Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 240 (Christ’s Prayer in Gethsemane)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

9. İsanın Getsemanidə etdiyi dua (Matta 26:36-38)


MATTA 26:36-38
36 Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi: «Mən oraya gedib dua edərkən siz burada oturub-qalın». 37 O, Peter ilə Zavdayın iki oğlunu Özü ilə apardı. Özündə bir kədər və narahatlıq hiss etməyə başladı. 38 Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və Mənimlə birlikdə oyaq olun».
(Mat. 17:1; Yəh. 12:27; İbr. 5:7)

Məsih necə əzab-əziyyət çəkəcəyini yaxşı anlayırdı. Bütün dünyanın günahı Onun çiyinləri üzərinə yüklənməli idi. Allah Quzusu rolunu Öz üzərinə götürən İsa, günahı olmadığı halda, bizi xilas etmək, bizə salehlik vermək üçün günah qurbanı oldu. Dünyanın bütün pisliyi Məsihin üzərinə yükləndi, amma Məsihin məhəbbəti heç əskilmədi – O bizim məhkumiyyətimizi Öz üzərinə götürüb bizim əvəzimizə ölərək, başladığı xilas işini başa çatdırdı.

Getsemani bağında şeytan öz fikirlərini İsanın ürəyinə pıçıldadı. İsa dünyanın bütün günahlarını Öz üzərində daşımalı, rədd edilməli, Allahın lənətinə düçar olmalı idi. Atasından ayrı düşmək fikrindən İsanın canı sıxılırdı. Xilaskarımız, doğma atasının onu əbədilik buraxdığını bilən insanın hisslərini keçirtdi. Çünki Ata Allahdan ayrılmaq, şərikliyindən məhrum olmaq həlak və cəhənnəm əzabı deməkdir! Buna görə də İsanın ürəyi çox sıxıldı. Hiyləgər iblis İsaya qorxunc ölüm fikirlərini göndərərək, çarmıx yoluna mane olmağa cəhd etdi. İsa dözülməz zülmətə daxil oldu, dəhşətli kədər və narahatlıq hiss etdi. Ölüm üzərində sahibi olan iblis (İbr. 2:14) ilə üz-üzə gələn İsa Öz ölümünə yox, bizim ölümümüzə görə kədərlənirdi.

Məsih şagirdlərin çox yorulduqlarını bilirdi, ancaq O bizə müqəddəslərin şərikliyinin faydasını öyrətmək istədi. Çətin vaxtlarda hamımızın qardaş-bacıların köməyinə ehtiyacımız olur, çünki “iki adam bir adamdan yaxşıdır” (Vaiz 4:9). İsa şagirldərinə dediyini hamıya deyir: “Oyaq olun!” (Mark 13:37). Biz təkcə Onun ikinci gəlişinin intizarında deyil, indiki xidmətimizdə Onunla birlikdə oyaq olmalıyıq.

Məsihin əziyyətlərinin dərin mənasını və əzəmətini kim dərk edər? O bizim üçün ruhən əzab çəkdi, çünki bizi Allahın ailəsinə gətirməkdən ötəri Müqəddəs Üçlüyün birliyindən ayrılmışdı. Onun kamil qurbanına görə kim Ona şükür edər? Bəs sən Allahla olmaq üçün günahlarından necə tövbə edirsən?

DUA: Ey sevgili Rəbb İsa, kədərinə görə Sənə şükür edirik, ruhən əzab-əziyyət çəkdiyin üçün həmd edirik. Sən günahlarımızı götürdün, bizi təqsirimizdən azad etdin, bizim əvəzimizdə məhkumiyyəti və qəzəbi daşıdın. Bizi günahlarımızdan təmizlə, müqəddəs qanınla pak elə, çünki biz pis qullarıq, Sənə layiq deyilik. Biz zəmanəmizin ruhlarına qarşı dura bilmirik. Sənə yalvarırıq, ey qalib gələn yaşayan Rəbb, bizi hər zaman zəfər yürüşündə apar!

SUAL:

  1. Niyə İsa kədərləndi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:15 AM | powered by PmWiki (pmwiki-2.2.109)