Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 174 (Christ Loves and Blesses Little Children)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

4. Məsih uşaqları sevir, onlara xeyir-dua verir (Matta 19:13-15)


MATTA 19:13-15
13 O zaman uşaqlar İsanın yanına gətirildi ki, İsa onların üzərinə əllərini qoyub dua etsin. Şagirdlər isə onlara qadağan etdilər. 14 Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur». 15 İsa onların üzərinə əllərini qoyub oradan getdi.
(Mat. 18:2-3; Mark 10:13-16; Luka 18:15-17)

Analar uşaqlarını xeyir-dua verməsi üçün Məsihin yanına gətirirdi. Balacaların Məsihə yaxınlaşıb xeyir-dua almağa böyük ehtiyacı var idi, çünki anadan olan hər körpə öz içində ata-babalarından irs aldığı günah toxumunu daşıyır. Heç bir uşaq saleh doğulmaz. Əlbəttə, balaca körpələrin gözlərində əsil saflıq və səadət görmək olar. Lakin başqa uşaqlarla oyun oynayarkən üzə çıxan qürur, qəzəb və nifrətlərində get-gedə böyüyən xudbinliyi görməmək qeyri-mümkündür.

Buna görə Məsih: “Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın!” dedi. Onların xilasa ehtiyacları var. İsanın bu sözləri ilə uşaqların dünyasına axan lütf ümmanı nə qədər böyükdür! Yaşa dolmuş məsihilər “bazar günü məktəbləri” açır, analar balaları ilə birlikdə dua edir, sadiq müəllimlər onları Xilaskara yönəldirlər. Bütün balaca uşaqların Məsihə, bağışlanmağa, təzələnməyə ehtiyacları var. Çünki lütfsüz heç bir uşaq saleh ola bilməz. Uşaqların böyüklərlə müqayisədə bir üstünlüyü var ki, uşaqlar onlara Məsihin məhəbbətini göstərənlərin sözlərinə tam inana bilirlər.

Kaş bütün insanlar öz uşaqlarına kiçik yaşdan Allahın məhəbbətini göstərələr! Anaların öz uşaqlarına Müqəddəs Kitabdan öyrətdikləri, Məsih haqqında danışdıqları şeylər uşaqlar üçün bütün diplom və şəhadətnamələrdən də böyük xəzinə olacaq. Məsihin yanına gələrək Onu şərəfləndirən adam ondan sonra başqalarını Məsihə gətirərək Onu şərəfləndirməyi davam etdirməlidir. Bu yolla o, Məsihin lütfünün hədsiz zənginliyini və əsla tükənməz dolğunluğunu izzətləndirir!

Evlərinizi Allahın Kəlamı ilə doldurun, uşaqlarınıza Müqəddəs Kitabı öyrədin, çünki Məsih Öz qanı ilə onların göylərə girmək haqqını satın aldı. İsa bizi Allahla barışdırdıqdan sonra bütün insanlar göylərə girmək və Yaradana “Ata” demək haqqını əldə etdilər. Biz hamımız Onun balalarıyıq! Sən də bu haqdan faydalansan, bəxtiyar olacaqsan. O zaman hiss edəcəksən ki, İsa əlini sənin başına qoyub sənə xeyir-dua verir.

İsanın şagirdləri analara mane olur, uşaqlarını İsanın yanına gətirmələrinə yol vermirdi, çünki belə xeyir-duanın lazımsız olduğunu düşünürdülər.

Necə gözəldir ki, Məsihin məhəbbət və səbri ən yaxşı şagirdinkindən belə daha çox idi. Gəlin, Məsihi az da olsa axtaran insana xor baxmamağı Ondan öyrənək. İsa Özü əzilmiş qamışı qırmayıbsa, biz də elə etməliyik. Məsihin yanına gəlmək istəyənlər, onlara mane olsaq, çox təəccüblənəcəklər; əgər o insanlar bizi yaxşı insanlar sayır və Məsihin fikrini onlardan yaxşı bildiyimizi düşünürlərsə, təəccübləri çox böyük olacaq.

DUA: Ey Səmavi Ata, Sənə minnatdarıq ki, bizi Öz övladın çağırmısan və Oğlun Öz ölümü ilə bizim üçün övladlıq haqqını əldə edib. Bu uca haqqı ətrafımızdakı bütün insanlara söz və əməllə çatdırmağımıza kömək et, qoy hər birimiz büdrəmə daşı olmayaq, lakin hamımız başqalarını Sənə tərəf yönəldək! Yalvarırıq, analara, müəllimlərə ilham ver ki, Sənin müqəddəs Ata adını hikmət və səmimiyyətlə uşaqlara öyrətsinlər!

SUAL:

  1. Niyə uşaqlar İsanın yanına gəlməlidirlər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:59 AM | powered by PmWiki (pmwiki-2.3.3)