Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 195 (Marriage in Resurrection)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)

7. Ölülər diriləndə evlənməzlər (Matta 22:23-33)


MATTA 22:23-33
23 Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular: 24 «Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb ölən qardaşın nəslini davam etdirsin”. 25 Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi. 26 İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər eləcə öldü. 27 Hamısından sonra bu qadın da öldü. 28 İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı». 29 İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız. 30 Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. 31-32 Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır». 33 Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi.
(Mark 12:18-27; Luka 20:27-40; Həv. 4:2; 23:6, 8)

Burada Məsihin sadukeylərlə ölülərin dirilməsindən söhbət etdiyini görürük. Bu söhbət, fariseylərin İsaya qeysərə vergi vermək barəsindəki sual verdiyi eyni gündə baş verdi. O vaxt şeytan İsanı əziyyətə salmaq, məqsədindən yayındırmaq üçün əlindən gələni edirdi. Bu, sınaq zamanı idi (Vəhy 3:10). Əslində, İsada olan həqiqətə həmişə bu və ya digər yolla müqavimət göstərilir.

Məsihin zəmanəsində iki radikal qrup var idi: biri görüntülərə, mələk və ruhların var olduğuna və zahiri dünyaya təsir göstərdiyinə inanırdı; o biri qrup isə ölümdən sonrakı həyatı inkar edirdi. İkinci qrupda olanlar ruhani həqiqətləri qavraya bilmir, yalnız gözləri ilə görə və əlləri ilə toxuna bildikləri şeylərə inanırdılar. Onlar sadukey idilər. Sadukeylər Məsihi fiziki şəkildə məhv etmək fikrində deyil idilər, lakin Onu lağa qoymaq, insanların gözündə alçaltmaq istəyirdilər. Bu məqsədlə onlar guya axirətin olmadığını sübut edən bir nağıl uydurdular. İsa bu nağılın mümkünlüyünü təsdiq etsəydi, bütün ağıllı adamların hörmətini itirərdi; inkar etsəydi, fundamentalist fariseylər axirət əqidəsi üstündə bütün mömin yəhudiləri İsaya qarşı qaldırardı.

Fariseylər ölülərin dirilməsinə inansalar da, axirəti cismani şəkildə təsəvvür edərək yanılırdılar. Onlar düşünürdü ki, axirətdə dünyəvi ehtirasları üçün cürbəcür zövqlər olacaq. Bəlkə də sadukeylərin axirəti inkar etməsinə elə bu cür səhv fikirlər səbəb olmuşdu. Öz ehtiras və dünyəvi maraqları üçün dindən istifadə edən cismani “mömin”lərin inancları allahsızlıq və imansızlığın yayılmasının ən böyük səbəbidir. İsanı rüsvay etmək istəyən sadukeylər özlərini elə göstərdilər, guya fariseylər kimi axirətə inanırlar.

Məsih bu nağılı uyduran adamları cahil adlandırdı: “Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız”. Bu sözlərlə İsa onların məntiqini mühakimə etdi, qürurunu sındırdı və sübut etdi ki, insan ağlı ilə əllaməlik etməklə Müqəddəs Yazını anlamaq qeyri-mümkündür, çünki yalnız Kəlam Allahın qüdrətini və sirlərini anlamaq qabiliyyətini verir. İman edən adam Allahdan ilham almış Kəlamın sirlərinə vaqif ola, ondan səmavi qüdrət əldə edə bilir. Lakin İlahi Yazılara yox, öz ağlına görə Kəlamı öyrənən adam öz-özünü aldadır. İncil Kitabını oxu və dua et ki, əbədi qüdrət və təsəlli əldə edəsən.

İsa dedi ki, imanlılar ölümdən dirildikdən sonra əvvəlki halına qayıtmayacaq, lakin daha yüksək səviyyəyə, ruhani aləmə keçəcəklər. Orada cismani ehtiraslar olmayacaq, boş xəyallar aradan qalxacaq və insan ya pak məhəbbət, sevinc və sülhə qovuşacaq, ya da əbədi olaraq nifrət, əzab və dəhşət içinə qərq olacaq. Yaşayan Məsihə iman edənlər təmiz ürəkli və xoş niyyətli mələklərə oxşar izzətli həyat sürəcəklər.

Məsihə iman edənlər, dünyəvi deyil, səmavi bədəndə diriləcəkləri üçün mələklərə oxşayacaqlar. Ölülər diriləndə insanlar nə evlənir, nə ərə gedirlər, nə də başqa müvəqqəti ləzzətlər arzulayırlar, lakin göylərdəki mələklər kimi Ruhda, həqiqətdə, müqəddəslikdə yaşayırlar. Cənnətdə cinsi əlaqənin olacağını düşünən və arzulayan adam yanılır, əsil Səmavi Kitabları bilmir və Allahın, adamı təzələyən qüdrətini dadmayıb.

Məsihə həqiqətən iman edənlərin hamısı Onun həyat qüvvəsində Onunla birləşir, Allahın sevimli övladları olur, qədim əhddə yaşamış adamlardan daha üstün bir yolla Səmavi Atalarını tanıyırlar. Lütf əhdinin üstünlüyü budur. Allah Məsihi qəbul edən hər kəsi qəbul edir, onlara əbədi həyat verir və onlar ölümdən həyata keçdikləri üçün məhkəməyə gəlməzlər.

İsa İbrahimin, İshaqın və Yaqubun ölü deyil, diri olduğunu öyrədib. Çünki onlar Müqəddəs Ruhun səsinə ürəklərini açmış, Məsihin gəlişinə inanmışdılar. İsaya tərəf dönən diri olacaq. Allahın qüdrəti imanlılarda olan sınaqlara və ölüm toxumuna qalib gəlir, beləcə dirilmə artıq indidən başlayır! Məsih inancı bədbinlik və ölüm deyil, həyat, sevinc və ümiddən ibarətdir. Bizə Müqəddəs Ruhun vasitəsilə bəxş edilmiş bu həyat içimizdə var ikən, biz şəhvət və ləzzətlə dolu cənnəti arzu etmirik, ancaq müqəddəs Allahla izzətli şərikliyi arzu edirik.

DUA: Ey Səmavi Ata, Səni ucaldırıq və Məsihdə bizi artıq ölümdən dirildib həyatına şərik etdiyinə görə cuşa gəlib sevinirik. Biz artıq günah və təqsirlərimizdə ölü deyilik, Sən bizi Oğluna iman vasitəsilə xilas etmisən. Pak Ruhunla doldur bizi! Dost-qohumumuzu ruhani ölümdən dirilt, qoy onlar paklığı arzulasınlar və Məsihin həyatına, sevincinə qovuşmağa can atsınlar!

SUAL:

  1. İsa Allahın yanında olanların diri olduğunu necə sübut etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:04 AM | powered by PmWiki (pmwiki-2.3.3)