Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 099 (From Troas to Miletus)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

8. Troasdan Miletə (Həvarilərin İşləri 20:13-16)


HƏVARİLƏRİN İŞLƏRİ 20:13-16
13 Biz irəli gedərək gəmiyə mindik və Assosa tərəf üzdük. Çünki Paulu oradan götürməli idik. O, quru ilə getmək istədiyi üçün bunu belə nizamlamışdı. 14 O bizi Assosda qarşılayanda onu gəmiyə mindirdik və Mitiliniyə gəldik. 15 Oradan da dənizdən üzərək səhəri gün Xios adasının qarşısına və bir gündən sonra isə Samosa çatdıq. Ertəsi gün Miletə gəldik. 16 Çünki Paul Asiya vilayətində vaxt itirməmək üçün Efesi ötüb keçmək qərarına gəlmişdi. O tələsirdi ki, imkan tapıb Əllinci Gün bayramında Yerusəlimdə olsun.

Paulla müxtəlif cəmiyyətlərin nümayəndələri o gecə heç yatmadılar. Səhər tezdən gəmiyə minib Yerusəlimə yola çıxdılar. Paul isə yoldaşlarından ayrıldı, onlar gəmi ilə yarımadanın ətrafında yol getdilər, o isə Assos limanına qədər iyirmi beş kilometr yolu piyada getdi. Paul bir az tək qalmaq, dua etmək, o heyranedici gecənin möcüzəsi üçün İsaya həmd və səna etmək, bütün izzəti vermək üçün kifayət qədər vaxt ayırmaq istəmişdi. Paul qardaşlardan ayrıldı ki, ona qeyri-adi bir şəxs kimi baxmasınlar, ona yaltaqlanmasınlar, amma Troasdakı oğlanın dirildilməsini dərin-dərin düşünüb, bunun İsanın işi olduğunu dərk etsinlər! Bu möcüzə, Allahın fəal qüvvəsinə dair bir dəlil idi, təmiz Müjdənin yayıldığı hər yerdə Allahın çox adamı günah ölümündən diriltməsinin rəmzi idi. Paul uzun məsafələr piyada qət edərdi. Onun bizimkindən daha çox vaxtı var idi. Biz nəqliyyat vasitələri ilə sürətlə ölkədən ölkəyə gedirik, dua etməkdənsə, daha çox danışırıq. Həvari isə təklikdə dua edir və Məsihin əbədi hökmranlığında iştirak edirdi.

Tükriyə və Yunanıstan xəritələrinə diqqətlə baxmısanmı? Bu iki ölkə arasında Mitilini, Xios və Samos adlı böyük adaları tapsan, Məsihin zəfər yürüşünün irəlilədiyi yolu görəcəksən.

Bu dəfə qardaşlar ruhani müharibəyə gedən əsgərlər kimi yola çıxmamışdılar, bol məhsulla dolu gəmiyə bənzəyirdilər. Paul bütün cəmiyyətlərin səxavətlə verdiyi ianəni aparırdı. Həmin ianə Məsihin qurbanının rəmzi olaraq yeni cəmiyyətlərin fədakarlığa adət etməsinə kömək etmişdir. İsanın çarmıxda ölməsindən iyirmi beş il keçmişdi və budur, Onun davamçıları Rəbbin yolunda nəinki ehtiyac içində olanlara qızıl və gümüşünü fəda edir, hətta öz-özlərini diri qurban olaraq Rəbbə təqdim edirdi, onları əhatə edən təhlükələrə, bədbəxtliklərə baxmayaraq, öz vaxtlarını, güclərini qurban verirdilər. Bəs sən Məsihin yolunda canını kamil qurban olaraq fəda etmisənmi? Yoxsa hələ də xəsis və xudbinsən?

Paul Əllinci Gün bayramından əvvəl Yerusəlimə çatmaq istəyirdi. Bu qədim bayram biçin vaxtının sona çatması ilə şükran bayramı olaraq qeyd olunurdu və eyni zamanda Məsihin cəmiyyətinin yaranma bayramı idi. Paul “biçin”də çox böyük məhsul yığmışdı və bu “məhsul” Müjdənin bütün dünyaya yayılması üçün bağlanğıc nöqtısi oldu. Heç kəs Paul qədər çox məhsul yığmamışdır. Müqəddəs Ruhun dua edən şagirdlərə töküldüyü gündən yüz il belə keçməmiş, Yerusəlimdən Romaya qədər bütün mərkəzi şəhərlərdə bu Mübarək Ruhla dolu imanlılar cəmiyyətləri qurulmuşdu. Bu, Məsihin Cəmiyyətinin ilk tarixi dövrünün ən böyük möcüzəsidir. Böyük şəhərlər, qanı bədənin bütün üzvlərinə doğru hərəkət etdirən ürəklər kimidir. Beləcə, Müjdə bütün bölgələrə yayılırdı və bu prosesdə heç bir qılınc zərbəsi, mərkəzi təşkilat, maliyyələşdirmə və dövlətin yardımı olmamışdır. O vaxt hələ yunan dilində İncil Kitabı yazılmamış olsa da, xilas haqqındakı Xəbər ağızdan şəhadət və həvarilərin Məktubları əsasında elan edilmiş və beləcə Xilaskar İsanın adı bütün xalqları nurlandırmışdı. Müjdə Kitabları (İncil) İsanın həyatı və əməllərinin tarixini öyrənmək istəyən yeni cəmiyyətləri möhkəmləndirmək üçün sonradan yazıldı. İmanlılar Cəmiyyətinin ilk kitabları Müjdələr deyil, həvarilərin Məktubları idi və bunlar həvarilərin xilas qüvvəsinə şəhadət edən həyatı ilə təsdiq olunurdu.

Biz bu gün hələ də Məsihin həvarilərindən qaynaqlanan ilahi qüvvə ilə yaşayırıq, çünki onların Məktublarında cəmiyyətlər üçün vəzlər, xəbərdarlıqlar, məzəmmət və təsəlli vardır. Erkən imanlılar cəmiyyətlərinin ruhani həyatını anlamaq istəyirsənmi? Məktubları araşdır. Onda sən indiyədək dünyada Öz işini davam etdirərək, Məsihə iman edənləri təmizləyən, Ona itaət edənləri möhkəmləndirən Müqəddəs Ruhun bol xeyir-duasına şərik olacaqsan.

DUA: Ya Rəbb İsa Məsih, Sənə şükür edirik, çünki Sən təqsir və günah içində ölü olan çoxlarını diriltmisən və lütfün sayəsində Öz Kəlamınla qüvvətləndirmisən. Bizə kömək et ki, özümüzü, bədənlərimizi Səni razı salan əbədi qurban olaraq təqdim edək və təkcə sözlərimizlə, hisslərimizlə deyil, həmçinin əməllərimizlə Sənin yolunu tutaq, vaxtımızı və pulumuzu Sənin istədiyin şeylərə sərf edək!

SUAL:

  1. Niyə Paul Troasdan Efesə təkbaşına piyada getdi?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:10 PM | powered by PmWiki (pmwiki-2.3.3)