Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 106 (The Jews attack Paul)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

3. Yəhudilərin Paula hücumu və romalı əsgərlərin onun köməyinə yetişməsi (Həvarilərin İşləri 21:27-40)


HƏVARİLƏRİN İŞLƏRİ 21:27-40
27 Yeddi günlük müddət qurtarmaq üzrə Asiya vilayətindən olan Yəhudilər Paulu məbəddə görəndə bütün izdihamı təşvişə salaraq onu yaxaladılar 28 və qışqırdılar: «Ey İsraillilər, kömək edin! Hər yerdə hər kəsə xalqımıza, Qanuna və bu Müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin məbədə bəzi Yunanları gətirərək bu Müqəddəs məkanı murdarladı». 29 Bu Yəhudilər Efesli Trofimi əvvəllər şəhərdə Paulun yanında gördükləri üçün elə bilirdilər ki, onu Paul məbədə gətirib. 30 Bütün şəhər oyandı. Camaat hər tərəfdən qaçıb-gələrək Paulu tutub məbəddən bayıra sürüdü. Dərhal məbəd qapıları bağlandı. 31 Onlar Paulu öldürməyə çalışırdı ki, bütün Yerusəlimin təşvişə düşməsi xəbəri Roma alayının minbaşısına çatdırıldı. 32 Minbaşı dərhal yüzbaşılarla əsgərləri özü ilə götürərək izdiham olan yerə qaçdı. Minbaşı ilə əsgərləri görən camaat Paulu döyməyi dayandırdı. 33 O zaman minbaşı yaxına gəlib Paulu tutdu və əmr etdi ki, onu qoşa zəncirlə bağlasınlar. Sonra soruşdu: «Bu adam kimdir? Nə edib?» 34 İzdiham içində hər ağızdan bir avaz gəlir, qışqırışırdılar. Hay-küydən minbaşı heç nə müəyyənləşdirə bilmədi, ona görə Paulun qalaya aparılmasını əmr etdi. 35 Paul pilləkəndə olanda xalq elə qızışmışdı ki, əsgərlər onu əlləri üstündə aparmalı oldu. 36 Çünki izdiham onun ardınca düşüb qışqırırdı: «Öldürün onu!» 37 Paul qalaya gətirilməkdə ikən o, minbaşıdan soruşdu: «Səndən bir söz soruşmaq olar?» Minbaşı dedi: «Sən Yunan dilini bilirsən? 38 Sən bu yaxınlarda iğtişaş yaratmağa başlayan dörd min qatili səhraya aparan Misirli deyilsənmi?» 39 Paul dedi: «Mən Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərindənəm, məşhur bir şəhərin vətəndaşıyam. Rica edirəm, bu xalqa bir neçə söz deməyə izin ver». 40 Minbaşı icazə verəndən sonra Paul pilləkənlərin üstünə çıxıb diqqəti cəlb etmək üçün xalqa əli ilə işarə etdi. Dərin sükut çökəndə İbrani dilində danışmağa başlayaraq dedi:

Paulun həlimliyinin, məhəbbətinin dərəcəsini dərk etdinmi? O, bir çox döyüşlərdə qələbə çalmış bir ordunun generalı kimi Yerusəlimə böyük qənimətlə gəlmişdi və budur, vətənini tərk etməmiş qardaşlar onun bütün dünyada döyüşə-döyüşə meydana gətirdiyi ruhani oyanışları yadından çıxarmasını və dörd nəfər yəhudiyə nökər kimi xidmət etməsini istəyirlər. Buna cavabən Paul özünü inkar etdi, öz qələbələrini yadından çıxardı və Qanuna qulluq boyunduruğuna girdi. Allahın önündə əhd etmiş bu dörd nəfərin qurbanlıq pulunu verdi və məhəbbət borcunu yerinə yetirdi. Yəhudi qardaşları üçün büdrəmə daşı olmaq istəmədi, ruhda zəif olanların xidmətçisi oldu. Bu yolla o, qardaşların birliyi pozulmasın deyə, cəmiyyətlərdən həmişə yerinə yetirilməsini tələb etdiyi məhəbbət əmrini özü yerinə yetirdi.

Paklanma günləri bitdikdən sonra Asiya vilayətindən və Efes şəhərindən Yerusəlimə qayıdan bəzi yəhudilər gördü ki, Paul Yerusəlimin bazarında gəzir, yanında da bütpərəst mənşəli məsihi Trofim var. Bir müddət sonra Paulu təkbaşına məbədin həyətində görən bu adamlar onun o “bütpərəsti” də məbədə daxil etdiyini zənn edərək qəzəblə qışqırmağa başladılar: “Kömək edin! Kömək edin! Bu adam dinimizi məhv edir və murdar bütpərəstlərin sünnət olmadan, Qanuna riayət etmədən Allahla əhd bağlamasını öyrədir! O, Allaha qarşıdır! Bu yalançını dərhal öz aramızdan qovaq, öldürək!”

Camaat həyəcanlandı. Məbədi və müqəddəs yeri murdar edən adam bütün şəhəri Allahın qəzəbinə düçar edir və xalqın birinci düşməni olur. Müqəddəs yerin murdar edildiyi barədə xəbər şəhəri hərəkətə gətirdi. Xalq küçələrə çıxdı, evlərdə yığıldı. Paulu qəzəblə tutub məbəddən bayıra çıxartdılar. Dini adətə görə, müqəddəs yerdə qan tökmək haram sayılırdı. Qəzəblənmiş xalq bayıra çıxan kimi, mühafizəçilər müqəddəs yerdə müqəddəsliyin və asayişin qorunması üçün darvazanı bağladılar.

Məbədin xaricinə çıxan kimi izdiham yumruqla, təpiklə Paulu döyməyə başladı, onu öldürməyə çalışdı. Bəlkə də Paulun yadına ilk məsihi şəhid Stefan düşüb. İyirmi beş il ondan qabaq Stefan daş yağışı altında can verərkən, Paul gənc idi və bu zorakılığa dəstək vermişdi. İndi belə aqibət onun başına da gələ bilərdi və Məsihin Yerusəlim şəhəri və haqsızlığı barədə söylədikləri bir daha gerçəkliyə döndü: “Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər”.

Heyhat! Yaqubun Paula bəhs etdiyi minlərlə yəhudi mənşəli inamlılardan heç biri Paulun çətin vaxtında köməyinə yetişmədi. Hətta ola bilsin ki, bəziləri bu “qəribə” adamın ölümünə sevinmişdi. Lakin İsanın Öz qulu üçün başqa planı var idi. Paulun hələ ölmək vaxtı deyil idi. Allah onun köməyinə izzətli mələyini deyil, romalı minbaşını göndərdi. Bu komandir əmrindəki zabitlər və əsgərlərlə hadisə yerinə gəldi. Bütün şəhər bu hadisəyə görə təşvişə düşmüşdü. Minbaşının ağlına gələn ilk fikir, qiyama son qoymaqdı. Fanatiklər minbaşını görüb qorxdular, Paulu döyməkdən əl çəkdilər, minbaşı isə dərhal Paulu həbs etdi. Onu cani kimi bağladılar və bu yolla qəzəbli izdihamdan xilas etdilər. Komandir insanlardan təşvişin səbəbini soruşdu, amma böyük səs-küy və qışqırıqlar üzündən aydın bir cavab ala bilmədi. Minbaşı məhbusu qalaya aparmağı əmr etdi. Yəhudilər qəzəbdən bağırdılar, çünki bununla o, Paulu xilas edirdi. Paul qalanın pilləkəninə yaxınlaşanda əsgərlər onu qolları üstündə daşımağa məcbur oldular, yoxsa izdiham onu parça-parça edəcəkdi. Bəlkə də o, yaralarına görə pilləkəndə ayaq üstdə dura bilmirdi. İzdiham bir zamanlar Məsihin çarmıxa çəkilməsini tələb etdiyi kimi, bu vaxt yenə bərkdən qışqırırdı: “Tutun onu! Öldürün! Bu saat öldürün onu!”

Məbədlə üzbəüz olan Antoni qalasının qapısında Paul böyük həlimlik və ehtiramla minbaşıdan təmiz yunan dilində ona qulaq asmasını xahiş etdi. İlk öncə özünün, min nəfəri yoldan çıxardan misirli yalançı peyğəmbər olmadığını başa saldı. Həmin misirli adamın Zeytun dağı yolu ilə səhraya apardığı min nəfər səhrada gələcək “məsih”lə görüşəcəklərini və bu “məsih”in onları ordu kimi döyüşə aparıb Roma boyunduruğundan azad edəcəyini gözləmişdi. Paul belə qiyamçı deyil idi, nəzakətlə danışırdı və romalıların hörmətli bir şəhərində anadan olmuşdu. Paulun üst-başı qana bulaşmasına və az qala ölməsinə baxmayaraq, səsində bir rahatlıq hiss olunurdu.

Minbaşı onun xahişini yerinə yetirdi və danışmasına izin verdi. O ümid edirdi ki, Paulun camaata müraciəti ona da kömək edər və o, Paulla qəzəblənmiş izdiham arasındakı düşmənçiliyin səbəbini öyrənər. Paul pilləkənin yuxarı hissəsində kürsüdəki kimi dayanmışdı. Ola bilir ki, əsgərlər ayaq üstdə dayanması üçün ona kömək edirdi. Camaatın ona diqqətlə qulaq asması üçün əli ilə işarə etdi və danışmağa başladı. O, məbədi murdar etməkdə ittiham edilməsəydi, onun çoxlu yəhudilərə müraciət etmək fürsəti olmayacaqdı. İsa yəhudi xalqına vəz etmək, xalqı ürəkdən tövbə etməyə səsləmək üçün Öz qulunun əzab-əziyyətindən istifadə etdi. Narazı izdihamda nəhs bir sükut çökdü. Hamı bu “yalançı”nın nə deyəcəyini eşitmək, onun söylədiyi hər bir kəlməni anlamaq istəyirdi.

DUA: Ya Rəbb İsa Məsih, Sən bizim uğrumuzda əzab çəkdin və Sənin həvarilərin adına görə əzab-əziyyətə, rüsvayçılığa düçar oldular. Sənin hüzurunda yaşamağı bizə öyrət və Sənin adına sadiq qalmağı bizə nəsib elə! Qoy həyatmızda Sənin iradən olsun və çoxları Sənin Müjdəni eşitsinlər!

SUAL:

  1. Niyə yəhudilər Paulu öldürmək istədilər?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:17 PM | powered by PmWiki (pmwiki-2.3.3)