Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 056 (The Absolute Necessity of the Testimony of the Gospel)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)
4. Allahın salehliyi Qanuna riayət etmək cəhdləri ilə deyil, yalnız imanla əldə edilir (Romalılar 9:30 - 10:21)

c) Yaqubun övladlarına Müjdəni vəz etmək zərurəti (Romalılar 10:9-15)


ROMALILAR 10:9-14
9 əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. 10 Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur. 11 Belə ki Müqəddəs Yazıda deyilir: «Ona iman edən hər kəs utandırılmayacaq». 12 Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir. 13 Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq». 14 Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər? 15 Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: «Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!»

Həvari Paul Romada olan yəhudi mənşəli imanlıların cəmiyyəti ilə ruhani mübahisəyə başladı və onlara vəzlərin müxtəlif dərəcələri və ayrı-ayrı tərkib hissələri barədə danışdı. Həqiqi iman ürəkdən başlayır, çünki insan ürəklə iman edir. İman bu deməkdir ki, insan sidq ürəkdən inandığı Şəxsə bütün varlığı – beyni, qəlbi və bədəni ilə bağlanır.

İmandan əlavə dilin iqrarı da olmalıdır. Həqiqət qaranlığı qovmalıdır. İman və şəhadət bir-biri ilə bağlıdır. Şəhadət imanla dilə gətirilir və şəhadətin məqsədi bir yandan eşidənlərin anlaması, digər yandan isə şahidin özünün imanında möhkəmlənməsidir.

Məsihin başqa şahidləri ilə birgə Paulun da elan etdiyi iman bir sıra prinsiplər və qənaətlərdən ibarətdir:

1) İsa Rəbdir! O, kainat üzərində hökmranlıq edir və bütün səlahiyyət Ona verilmişdir. Davud açıqca şəhadət etmişdir: “Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək sağımda otur»” (Zəb. 110:1). Həvari Yəhya da Allah Quzusunun taxtda oturduğunu təfsilatı ilə təsvir edir (Vəhy 5:1-14). Paul çarmıxa çəkilmiş və dirilmiş İsanı belə izzətləndirir: “Göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin” (Fil. 2:5-11).

“İsa Rəbdir!” sözü məsihi inancının əsasıdır. Bu sözün mənası odur ki, İsa Məsih həqiqi Allahdır, Müqəddəs Üçlüyün vəhdətində Səmavi Atası ilə birlikdə yaşayır və hökmranlıq edir!

2) Məsihin izzətlənməsi o həqiqətə əsaslanır ki, Müqəddəs Allah çarmıxa çəkilmiş Oğulu ölümdən diriltdi və İsa həqiqətən yaşayır! Məsihin dirilməsi məsihi inancının ikinci rüknüdür. Bəşər Oğlu həqiqətən dirilməsəydi, Onun bədəni çürüyüb yox olardı. Lakin O, qəbrindən qalxdı və ruhani bədəni ilə qayalardan, divarlardan keçməyə qadir oldu. Bütün dinlərin baniləri ölüb gediblər, ancaq İsa yaşayır! Məsihin dirilməsi müqəddəsliyini, qələbəsini, qüdrətini, kamil xilasını sübut edir!

3) Bu həqiqətlərə ürəkdən iman edən hər kəs bunlara dili ilə şəhadət edib xilas olur. Bu əminlik adamı cəsarət və sevinclə İsanın Qalib olmasına şəhadət etməyə ruhlandırır, belə ki o öz şəhadəti ilə Məsihin həyatına, Ruhuna, sülhünə şərik olur. Öz həyatını Məsihin əsasında quran, Məsihə güvənən adam əsla peşman olmayacaq.

4) Bu əminlik artdıqca, Paulun dediyinə görə, Rəbb İsa Məsihə iman edən adam Müqəddəs Allah tərəfindən saleh sayılır, bütün günahlarından azad olur, son məhkəmədə bəraət qazanır, Məsihin ruhani Bədəninə daxil olur və Allahın ruhani ailəsinin üzvü olur. Bunu belə yekunlaşdırmaq olar: imanlılar əbədi olaraq Məsihə bağlanırlar. Məsihi imanlı özünü günahkar sayaraq, günahlarını etiraf edərək, Allah tərəfindən saleh sayıldığını və qəbul edildiyini iqrar edərək tam xilasa və salehliyə nail olur! Şəhadətin özü xilasa səbəb olmur, çünki insan əsas etibarilə yalnız imanla saleh sayılır; lakin şəhadət günahkara bəxş edilmiş bu salehliyi gerçəkliyə çevirir və dərinləşdirir, belə ki onun xilası əməllərində əksini tapır. Salehlik və xilas Məsihdən qaynaqlanır, amma imanlının Rəbb və Xilaskarına olan şəhadəti vasitəsilə gerçəkləşdirilir.

5) Yeni əhddə imana və lütf ilə bəxş edilmiş salehliyə dair dəlillərindən sonra Paul elan edir: “Məsihə iman gətirmiş və lütfü ilə yenilənmiş hər kəs: istər yəhudi olsun, istər xristian – onların arasında fərq yoxdur”. Onların Rəbbi və Xilaskarı birdir. Yəhudiləri nə İbrahim, nə Musa – İsadan başqa heç kəs xilas edə bilməz. Məsihin xilası, qüdrəti, həyatı, məhəbbəti eynilə yəhudilərə və xristianlara məxsusdur. Dünyanın günahını aradan götürən Allah Quzusundan başqa heç kəs hamının uğrunda canını qurban verməmişdir.

6) Paul açıqca söylədi ki, ruhani sərvətə malik olan İsa bu sərvəti Onu çağıranlarla bölüşür (Rom. 10:12-13); Müqəddəslərdən və ya Bakirə Məryəmdən yardım diləmədən, yaşayan İsa Məsihin Özünə ürəyini boşaldan hər kəsə O, Müqəddəs Ruhunu, ilahi qüvvəsini, əbədi məhəbbətini verir. Sən göylərə üz tutub dua etməsən, göylərdə Olandan xilasını, təqdisini diləməsən, heç nə baş verməyəcək. Lütf hər kəsə verilir, amma insan bu lütfü axtarmalıdır (Yoel 2:32). Biz dua edib Onu çağıranda, ürəyimizdə “Abba, Ata!” (Rom. 8:15-16) deyən Müqəddəs Ruhun səsini eşidəcəyik.

ROMALILAR 10:15
15 Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: «Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!»

Bu Ruh bizə günahlarımızı Allah Quzusuna etiraf etməyi və Allahın gələcək qəzəbindən bizi xilas etmək üçün ölüb dirildiyinə görə Rəbb şükür etməyi öyrədir.

Daxilimizdə dua edən Ruh xudbinlikdən çox uzaqdır. Məsihə iman edən təkcə özünə görə dua etməz, Təsəlliverici Ruhun onun yadına saldığı hər kəsə görə dua edər. Məsihiliyin ilk illərində Yaqubun övladları başqa millətlərdə həlak olan adamlar üçün dua etdikləri kimi, biz bu gün yəhudilər və müsəlmanlar üçün dua etməliyik. Müqəddəs Ruhun ilhamı ilə biz Allah Quzusunun Özündən başlanan müjdəçilik hərəkətini davam etdiririk (Həv. 1:8; Vəhy 5:6).

7) Həvari Paul Məsihə iman edən romalı yəhudilərə izah etdi ki, Müjdəni necə yaymalı, öz milli “seçilmişlik” şüuruna necə qalib gəlməli, Müqəddəs Ruhun yönəltməsi ilə necə hikmətlə hərəkət etməlidirlər.

İmansızlar Rəbbə iman etməsələr, Onu necə çağıracaqlar? Bəs Onun barəsindəki düzgün Xəbəri eşitməsələr, Ona necə iman edəcəklər? Sadiq vaiz olmasa, necə eşidəcəklər? Məsih vaizi vəz etməyə göndərməsə, o necə vəz edəcək? Təqsir yalnız imansızlarda deyil, xilası əldə edib bu həqiqətdən danışmayan imanlılardadır. Paul ah çəkib, Rəbbin Yeşaya Peyğəmbərə verdiyi təsəlli sözünü sitat gətirir: “Sülh xəbəri gətirən, dağları aşıb-gələn müjdəçinin qədəmləri necə də gözəldir!...” (Yeş. 52:7). Paulun qənaətincə bu gözəl xəbər ondan ibarətdir ki, İsa yaşayır, hökmranlıq edir və Onun xilası yayılır. İsa Məsihdə olan Allahın Padşahlığı imanlının sevincinin səbəbi və məqsədidir. Amma bu gün kim Məsihin qalib gəldiyinə, hökmranlıq etdiyinə iman edərək, sevincdən cuşa gəlir? Yoxsa hamımız imanda zəifləyib, tənbəl olmuşuq? Bu gün kim “Padşahlığın gəlsin!” duasına cavab verildiyinə inanaraq, “Bəli, ya Rəbb, Padşahlığın bizim ölkəmizə də gəlir!” deyə nida edir?

DUA: Ey Səmavi Ata, Sənə səcdə qılırıq, çünki Sən Bəşər Oğlu İsanı göylərə ucaltmısan, rəblərin Rəbbi və padşahların Padşahı etmisən! Bizə kömək et ki, İsanın ölümdən dirildiyini və Səninlə birgə taxt üzərində oturduğunu hikmət və cəsarət ilə iqrar edək və əbədi həyatın qığılcımı Sənin sözlərini eşidən çox adamın ürəyini alovlandırsın!

SUALLAR:

  1. İman ilə şəhadət arasındakı əlaqə nədir?
  2. Həvari Paulun dediyinə əsasən, iman və şəhadət əməldə necə artır?

www.Waters-of-Life.net

Page last modified on December 14, 2023, at 01:11 AM | powered by PmWiki (pmwiki-2.3.3)