Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 128 (Parable of the Sower)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
2. Məsih Səmavi Padşahlığın ruhani böyüməsi barədə məsəllərlə öyrədir (Matta 13:1-58) -- İsanın sözlərinin üçüncü məcmuəsi

a) Səpilən toxum məsəli (Matta 13:1-23)


MATTA 13:1-9
1 O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu. 2 Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu. 3 İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: «Bir əkinçi toxum səpməyə çıxdı. 4 Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. 5 Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. 6 Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu. 7 Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu. 8 Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi. 9 Qulağı olan eşitsin!»
(Mark 4:1-9; Luka 8:4-8)

İsanın sözlərinin üçüncü məcmuəsində müjdəçi Matta Məsihin heyranedici vəz üslubunu göstərir. 5-7-ci fəsillərdə bizə Səmavi Padşahlığın Konstitusiyasını təqdim edən Matta 10-cu fəsildə bu ruhani hökmranlığın yayılmasından bəhs edib, burada, 13-cü fəsildə isə o bizə Padşahlığın böyüməsinin sirlərini öyrədir. Eyni zamanda o, bəzi adamların İsadan üz döndərməsinin səbəblərini izah edir. Bu məsəllər, Məsihə və səmavi Atasına qarşı ürəyini daşa döndərənlərə cavab idi.

İsa hamının başa düşə biləcəyi sadə dildə təlim öyrədərdi. Onun danışdığı gözəl məsəllər dinləyicilərinin dərin düşünməsini tələb edərdi. Məsihin məsəllərinin mənası adətən düşmənlərindən gizli qalardı, şagirdlərinə isə O Özü hər şeyi başa salardı. Məsih məsəlin mənasını tez izah etməzdi; ilk öncə əsas fikrini öyrədər, detalları isə sonradan izah edərdi.

Məsəl dedikdə ümumiyyətlə öyüd-nəsihət verəcək təsirli hikmətli kəlamlar nəzərdə tutulur. Lakin İncildə məsəl təşbehdən, daha doğrusu ruhani və ya səmavi həqiqətlərin adi həyatdan götürülən misallarla təsvir edilməsi üsulundan ibarətdir. Bu cür öyrətmə üsulundan təkcə yəhudi ravvinləri deyil, həm də ərəb və başqa Şərq müdrik üləması geniş istifadə edirdi. Bu yolla faydalı iş daha asan və xoş bir məşğuliyyətə çevrilirdi. Xilaskarımız bu üsuldan xeyli çox istifadə etdi, xalqın dərrakə gücünə görə düşüncə səviyyəsinə endi.

Kefernahumda çox adam İsaya qulaq asmağa gəldiyinə görə, O, qayığa minib sahildən bir az aralanmağa məcbur oldu; beləcə hər kəs onu görə və eşidə bilirdi. Şagirdlərin xüsusi üstünlüyü var idi – onlar sonradan İsa ilə bir yerdə qalıb məsəllərinin şərhini öyrənə bilirdilər. Bu yolla Rəbb şagirdlərini gələcəkdə Onun Müjdəsini yayan həvari xidmətinə hazırlaşdırırdı.

Lakin öz ürəyində Allahın dəvətini eşitdiyinə, Müqəddəs Ruhun incə-incə cəlb etməsini hiss etdiyinə baxmayaraq, Kəlamını yerinə yetirməyən adamın bir daha onu eşitməyə fürsəti olmayacaq. Belə insan yavaş-yavaş ruhani eşitmə qabiliyyətini itirəcək, müqəddəslərin şərikliyindən uzaqlaşacaq və nəticə etibarilə cürbəcür günahlara batacaq. O get-gedə zülmətin qulu olacaq və axırda Xilaskarını rədd edib küfr edəcək, hətta Ona nifrət edən əleyhdarına çevriləcək. Müqəddəs Ruh üçün ürəyini açmaq, Onun dəvətini qəbul etmək istəməyən adam tədricən şər olanın ruhu ilə dolacaq. Beləcə onun ürəyində Məsihə təslim olmaq arzusu büsbütün yox olacaq. Qulağı olan eşitsin!

Bəs sən ruhani inkişafın hansı mərhələsindəsən: göyə aparan yoldasan, yoxsa cəhənnəmə gedirsən? Məsih səni günahlarına baxmayaraq sevir və həyatverici Kəlamını qəbul etməyə çağırır. Biz də İsanın adı ilə sənə üz tutub yalvarırıq: Ona tərəf dön, çünki O səni sevir, Özünə cəlb etmək, şəfa vermək istəyir; O səni tamamilə xilas etməyə qadirdir!”

DUA: Ey Ata, Sən ürəyimi bilirsən. Ürəyimdə məhəbbətinə qarşı inad göstərdiyimə görə məni bağışla! Qoy mən Müjdəni eşitməyə hazır olum və ruhən böyüyüm, qeydsiz-şərtsiz Sənin Oğlunun ardınca gedim! Qoy mən heç vaxt Ondan üz döndərməyim, həmişə Ona bağlanım! Sənin sözlərini eşitməyə həmişə hazır olanlarla birlikdə qoy mən də Onun qüvvəsi ilə təmizlənim və Sənin izzətinin dolğunluğu ilə təqdis olunum!

SUAL:

  1. Ruhani böyümənin və zəifləmənin qaydasını yaz və onu şərh etməyə çalış.

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:50 AM | powered by PmWiki (pmwiki-2.3.3)