qrupları belə Məsih üçün qazanaq! Amin.

SUAL:

  1. İsanın «Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız» sözünün mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:27 AM | powered by PmWiki (pmwiki-2.3.3)