Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- The Ten Commandments -- 06 Fourth Commandment: Remember the Sabbath Day, to Keep it Holy

Previous Lesson -- Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

06 - DÖRDÜNCÜ ƏMR: ŞABAT GÜNÜNÜ YADDA SAXLAYIB TƏQDİS ET



ÇIX. 20:8-11
"Şənbə gününü yadda saxlayıb təqdis et. Altı gün çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı".


06.1 - Yaradana həmd etmək üçün verilən rahatlıq günü

Yəhudilər üçün şənbə günü (ibrani dilində “Şabat”) Allahla əhdin mühüm rəmzlərindən biridir. Rəbbə ibadət üçün verilmiş “Şabat” Allahın qədim xalqını digər xalqlardan fərqləndirirdi. İsrail xalqı, həftəsinin sonunda duran bu günü indiyədək təqdis edir. Başqa günlərdə edilən işləri şənbə günündə etməzlər: od yandırmazlar, uzaq yola çıxmazlar, hər kəs bayram paltarını geyinər. Şənbə günündə böyük sevinc və şadlıq vardı, insanlar bir yerdə yığılırdı, Tövratı oxuyub ibadət edirdi, həmd edərək Kəlamdan danışırdılar.

İmanlılar Rəbbin günündə duaya, Yaradan, Xilaskar, Təsəlliverici Allahı düşünməyə başqa günlərdən çox vaxtı sərf etməlidirlər. Biz Rəbbin gününü Müqəddəs Kitabı oxuyaraq, yaxşı vəzlərə qulaq asaraq, məsihi toplantıda iştirak edərək keçirməyi vərdiş etməliyik. Salehlik üçün acıb-susayanlara bu ibadət günü sonrakı həftənin səhrasından keçməyə bəs edəcək qədər ruhani qida verir. Bu günün mərkəzində insan və istirahət deyil, Rəbb Özü durmalıdır. Beləliklə, Şabat günü Rəbbə, Onun önündə şadlıq etməyə ayrılmış xüsusi bir gün olur. Rəbb bu günü qalan günlərdən ayırdı, təqdis etdi və xeyir-dua verdi. Şabat, Xaliqdən məxluqlara misilsiz bir ənamdır.

Şabat gününü təqdis etmək Yaradana həmd etmək deməkdir, çünki Yaradan qüdrətli sözü ilə göyü və yeri, günəşi və ulduzları, dənizi və quru yeri, bütün heyvanları və bitkiləri yaratdı və yaradılışın tacı kimi insanı Öz surətində yaratdı. Hər bir məxluq, xüsusi hikmət və qüdrətlə dolu bir şəkildə yarandığına görə, əsil möcüzədir. Alimlər bu günə qədər insan bədəninin sirlərindən çox az hissəsini kəşf etmişlər, insan ruhunun əzəmətinə isə demək olar ki heç toxuna bilməmişlər. Allahımızın işləri ecazkardır! Onun yaratdıqları bu qədər əzəmətlidirsə, bəs Yaradan Özü necə əzəmətlidir! Onun hədsiz izzətini, qüdrətini vəsf edəcək sözlər insan dilində tapılmaz. O, bütün yaratdıqlarının daim Ona səcdə və həmd etməsinə layiqdir.

Allah bütün yaradılışı tamamladıqdan sonra istirahət etdi. Yorulduğuna görə yox, çünki Haqq-Taala əsla yorulmaz, taqətdən düşməz, yuxusu gəlməz. Bu istirahətinin mənası odur ki, Yaradan Öz işlərindən razı qaldı, saysız-hesabsız möcüzələrindən zövq aldı, onlara “Çox yaxşıdır!” deyə qiymət verdi. Biz də bütün günlərimizdə və ələlxüsus Rəbbin günündə Allaha həmd və şükür etməliyik.


06.2 - Şabat rahatlığının vacibliyi

Şabat günündə Allah bizi, yaradılışını tamamladıqdan sonra Özü üçün ayırdığı səmavi rahatlığına şərik edir. O bizə səssizlikdə və eləcə də ucadan həmdlərlə Ona ibadət və səcdə etmək fürsətini verir. Rəbbimizin qarşısında xaricən və daxilən rahatlıqda olmaq, səadətimizin sirlərindən biridir. Bu Əmri pozub cəzasını almamaq qeyri-mümkündür. Keçmiş Sovet İttifaqında və ya Qərbin nəhəng şirkətlərində bu Əmrə xor baxmağa çalışsan adamlar qəlb rahatlığını və həyatın mənasını itiriblər.

Rəbbin gününə xor baxan hər insan maşında sürətlə gedərək Rəbbin yaratdıqlarına baxmağa macal tapmır, Rəbbin izzətini gözdən qaçırır. Belə insanlar istirahət günlərində belə düşünmək qabiliyyətini itirirlər və nəticədə o biri günlərdə gördükləri işlər o qədər səmərəli olmur. Rahatlıq günü hər canlıya, heyvanlara belə lazımdır. Məxluq həftədə bir gün Xaliqin hüzurunda rahatlıqda qalmasa, gücünü bərpa edə bilməz. Rəbbin gününü təqdis etmək əmrinə xor baxılmaz! Bu əmr həftədə 35 və ya 40 iş saatından bəhs etmir, lakin insana altı gün fəal işləməyi buyurur. Ancaq yeddinci gün Rəbbə məxsusdur. Müqəddəs Kitab bizi öyrədir ki, tənbəllik və avara həyat insanı rəzalətə aparar, gündəlik əməkdən isə heç bir ziyan gəlməz.

İsa bizi vaxtaşırı dayanıb çöl zanbaqlarına nəzər salmağa, müxtəlif güllərin və digər bitkilərin necə yetişdiyini düşünməyə çağırır. Bir gülün yetişməsi, yarpaqlarının əmələ gəlməsi və açılması üçün nə qədər vaxt lazım olur? Dayan və gözünü aç. Yaradılışın qüvvətini, təbiətin qanunlarını öyrən, çünki onların arxasında uca Yaradanın, saleh Atanın durduğunu görəcəksən.

İsa məsləhət görürdü ki, açılmış gülün gözəlliyini varlı adamların paltarlarıyla müqayisə edək və anlayaq ki, hətta şahlar və şahzadələr belə tezliklə solub quruyan rəngarəng güllər qədər gözəl geyinə bilməmişlər. İnsan özü məxluqların ən gözəlidir. Bütün kainatda insan üzündən daha zərif və heyranedici bir şey yoxdur, çünki insan üzündə Allahın izzətinin və məhəbbətinin surəti əks olunur.

Kaş biz həyat tərzimizi dəyişdirək, hər zaman qaçmaqdan, harasa tələsməkdən əl çəkək və vaxtaşırı dayanıb düşünək! O zaman biz yaradılışın əzəməti qarşısında Allaha həmd və şükür edəcəyik və bütün həyatımız Allaha ibadət olacaq. Televiziyada çox vaxt zorakılıq və ehtirasla dolu filmlər göstərirlər, amma Allah istəyir ki, biz Onun yaradılışının yazda, yayda, payızda və qışda olan misilsiz gözəlliyinə tamaşa edək.

Rəbb bizə Şabat gününü təqdis etməyi əmr edərək tələb edir ki, biz bu gün ərzində Onun önündə yaşamağı öyrənək. Rəbbin gününü təqdis etmək sadəcə olaraq dincəlmək, Allahın Kəlamını oxumaq yaxud qulaq asmaq demək deyildir. Rəbb gözləyir ki, biz Ona tərəf dönək, önündə duraq, xeyirxahlığında rahatlıq tapaq. O bizi bu gün vasitəsilə dəyişdirmək, təzələmək, ruhən yetkin etmək istəyir. Gəlin, Şabat günündə Onun məhəbbətinin nuruna yaxınlaşaq, izzətini əks etdirək. Çünki səssizlikdə, sakitlikdə qalmadan, təzələnmək qeyri-mümkündür.


06.3 - Şabat günü haqqında səhv fikir

Şabat günü İsrail xalqını imansızlıqdan və ətrafdakı xalqların çoxallahlı inanclarından qoruyurdu və eləcə də onları dünyanın Xilaskarı Məsihin gəlişinə hazırlayırdı. Lakin Şabat günü, onu təqdis edən imanlıları dəyişdirməyə, hifz etməyə, təzələməyə qabil deyildi. Bütün insanlar Allahın nəzərində zəif, pis və yararsızdırlar. Qanun bəşəriyyəti düzəldə bilməz. İmanlılar Şabat gününə riayət edərək özlərini günahdan qoruya bilməzlər. Bununla belə, Şabat günü insanı Allahı inkar etməkdən saxlaya bilər. Biz, yeni əhddə yaşayanlar, Şabat gününü təqdis etməklə Allahın bizdən razı olmağına nail olmağa çalışmırıq, lakin Ona minnətdar olduğumuz üçün bu günü təqdis edirik. Onun bizi yaratdığına, Məsih vasitəsilə bizə yaxınlaşdığına, bəşəri atalardan da çox bizim qayğımıza qaldığına görə Ona şükür edir, sevgi və hörmət göstəririk. Var gücümüzlə Qanuna əməl edərək xilas olmuruq, lakin Allahın lütfü ilə təzələnirik. Qanunla saleh sayılmaq istəyən adam məhkum olunacaq. Amma İsanın uzanan əlini tutan məhkumiyyətdən azad olacaq!

Yeddinci gündə Allah istirahət etdi və tamamladığı işlərə baxıb çox yaxşı olduğunu gördü. Ancaq insan üsyan eləyib günaha batanda, Allahın müqəddəs rahatlığı sona çatdı. O vaxtdan bəri Allah heç istirahət etmir, itmiş məxluqlarını xilas etmək üçün gecə-gündüz işləyir. O dedi: "Sən günahlarını Mənə yüklədin, təqsirlərinlə Məni yordun" (Yeş. 43:24). İsa bu fikri təsdiq edir: "Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm" (Yəh. 5:17). Allah, iyrənc günahlarımızdan ötrü bizə görə narahatdır; və biz Ona çox minnətdarıq ki, O, Məsihin qurbanı vasitəsilə bütün günahkarlara xilas verdi. Həlim Allah Quzusuna iman edən kəs Qanuna görə məhkum olunmaz, amma İsanın qanıyla saleh sayılar. İsa şənbədən öncəki gündə çarmıxa çəkildi və dəfn edildi. Allahın rahatlıq günündə O, varlı adamın qəbrində istirahət edirdi. Həftənin birinci günündə isə O, ölümdən dirildi. Beləliklə Allah şənbə gününə dair bütün qanunları yerinə yetirdi və Öz dirilməsiylə yeni günü təyin etdi. Yeni Şabat günü Qanunun hökmü altında deyil, Allahın lütfü altında yaşayan yeni yaradılışın rəmzi olmuşdur.


06.4 - Məsihilərin bazar günləri əvəzində şənbə günlərində ibadət etməyə haqları varmı?

Yəhudilər və yeddinci gün adventistləri məsihiləri Dördüncü Əmri pozmaqda ittiham edirlər. Onlar Məsihin yolu ilə gedən imanlıların rahatlıq gününü şənbədən bazar gününə keçirdiklərinə görə Allahın qəzəbinə düçar olacağını söyləyirlər. Lakin İsa şənbə gününün Ağası olduğunu elan etdi. Bəşər Oğlu şənbə günü ilə bağlı bütün tələbləri yerinə yetirib, şənbə gününü tamamladı. İsa başqa bir günün, ayın yaxud ilin təqdis edilməsi haqqında yeni qanun vermədi, amma Ona iman edənləri təzələdi və təqdis etdi. İnsan təkcə şənbə günlərində yaxud xüsusi bayramlarda yox, hər gün Allaha ibadət etməlidir. Buna görə İsa günləri deyil, insanları təqdis edir: "Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin" (Kol. 3:17). Müqəddəs Ruhun rəhbərliyi ilə etdiyimiz hər şey Allaha ibadət olur. O biri günlərdən əhəmiyyətli heç bir gün yoxdur. İsa Öz qiymətli qanı ilə bizə salehliyi bəxş etdi və bizi Müqəddəs Ruhla təzələdi. O, müqəddəs vaxtlar gətirmədi, müqəddəs insanları yaratdı. Yer üzünə gəlməyinin məqsədi, Şabat gününün əsla edə bilməyəcəyini etməkdən ibarət idi: O, yeni insanları yaratmaq, pisləri düzəltmək, xudbinləri xidmətkarlara çevirmək üçün gəldi.

İsanın həyata keçirdiyi ruhani inqilab həyatın bütün sahələrinə təsir etmişdir. Buna görə də məsihilər yeni əhdi qeyd etmək, ibadət üçün toplanmaq və istirahət edib Allahın yeni yaradılışını düşünmək üçün İsanın dirildiyi günü – bazar gününü seçdilər. İsa şənbə gününə riayət etməyi əmr etmədi, amma qadağan da etmədi. O müəyyən günləri, bayramları təyin etməyə gəlmədi, günahkarları xilas etməyə gəldi. İsanın dirilmə günü ilə yeni era başlandı. Biz artıq bizi məhkum edən Qanunun altında deyil, Rəbbimizin xilas edən lütfündə yaşayırıq. Bu demək deyil ki, məsihilər qanunsuzdurlar. Daxilimizdə yaşayan Məsihin Ruhu Özü bizi həm məhəbbət qanunu ilə, həm də bu qanunu yerinə yetirmək üçün lazım olan güclə təmin edir. Beləliklə, şənbə günü köhnə əhdin rəmzi olaraq qalır, bazar günü isə Məsihin zəfərinin və yeni əhdin əlaməti olaraq qəbul olunur.

Müsəlman ölkələrində yaşayan bəzi məsihilər nə şənbə, nə də bazar günlərində istirahət edə bilmirlər. Bu səbəbdən onlar cümə günlərində ibadət üçün yığılırlar və bilirlər ki, Rəbb Özü onlarla birlikdədir, çünki O vəd etdi: "Harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam" (Mat. 18:20). İsanın məqsədi ibadət üçün xüsusi günlər təyin etmək deyil, hər zaman, hər yerdə yaşayan imanlıları təqdis etməkdir.


06.5 - Bazar günlərində ibadət

Məsihilər Rəbbin gününü necə təqdis edirlər? Ölümdən dirilmiş Xilaskarı sevdiklərinə görə bazar günlərində ibadət üçün yığılırlar, birlikdə Kəlamı oxuyub dua edirlər, Rəbbə həmd edirlər. Bütün uşaqlarımız, qonaqlarımız, iş yoldaşlarımız və heyvanlarımız rahatlıq günündə dirilmə sevincinə şərik olmalıdırlar. Biz bazar günləri məhz bu dirilməni yada salmaq və həyatımızda görmək üçün ibadətdə iştirak edirik. Məsihilərin sevinmək üçün əsasları yəhudilərinkindən daha çoxdur. İsa dedi: "Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun" (Yəh. 15:11; 17:13). Həvari Paul həmçinin belə yazdı: "Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!" (Fil. 4:4). "Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh..." (Qal. 5:22). Bu ayələr bazar günü toplantısının mahiyyətini müəyyən edir və eləcə də həftənin o biri günlərində işimizin mahiyyətini vəsf edir və məsihi ailədə necə həyat sürməyi bizə öyrədir.

Bazar günləri iş görmək olarmı? Məsihilər də insandırlar, onların da bədəni yorulur, onların da rahatlığa və dincliyə ehtiyacı var. Məsihilər adi məxluqdurlar, lakin eyni zamanda ruhən Allahın övladlarıdırlar. Yer üzündə bədəndə yaşayırlar, ruhən isə səmada Məsihlə birlikdə otururlar. Buna görə məsihilər Rəbbin hüzurunda rahatlıq gününü inkar etmirlər. Bazar günü yuxunu almaq üçün deyil, Ata Allahı izzətləndirmək üçündür. Biz bazar günlərində boş və lazımsız işlərdən əl çəkməliyik, çünki o, Allahımıza məxsusdur. Lakin bir adamı təhlükədən, çətin vəziyyətdən qurtarmaq üçün məhəbbət göstərmək və ya xidmət etmək lazım gəldikdə, Şabat günündə belə iş görmək vacibdir. Salehliyimiz Qanunun hər sözünə riayət etməyimizə deyil, Məsihin fədakar qurbanına əsaslanır. O bizim qəlbimizə Öz fədakarlığını qoymuşdur. Bazar günləri ibadətdə iştirak etmək məsihilərin müstəsna haqqıdır. Bununla belə, imanlılar təkcə bazar günlərində ruhi qidayla bəslənməklə kifayətlənməməli, eləcə də başqa günlərin hamısında Kəlamı düşünməli və evlərində dua etməlidirlər, necə ki, adam həftədə bir dəfə yemək yeyərək yaşaya bilməz. Gündən-günə öz ruhunu qidalandırmayan imanlının imanı, ümidi və məhəbbəti zəifləyər. Bazar günü bizə cəmiyyətlə birlikdə ilahi oxumağa, başqa imanlılarla birgə dua etməyə, cəmiyyətin üzvləri ilə fikirlərimizi bölüşməyə və özümüzü məsihi bütövlüyün bir hissəsi hiss etməyə imkan verir. Məsihilər birlikdə Məsihin ruhani bədənini təşkil edirlər. Yeni yaradılışın obyekti bir fərd deyil, müqəddəslərin şərikliyidir; bazar günlərində bu şəriklik xüsusilə bariz şəkildə təzahür edir.

Bazar günlərində xəstələrə, əlillərə, yoxsullara baş çəkən imanlılar nə bəxtiyardırlar! Onlar benzobakda az yanacağın qaldığına görə narahat olmurlar, uzaq olsa belə, ehtiyac olan yerə getməyə hazırdırlar. Biz məbəddən bayıra çıxanda Rəbbin Ruhu bizi günah içində ölü olanlarla üz-üzə gətirir. Biz onları məyusluqdan və imansızlıqdan Məsihə dönməyə dəvət edirik. Bizim dövrümüzdə Müjdəni yaymamaq üçün heç bir üzürlü səbəb ola bilməz. Bazar günündə xeyriyyə işləri görməmək üçün heç bir bəhanə tapıla bilməz.

Bazar günü kifayət qədər vaxt olur ki, biz duada Rəbbə həmd edək, təqsirlərimizi etiraf edək və başqaları üçün vəsatət edək. Rəbb bizə uşaqlar bəxş edibsə, onlarla birlikdə kifayət qədər vaxt keçirərək Şabat sevinci ilə dolmaq üçün münasib ilahilər oxumalıyıq. Gəlin İsadan rica edək ki, O, bazar günlərində “Atamız” duasının ilk üç xahişini bizdə gerçəkləşdirsin.

Bazar gününü Rəbbin günü kimi keçirən adam bəxtiyardır. Allah, ölümdən dirilmiş İsanın Ruhu ilə dolmağa can atan hər kəs üçün böyük xeyir-dualar hazırlamışdır.


06.6 - Bazar gününə xor baxılmasının faciəli nəticələri

Əfsuslar olsun ki, istirahət günlərində iş günlərindən daha çox günahlar işlədilir. Bazar günləri kəndlərə gedən maşınlar təmiz təbiəti kirlədirlər. Televiziya Allahın Kəlamına demək olar ki heç vaxt ayırmır, zorakılıq, əxlaqsızlıq və cadu ilə dolu filmlərə isə çox yer verir. Bəzi adamlar evdə və ya bağda iş günlərində vaxt tapmadıqları işləri bazar günlərində görürlər. Əhdi-Ətiq dövründə Şabat günündə işləyən adam edam cəzasına məhkum edilirdi. Əgər biz təkcə bir şəhərdə istirahət günləri ərzində açıqca və gizli şəkildə edilən bütün günahları görə bilsəydik, bu qədər dəhşətli mənzərəyə dözməyib dəli olardıq! Yalnız Allahın məhəbbəti bütün bunlara dözərək, tövbə edənləri səbirlə gözləyə bilir.

Rəbbin gününü murdarlayan insan barədə Allahın nə dediyini unutmusanmı? Çıx. 31:14-17-ni oxuyanda, Rəbbin hüzurunda sakitlikdə qalmağın əhəmiyyətini anlayırıq (habelə Say. 15:32-36). Bəlkə biz həyat tərzimizi dəyişdirməliyik və, məsələn, şagirdlərimizdən bazar günlərində ev tapşırıqları ilə məşğul olmamağını tələb etməliyik? Rəbb xəbərdarlıq edir ki, O, Şabat gününü ibadət və rahatlıq günü olaraq təqdis etməyənlərin şəhərinə və ya kəndinə od vuracaq (Yer. 17:22-27). Biz bu xəbərdarlığa xor baxmamalıyıq. Bəlkə də dünya müharibələri və Çernobil kimi fəlakətlər məhz dünyanın Rəbbin gününə xor baxmasının cəzası olub? İncil bizi öyrədir: "Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək" (Qal. 6:7). Allahın əmrlərini qəsdən və ya səhvən pozub cəzasını almamaq qeyri-mümkündür.

İsa çarmıxda ölüb cəzamızı Öz üzərinə götürməsəydi, biz ümidsiz vəziyyətdə olardıq. Lakin Onun ölümü bizim Rəbbin gününə hörmətsiz yanaşmamıza bəraət qazandırmır. İsa və şagirdləri Şabat gününü təqdis etmişlər. Oğul daima Atanın izzəti üçün yaşamışdır. İsa həftənin birinci günündə (bazar günündə) dirildikdən sonra şagirdlərə məhz dirildiyi gündə göründü və şagirdləriylə birlikdə yeni əhdi qeyd etdi.


06.7 - Qanunun yeni mənası

Şənbə gününü təqdis etmək barəsində düşünən adam bu Əmrin necə səhv başa düşülə biləcəyini görür. İsa şənbə günündə xəstə adama şəfa verdiyi və Özünü Allahın Oğlu elan etdiyi üçün ölümə məhkum edildi. Qəddar dinçilər Ona nifrət etdilər, Onu təqib etdilər, dəfələrlə Onu öldürməyə cəhd etdilər. Musanın Qanunu uğrunda özlərini fəda etməyə hazır olan bu adamlar Allaha və insana olan məhəbbəti itirdilər. Onlar zahirən saleh olsalar da, tövbəyə çağırışını eşitməmək üçün barmaqlarını qulaqlarına tıxadılar. Kor təəssüblə ürəklərini daşa döndərdilər, dəyişilmək istəmədilər. Ata, Oğul və Müqəddəs Ruhu inkar etdilər. Şənbə günündə xəstələrə qayğı göstərmədilər, buna görə şənbə günləri başdan-başa ikiüzlülüklə doluydu. İsa onlara bu sözləri deməyə məcbur idi: "Bu xalq dodaqları ilə Mənə hörmət edir, amma qəlbləri Məndən uzaqdır. Boş yerə Mənə səcdə edirlər, insan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər " (Mat. 15:8-9).

İsa bizə Rəbbin gününü düzgün təqdis etməyi öyrətmək üçün nəyi etmək olar, nəyi olmaz demirdi, lakin adamın ürəyində Allaha qarşı münasibətinə əhəmiyyət verirdi. Həvari Paul da imanlılara Qanunu Məsihin Ruhunda anlamağı öyrədirdi. Lakin yəhudilər onu da lənətlədilər, döydülər, daşa basdılar, çünki o, yəhudi olmayanların qədim Qanundan azad olduqlarını öyrədirdi. O bizə izah etdi ki, biz Məsihin ölümü vasitəsilə Qanuna münasibətdə öldüyümüz üçün, Qanunun bizim üzərimizdə səlahiyyəti yoxdur. Müqəddəs Ruh bizi Allahın məhəbbətiylə doldurdu. Ürəklərimizdə kök salmış bu ruhani qanun bizi təqdis edərək, fikrimizlə, dilimizlə və əməlimizlə Üçlükdə vahid olan Allahı izzətləndirməyə ilhamlandırır. Qanun artıq bizi ağır yük kimi əzmir, amma tövbəyə gətirir və bizdə Müqəddəs Ruhun qüvvəsinə iman yaradır. Biz Qanuna əməl etməliyik, ancaq bununla bərabər Məsihin günləri yox, insanları təqdis etdiyini yadda saxlamalıyıq! Beləliklə biz Dördüncü Əmrin qədim əhd və yeni əhd anlayışları arasında göylə yer qədər fərq olduğunu öyrənirik.


06.8 - Müsəlmanların cümə günləri

Müsəlmanların əsas dini yığıncaqları üçün cümə gününü seçməsindən Dördüncü Əmrin mənasını anlamadıqları bəlli olur. Yəhudilər və məsihilər Məhəmmədin islam dininə dəvətini rədd etdikdən sonra, Məhəmməd daha irəli gedib, nə yəhudilərin şənbə günü, nə də məsihilərin bazar günü ilə razılaşmadı, lakin öz dini etiqadını möhkəmləndirmək üçün həm Əhdi-Ətiq, həm də Əhdi-Cədid əmrlərinin əvəzində müsəlmanların yığıncaqları üçün cümə gününü seçdi. Müqəddəs Kitabda cümə günü ilə bağlı olan heç bir vəd, Allahın xilas planıyla heç bir əlaqəsi yoxdur. Bu günün təyini Allaha və Məsihinə qarşı itaətsizlikdən qaynaqlanır. Müqəddəs Vəhydə cümə günü üçün heç bir əsas yoxdur.

Cümə namazından sonra müsəlmanlar dərhal öz işlərinə qayıdırlar. Məscidlərdə cümə günlərində tez-tez siyasi nitqlər eşitmək mümkündür. Çox vaxt bundan sonra nifrətlə dolu və dağıntı ilə nəticələnən nümayişlər baş verir. Müsəlmanlar bir günün və ya imanlıların necə təqdis edilə biləcəyini hələ dərk edə bilmirlər. Beləliklə, islam dininin bu Əmrə münasibəti Əhdi-Ətiqdən xeyli aşağı səviyyədə olduğunu aşkara çıxarır. İslam Qanunun məkhumiyyətindən və Məsihin lütfü ilə xilasdan xəbərsizdir.

Biz isə ölümdən dirilmiş Rəbbə şükür edirik, çünki O həm iş günlərində, həm də şənbə günündə - hər zaman möcüzələr edirdi. O, həftənin birinci günü sayılan bazar günündə ölümdən dirildi və bu günə tamamilə yeni məna qazandırdı. Qoy həyatımızın hər bazar günü doğan günəş kimi bütün həftəni nurlandırsın və biz bütün həftə boyunca Rəbbimizin bu əmrini yerinə yetirək: "Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz" (Yəh. 13:34-35).

www.Waters-of-Life.net

Page last modified on March 11, 2014, at 10:36 AM | powered by PmWiki (pmwiki-2.3.3)