Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- The Ten Commandments -- 02 Introduction To the Ten Commandments: God Reveals Himself
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Baoule -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- Finnish? -- French -- German -- Gujarati -- Hebrew -- Hindi -- Hungarian? -- Indonesian -- Kiswahili -- Malayalam -- Norwegian -- Polish -- Russian -- Serbian -- Spanish -- Tamil -- Turkish -- Twi -- Ukrainian -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

02 - ON ƏMRƏ GİRİŞ: ALLAH ÖZÜNÜ TANIDIR



ÇIX. 20:2
"Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm".

On Әmr bәşәriyyәti sәrt qayda-qanunları yaxud mürәkkәb әqidәlәri qәbul etmәyә mәcbur etmir. Bu Әmrlәrdә Allah Özü birbaşa insanlara müraciәt edir, Yaradan Öz yaratdıqlarına yaxınlaşır, Müqәddәs Olan günahkarlara tәrәf addım atır.


02.1 - Allahın Şəxsiyyəti

On Әmrin birinci sözü "Mən"dir. (İbrani mətn "Mən Allahın Rəbbəm..." sözləriylə başlayır). Yaşayan Allah bizə tərifəgəlməz bir ruh yaxud uzaqdan gələn göy gurultusu kimi deyil, Şəxs kimi xitab edir. O bizimlə anlaşılmayan dildə danışmır, Onun söylədikləri bizə aydındır, çünki O bizimlə inamla dolu münasibətlər qurmaq istəyir. Onun bizə dediyi sözlər lütf doludur, bizə qarşı münasibəti mərhəmət doludur, O bizi çox-çox şərəfləndirir!

İnsan Allah-Taaladan uzaqlaşmağa, qaçmağa çalışır. Ancaq müqəddəs Olan bizi həmişə hər yerdə görür və ömrümüzün hər anı Onun önündə aşkardır. Biz gərək Onun kəlamlarına riayət edək. Allah-Taala bizə xitab edərkən “Mən” deyirsə, bu deməkdir ki, O bizi Özünün həmsöhbəti səviyyəsinə qaldırır, hər birimizə “sən” olaraq müraciət edir! Bu möhtəşəm vəhydən aydın olur ki, əbədi Yaradan, kainatın Sahibi, əzəli Hakim bizə şəxsən müraciət edir. Diqqətlə Ona qulaq asaq, şükür və sevinclə Onun buyurduqlarına əməl edək!


02.2 - Allahın var olması

Allahın “Mənəm” deməsində Onun təbiəti aşkar olur. İmansızlar Allahın var olmadığını söyləməyə necə cürət edə bilərlər? Ateistlərin əqidələri Allahın “Mənəm” deyə şəhadət etməsi qarşısında puça çıxır. Bizim var olmağımızın səbəbi bu İlahi "Mənəm" sözündədir. Allah var! Həm də Allah həqiqətdir. Hər şey ötüb-keçir, yalnız O əbədi durur. İnsan, nəhəng dağı buynuzlarıyla tərpətməyə çalışan küt heyvan kimi öz Yaradanına qarşı dönə-dönə üsyan edir. Lakin Allah haqqında bəşəriyyətin dedikləri yaxud alimlərin yazdıqları şeylər həqiqət deyildir, çünki O Özü Haqdır, var olan hər şeyin əzəli Səbəbidir. Allahın var olmasını inkar edənlər hələ 3 min il əvvəl, Davudun dövründə də olmuşlar (Zəb. 14:1-3). Peyğəmbər belələrini pozulmuş axmaqlar adlandırmışdır, çünki onlar reallığı inkar etmişlər, bütün kainatı yaşadan, idarə edən Uca Varlığa xor baxmışlar. Allahı inkar edənlər vicdanı itirərək pozğun həyat sürmüşlər.

Allahın Özü barədə şəhadəti eləcə də Buddanın dini görüşlərinin əsaslandığı təməli puça çıxarır. Bir “heç”də həll olunacaq dərəcədə özünü inkar etmək, öz ehtiraslarını basdırmaq ideyası üzərində qurulan Nirvana heç də həyatın mənası deyildir! Həyatın mənası Allahın Özündədir. Allah yaşayır, O bizə “Mənəm” deyə şəhadət edir. Onun var olması həyatımızı mənalı edir, ümid və məqsədlə doldurur.

Allahın bu şəhadəti materializmin bütün təlimlərinə də həmçinin sarsıdıcı zərbə endirir. Yalnız uzağı görməyən adam ruhani aləmin mövcudluğunu inkar edib, hər şeyin yalnız maddədən ibarət olduğunu öyrədə bilər. Belə adam göydə uçan quşu təqib edə bilməyən daşa bənzəyir. Allah yaşayır, O bizə və hətta materialist, ateist və kommunistlərə belə üz tutub danışır. O hamıya fürsət verir ki, qulaqlarını açıb Onun sözlərini eşitsinlər və müdrik olsunlar. Ancaq Allaha qarşı qulaqlarını və ürəyini bağlayan kəs günəşi görmədiyinə görə onun mövcudluğunu inkar edən kor adama bənzəyir.


02.3 - Yahve Kimdir?

Allah Musaya “Rəbb Mənəm” deyə elan etmişdir. İbrani dilində Rəbb sözü üçün "Var Olan Mənəm" (Çıx. 3:14) mənasına gələn “Yahve” adı işlənir. Bu ad Allahın şərtsiz, tam müstəqil və əsla dəyişməyən varlığını ifadə edir. Onun dəyişməzliyi imanımızın təməli, xilasımızın dayandığı sütundur. Biz məhdud düşüncəli, məhv olan günahkarlar olmağımıza baxmayaraq, Rəbb bizə sadiq qalır! Onun sadiqliyinə görə biz də gərək Ona tərəf dönək. Biz dünyanın axırına yaxınlaşarkən, O bizə təsəlli verir: "Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək" (Mat. 24:35).

Rəbb hədsiz ucalığı ilə hər şeyi əhatə edir. O, hər şeyi bilən, hər şeyi görən hikmət Sahibidir. Qarşımızda bütün qapılar bağlansa belə, O həmişə bizim üçün çıxış yolunu tapar. O bütün arzularımızı, fikirlərimizi bilir. O bizim Onun qarşısında qorxu içində səcdə etməyimizi istəmir, lakin bizim daxilimizdə Ona qarşı ümid və inam əmələ gətirir. Şükranla gözlərimizi göyə dikib Ona baxmağımız üçün O Özü bizə üz tutub danışır. O, həyatımızın Ağası olmaq istəyir. Kaş heç kəs Rəbdən üzünü gizlətməyəydi, axı O bizdən cavab gözləyir! Hər tövbə edən insanın Yaradanına tərəf dönməsində məxluqun onu yaradan rəhmli və şəfqətli Rəbbin səsinə cavab verdiyini görürük.

Allahın "Rəbb Mənəm" sözləri “Yeganə Rəbb Mənəm, Məndən başqa rəblər yoxdur” mənasına gəlir. Bütün başqa ruhlar və tanrılar boş və mənasızdır.

Hazırkı dövrümüzdə ruhlar, mistik təlimlər yeni dinlərlə əvəz olunur və hətta cinə tutulmuş adamlar belə yeganə həqiqi Rəbbə iman edib Allahı çağıraraq azad olurlar. Görünməyən hər şeyi inkar etmə dalğası ötüb keçdi və bu gün insanlar başqa ifratçılığa yol verirlər – falçılar, ölülərin ruhlarıyla əlaqə quranlar çoxalır. Sehrbzalıq televiziyada və digər kütləvi informasiya vasitələrində təbliğ olunur.

İncil Kitabını oxuyanda On Əmri açan “Mənəm” sözünü İsanın da dilinə gətirdiyini görürük. Beləliklə, İsa Özünün Rəbb olduğunu elan edir. Mələklər Bet-Lexem çəmənlərində sürülərini otaran çobanlara məhz Rəbbin gəlişini müjdələmişlər. İsa da bu şəhadəti dəfələrlə təsdiq etmişdir: "Həyat çörəyi Mənəm", "Dünyanın nuru Mənəm", "Qapı Mənəm", "Yol, həqiqət və həyat Mənəm", "Yaxşı Çoban və həqiqi Meynə Mənəm". İsa həmçinin demişdir: "Mən Padşaham", "Başlanğıc və son Mənəm". O zamandan bəri İsanın ardıcılları tərəddüd etmədən "İsa Rəbdir!" deyə elan edirlər. O əsla dəyişmir və bizi hər təqsirdən xilas edir. O, ölülərdən dirilərək, üstün mövqeyini və səlahiyyətini sübuta yetirmişdir. O zamandan bəri On Əmrin giriş sözləri qulağımıza xoş nəğmə kimi gəlir: "Rəbb Mənəm!"

Rəbbin yer üzünə bəşər olaraq gələcəyi Musanın təsəvvürünə belə gəlməzdi. Lakin İsanın doğulmasından 1350 il əvvəl Musa Rəbdən əsas vəhyi almışdır: "Allahın Rəbb Mənəm".


02.4 - Allah Kimdir?

Allah bu şəhadətdə Özünü qədim ibrani dilində "Elohim" adıyla adlandırır, ərəb dilinə tərcümədə isə bu ad "Allahu" şəklində olur. Bu iki adı təhlil edək. "Elohim" adının tərkib hissələri ELOH + İM, Allah adı isə AL + EL + HU hissələrindən ibarətdir. Ərəb dilində "AL" müəyyənlik artikli vəzifəsini yerinə yetirir. EL (yaxud ELOH, İLAH) ibrani və ərəb daxil edilməklə bütün sami xalqlarının dillərində Allahın adını ifadə edir və "qüvvət, qüdrət" mənalarını verir. İsa ali məclisin önündə şəhadət verərkən EL isminin bu əsas mənasını elan etmişdir: "Bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu... görəcəksiniz" (Mat. 26:64). Nəhayət, İMHU adın sonuna gələn şəkilçilərdir. Qədim ibrani dilində "-im" cəm şəkilçisi olduğuna görə, ismin cəmdə olmasının mümkünlüyünü ifadə edir, ərəbcə "-hu" şəkilçisi isə yalnız tək formasına işarə edir. Gördüyümüz kimi, ərəbcə "Allahu" sözündə Müqəddəs Üçlüyün vəhdətinin mümkünlüyü istisna edilir.

Əzəli və əbədi Rəbb nəinki hər şeyi bilən, hər yerdə var olan uca hikmət Sahibidir, həm də hər şeyə Qadirdir. Dünyada Ondan başqa heç bir müsbət yaradıcı qüvvə yoxdur. O, qüdrətli sözüylə Kainatı yoxdan var elədi. O, müqəddəs səbriylə hamıya tab gətirir. Rəbbimiz istədiyi kimsəni azdıran, istədiyini də doğru yola yönəldən (Fatir surəsi 35:8 və Muddəssir surəsi 74:31), insanı yox edən, qəddar Allah deyildir. Həqiqətdə, Allah "bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir" (1Tim. 2:4).

Əhdi-Ətiqdə bir çox şəxsi və coğrafi adların içində EL sözü vardır. İsrail övladları öz uşaqlarını Şmu-el (Samuel), Eli-yahu (İlyas), Eli-azar (Lazar), Dani-El (Daniel); şəhərlərini Bet-El, Yezre-El; öz xalqını da Yisra-El (İsrail) adlandırırdılar. Bu yolla onlar bütün kainatı yaşadan qüvvəyə bağlanmaq istəyirdilər.

Əhdi-Cədiddə insanlar Allahla tamamilə misilsiz bir şəkildə təmasa girə bilirlər, çünki Məsih Öz şagirdlərinə söz verdi ki, "Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız" (Həv. 1:8). Allah günahkarları rədd etmir, lakin onları təmizləyib təqdis edir və onların daxilində məskən salır.

Rəbbimiz İsa Məsih həqiqətən qüvvətlidir – göydə və yer üzündə bütün səlahiyyət Ona verilmişdir! Bütün atom bombaların qüvvəti, hədsiz səlahiyyətə malik olan Rəbb İsanın qüvvəti yanında heç nədir!


02.5 - İslamda Allah kimdir?

Müsəlmanlar qüdrət Sahibi barəsində “Allahu əkbər!” (“Allah daha böyükdür!”) söyləməyi lazım bilirlər. Onlar Allahı “hamıdan gözəl, qüvvətli və müdrik” olaraq dərk edirlər. Beləliklə, islamda Allah, bəndələr üçün əlçatmaz, bəşəri ağlı üçün dərkedilməz olur. Odur ki, islamda Allah uzaq və bilinməyəndir. Onun haqqında hər hansı bir fikir nöqsanlı və yanlışdır. İnsan əzəli Olanı təsəvvür edə bilməz, yalnız Ondan qorxar və qul kimi qarşısında səcdə qılar. Sufilər uzaq və böyük Allaha çatmaq ümidiylə körpülər salmağa cəhd etdilər, amma Quran öz bədəvi məntiqiylə bu kimi Allaha yaxınlaşmaq cəhdlərinə əsla yol verməz.

İslamda Allah əsla insanlara görünməz, müsəlmanlarla əhd bağlamaz. Məhəmməd Allahla müsəlmanlar arasında yeni əhd bağlayan vasitəçi olmayıb, ancaq hamıya əmr edib ki, qeyd-şərtsiz Rəbbə tabe olsunlar. Buna görə də müsəlmanlar Allahın əsil xasiyyətini dərk etməyiblər. Nəticə etibarilə, onlar nə öz günahlarını qavrayıb, nə də həyat təcrübələrində lütfü hiss ediblər. İslamda ibadət, adamı günahlarından xilas edən Xilaskara minnətdarlıq və məhkumiyyətdən azad olduğuna görə şükür ifadəsi deyil, hamını istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan (əl-Cəbbar) uzaq bir Allahın qarşısında, qul ağasının qarşısında əyildiyi kimi, əyilməkdən ibarətdir. Məhəmmədin yoluyla gedən müsəlmanların həvəsi qorxunc Allahı ucaltmaqdadır; əvəzsiz olaraq verilən xilasa görə Xilaskara minnatdarlıqdan gələn müqəddəs olmaq arzusu onlara naməlumdur. Buna görə müsəlmanlar sırf formal ibadətə, dini ayinləri yerinə yetirməyə bağlı qalırlar.

Əslində isə Rəbbimiz Öz məxluqlarından uzaq qalmadı, bizə yaxınlaşıb “Allahın Rəbb Mənəm” dedi, Adəmin nəsliylə əhd bağladı.


02.6 - Allahla əhd

“Allahın” sözündə “-ın” şəkilçisi mənsubiyyət bildirir. "Allahın Mənəm" sözləri o deməkdir ki, Allah bizə məxsus olmaq üçün Özünü təklif edir və biz Ona uşaq atasına güvəndiyi kimi güvənə bilərik. Qüdrətli Rəbb biz asi, natəmiz insanlara tərəf əyilib bizi səsləyir: “Mən sizə məxsusam. Nə olar, Mənə tərəf dönün, həyatınızı Mənə həsr edin və əbədi olaraq Mənə məxsus olarsınız!”

On Əmrin girişi Allahla insanlar arasında bağlanan əhdə şəhadət edir. Bu əbədi əhd yalnız bir tərəfdən bağlanıb. Rəbb bu əhdi bizimlə bağlayıb bizi yanımızda olduğuna inandırır və bizdən Ona iman, ümid və məhəbbətlə cavab verməyimizi gözləyir.

Müqəddəs Allahın biz günahkarlarla əhd bağlaması bizi eləcə də Onun bağışlamasına, xilasına, qorumasına və xeyir-dua verməsinə tamamilə inandırır. Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər? (Rom. 8:31) Allahın bizimlə olacağına dair vədi bizi ruhlandırır və bizimlə qalaraq vasitəmizlə işləyəcəyinə inamımızı artırır.

İnsanların sədaqətsizliyi Allahın sadiqliyini yox edə bilməz. Müqəddəs Olanın adamı ən cüzi təqsirinə görə də cəzalandıracağından heç şübhə ola bilməz. Çünki Onun hər cür yalandan uzaq ədaləti hər haqsızlığın məhkum edilməsini tələb edir. Lakin Onun əzəli məhəbbəti sayəsində Onunla əhdə daxil olan hər kəsin günahları, bütün haqsızlıqların qisasını Öz üzərində daşımış olan Məsihdə aradan qaldırılır. Məsihin bizə görə ölməsi Allahın bizimlə bağladığı əhdin qanuna minməsi üçün yeganə qanuni əsasdır. Çarmıx, lütf əhdinin əbədi qüvvəsinin açıq bir əlamətinə çevrilmişdir.


02.7 - Allah Atamız

İnsanın Allahdan uzaqlaşması Məsihin doğulması ilə sona çatmışdır. Allah bədəndə zühur etdi və Onun ardıcılları artıq qul deyillər, çünki İsa onları günahın köləliyindən, şeytanın zəncirlərindən, ölümdən və hətta Allahın hökmündən belə azad etmişdir. İsanın qanı bizim azadlığımız üçün fidyə olaraq axıdılmışdır. Məsihə iman edən hər kəsi Allah büsbütün təmizləyir, əsil oğlu və ya qızı olaraq övladlığa götürür. Məsih vasitəsilə Allah-Taala bizim tam qanuni şəkildə ruhani Atamız olmuşdur. Hətta əgər biz ağır bir cinayət işlətmişiksə belə, O bizi inandırır: "Mən, Rəbb, əzəli Atanam!"

Rəbbimiz İsa Məsihin Atası olan Allah çarmıxa çəkilmiş Olanı sevən, ölümdən dirilmiş Olana bağlanan hər kəsə Ondan çıxan və ürəyimizə tökülən Müqəddəs Ruhun qüvvəsini bəxş edir. Məsihə iman edənlər həmçinin yenidən doğulmuş adamlar kimi ürəklərində Səmavi Atalarının həyatını və təbiətini daşıyırlar və artıq məyusluq boyunduruğu, əbədi ölümün hakimiyyəti altında deyillər. Allah Məsihdə bizimlə əhd bağlayıb aramızda məskən saldı. O Atamızdır, biz də Onun övladlarıyıq. Biz Ona məxsusuq, o da bizə məxsusdur. Bu yeni əhd Məsihin qurbanı vasitəsilə gerçəkləşdi. Məsih Öz canını qurban verdiyi andan bəri Ona iman edən hər kəs Allahla şəxsi əlaqəyə nail olur. Duamız, fəryadımız boş fəzaya getmir. Biz dua edərkən Allahla danışırıq – şükür, etiraf, xahiş və rica edirik. Səmavi Atamız bizi diqqətlə dinləyir. Biz Ona sığınırıq. O bizi əhatə edir, bizə salehlik paltarını geydirir. Əsil məsihilər, müsəlmanlardan fərqli olaraq, Allahdan uzaq həyat sürməzlər, hinduistlərdən fərqli olaraq, bir çox tanrılara qulluq etməzlər, buddistlərdən fərqli olaraq, vahiməli yoxluqdan qorxmazlar. Müqəddəs Allah bol məhəbbəti sayəsində onlarla ünsiyyət qurub ki, onlar İlahi hüzurunda ömür sürsünlər, dəyişilib Ona bənzər olsunlar. Səmavi Atamız bizi pis vəziyyətdə qoymaq istəmir, O bizi xilas etmək, təzələmək istəyir. O buyurub: “Müqəddəs olun, çünki Mən müqəddəsəm” (Lev. 11:45). Allahla ünsiyyət təkcə zehni imandan ibarət deyildir, o hökmən insanın mənəvi-əxlaqi həyatında köklü dəyişikliklərə səbəb olur. Allahla yaşayan hər kəsin xasiyyəti dəyişilir, çünki əzəli Allah bizi Öz səviyyəsinə qədər ucaltmağı qərarlaşdırdı. Atamız Ona bənzər olmağımızı istəyir. İsa, “Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun” (Mat. 5:48) sözləriylə bu İlahi məqsədi ifadə etmişdir. On Əmr bizim həlaka aparan xasiyyətimizdən xilas olub Allahın övladına yaraşan həyat tərzinə dəyişilməyimizdə mühüm rol oynayır. Əslində, On Əmr bizi qorxunc bir uçuruma yıxılmaqdan İlahi lütfüylə saxlayan səddə oxşayır.

Məsihin bu əmrini yerinə yetirmək adama qeyri-mümkün görünə bilər. İnsan, Allah kamil olduğu kimi necə kamil ola bilər? Axı belə fikir ümumiyyətlə ilk insanların cənnətdə çəkildikləri sınağa oxşayır. O vaxt vəsvəsəli bir səs "Allah kimi olacaqsınız" sözlərini Həvvanın qulağına pıçıldadı. Əlbəttə, insan öz-özünü xilas edə bilməz, öz cəhdləriylə saleh ola bilməz. Öz gücüylə müqəddəsliyə çatmağa cəhd edən insan mütləq özünə inanar, haqqını tələb edər, qanuna arxalanar. Həqiqi müqəddəsliyi bizdə Səmavi Atamız Özü hasil etdirir. O bizi salehlik yollarıyla aparır, hər gün özümüzü inkar edə-edə yaşamağa çağırır, ruhlarımıza qüvvət verir ki, daxilimizdəki şərə qalib gələk; O bizə, Kəlamını oxumaq və yerinə yetirmək həvəsini verir; O bizə Öz məhəbbətini bəxş edərək, biz xudbinləri qayğıkeş xidmətçilərə çevirir. Atamızın ruhani ənamları itaətkar övladlarında o qədər açıq-aşkar görünür ki, Məhəmməd də həqiqi məsihilərdən danışarkən etiraf edirdi ki, onlar “təkəbbürlük göstərmirlər”, əksinə, "şəfqət və mərhəmət" göstərirlər (Maidə surəsi 5:82 və Hədid surəsi 57:27).


02.8 - Tamamlanmış xilas

Allah bizi günahdan azad etmək istəyir. On Əmrə girişin ikinci hissəsində Allah elan edir ki, biz günahın köləliyindən və hökmranlığından öz-özümüzü azad edə bilmərik, bunu yalnız Allah bol məhəbbətiylə edə bilər, o şərtlə ki, biz imanla itaətkar olaq. Allah Musa vasitəsilə xalqını əzablı köləlikdən qurtardı və onlarla əbədi əhd bağladı. Allah onları saleh olduqlarına görə qəbul etmədi, lütfü ilə seçdi. Buna görə O deyir: “Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm”.

Təqribən 3600 il bundan əvvəl Yaqubun nəsli qıtlığa görə İordan vadisinin qərbində yerləşən qayalı dağları tərk edib Misirin şimalına, onların torpaqlarından 300 km uzaqlığında olan münbit Nil vadisinə köçdü. Misirdə ömür-günləri nisbətən rahat keçirdi. ildən-ilə Nilin sularıyla sulanan torpaq yaxşı məhsul gətirirdi. Yaqubun nəsli tezliklə artmağa başladı və bir müddət sonra misirlilər üçün təhlükə yaradan kiçik bir xalq oldu. Buna görə fironlar ibraniləri qul elədilər, onlarla qəddarcasına rəftar etdilər. Bəzi israillilər köləlikdə ata-babalarının Allahını xatırlayıb, Onu köməyə çağırmağa başladılar. Rahat illərdə firavan həyat sürəndə Allahını unutmuşdular. İndi isə yoxsulluq və ehtiyac içində təkrar Yaradanına, Xilaskarına döndülər. O zaman Rəbb Öz qulu Musanı göndərdi. Musanı fironun sarayında böyüdərək və səhrada yaşadaraq xüsusi missiyası üçün əvvəlcədən hazırlamış Rəbb Musaya yanıb-qurtarmayan kolda göründü və ona Öz adını açdı: ibranicə "Ehye" adının mənası belədir: "Mən olduğum kimi varam. Var olan, əsla dəyişməyən, sizə əbədi olaraq sadiq qalan Mənəm". Yazılmışdır: "Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız" (Yer. 29:13).

Rəbb Musanı, Misir tanrılarından biri sayılan böyük firona, ibrani kölələri azadlığa buraxmasını tələb etməsi üçün göndərdi. Lakin Nil vadisinin hökmdarı ucuz işçi qüvvəsini əldən buraxmaq istəmədi. Onun ürəyi get-gedə Rəbbin sözünə qarşı daha çox inadkar olurdu. Rəbbin verdiyi çoxlu cəzalar və müsibətlər ilə məcbur edildikdən sonra firon İbrahimin oğullarını buraxdı. Nəhayət onlar Misir ölkəsindən çıxdılar, amma saleh olduqlarına görə yox, sadəcə olaraq imanla itaət etdiklərinə görə. Əllərində silah yox idi. Kəsilmiş Pasxa quzusunun qanı ilə hifz edilən xalq gecə vaxtı səhraya tərəf qaçdı. Hər ailə bir quzu kəsmişdi. Xalqın Qırmızı dənizdən keçməsi, onları təqib edən düşmənlərinin isə dənizdə batması ilə möcüzəli xilasları tamam olmuşdur. Hal-hazırda Qahirədəki Misir Muzeyində ağciyərində yosun aşkar edilmiş fironun mumiyasına baxmaq olar.

Müsəlmanlar öz düşmənləri üzərindəki qələbələrini Allahın müdaxilə etməsi ilə izah edirlər. Lakin Məhəmməd Bədr döyüşündə təkcə İlahi möcüzə ilə deyil, həm də güclü silahlarıyla qələbə çaldı. Onun tərəfdarları canlarını fəda etdilər. Buna görə heç təəccüblü deyil ki, onlar düşmənlərini məğlub etdilər! Musanın möcüzəli qələbəsi başqa idi. Musanın bir damcı qan axıtmadan, Allahın möcüzəsiylə çaldığı bu qələbə islamda hamının iştirak etməli olduğu “cihad” kimi dərk edilir. Quranda bu prinsip belə açıqlanır: "Onları siz öldürmədiniz, Allah onları öldürdü. Düşmənlərin gözünə bir ovuc torpaq atdığın zaman sən atmadın, Allah atdı..." (Ənfal surəsi 8:17).

Allah İsrail övladlarını böyük möcüzə ilə Misir köləliyindən azad etdikdən sonra onları quru, isti səhraya apardı. Orada onlarla əbədi əhd bağlamaq istədi ki, O müqəddəs olduğu kimi, onlar da müqəddəs olmağı öyrənsinlər. Allah onları bütün insanlar üçün Allahın taxtı önündə barışdırma xidmətini yerinə yetirən kahinlər tayfası olaraq çağırdı. On Əmr əhd kitabının mərkəzi hissəsiydi, Rəbb ilə ünsiyyətin qızıl qanunu idi. Allahın taxtı əhd sandığında saxlanan iki Qanun lövhəsi üzərində idi.


02.9 - Əhdi-Cədiddə xilas və On Əmrin məqsədi

Bu gün, 3300 ildən sonra, Allahın Yaqubun nəslini köləlikdən xilas etdiyi bu böyük qələbəni düşünəndə və onu Məsihin yeni əhddə tamamladığı xilasla müqayisə edəndə, On Əmri açan giriş sözləri belə xülasə edə bilirik:

"Səni əbədi xilasla satın alan
Atan Rəbb Mənəm".

İsa dünyaya gəlib Allah Quzusu kimi çarmıxa çəkilərək hər kəsin günahlarını Öz üzərinə götürəndən bəri biz bütün xalqlar üçün Allahın mərhəmətini elan edirik, İsanın bəşəriyyətin Rəbbi və Xilaskarı olduğuna şəhadət edirik. İsa Öz iztirabları və ölümü ilə günahın zəncirlərini qırdı, şeytanın hökmranlığını məğlub etdi, bizi ölümdən qurtardı, Allahın qəzəbindən azad etdi, məhkumiyyətimizi Öz üzərində daşıdı. Bizim xilasımız tam kamil şəkildə Məsihdə tamamlandı. Buna görə biz şükran və imanla İsanın xilasını qəbul etməliyik.

Allahın xilası hər insan üçün hazırdır. Allah bizi döyüşsüz-silahsız, valehedici surətdə xilas etdi. Bəli, qan axıdılıb, ancaq Onun düşmənlərinin qanı deyil, vahid Oğlunun qanı axıdılıb.

On Əmr, insanın öz-özünü xilas etmək üçün verilməyib. Əksinə, xilas olmuş imanlılara verilib ki, əvəzsiz olaraq qəbul etdikləri xilasa görə Rəbbə şükür edərək Allahı razı salsınlar. Öz cəhdləri, səyləri, qüdrəti ilə günahdan, iblisdən, ölümdən, Allahın qəzəbindən xilas edəcəyini güman edən hər kəs yanılır və getdikcə günahın köləliyində batıb məhv olur.

On Əmr bizi özümüzü müqəddəs etməyə sövq etməz, lakin tamamlanmış xilasa görə dərin minnətdarlıq və sevinc duyaraq imanla itaət etməyə yönəldər. Biz Səmavi Atamızı Allah Quzusu İsa ilə birlikdə Müqəddəs Ruhun qüvvəsiylə izzətləndirəndə Musanın Qanununun əsil məqsədini lazım olduğu kimi dərk edirik. Allah bizi mühakimə etmək, lənətləmək, On Əmri üzərimizə ağır yük kimi qoymaq istəməz. Yox, bizim Rəbbimiz xilasımızı çoxdan planlaşdırmışdır. Qanun elan edilməzdən uzun zaman öncə Allah xilasımızı qərarlaşdırmışdı. O, xilas olmuş möminləri tövbəyə gətirmək, dəyişdirmək, Müqəddəs Ruhda itaətkar və həlim insanlar etmək üçün Qanunu vermişdir. Beləliklə, Qanunun məqsədi bizi həlak etmək deyil, Allahla ünsiyyətə gətirməkdir.

Bəlkə də bu dünyada kölə olanlar On Əmrin mənasını daha düzgün anlaya bilərlər. Kölənin heç azadlığı yoxdur, o, xəstə olanda da, qocalığında da işləməyə borcludur. Kölələr çox vaxt dözülməz şəraitdə işləyirlər. Köləni heç kəs tanımır, lakin hər kölələr öz üzərində nömrəsini daşıyır. Köləni sevən, qayğısına qalan yoxdur, kölədən hər kəs yalnız istifadə edir.

Allah Öz xalqını bu cür məşəqqətdən, əzab-əziyyətdən azad etmişdir. Bu səbəbdən, On Əmr, azadlığa çıxan kölələrə azadlıqda ağıl-kamalla yaşamağı öyrədən rəhbər kitabı kimidir. Azadlıqla birlikdə çoxlu sınaqlar gəlir. Allahla ünsiyyətdə yaşamayan insan tezliklə öz cismani ehtiraslarının və günahlarının köləsinə çevrilə bilər. Allah insanı Öz surətində yaratdığına görə, insan Allahla ünsiyyətdə olmadığı təqdirdə bircə dəqiqə belə saleh həyat sürə bilməz. Allahdan ayrı tam azadlıq ola bilməz.

Günah içində yaşayan hər kəs günahın köləsidir. Narkotik, şəhvət, oğruluq, tənbəllik, zorakılıq və kin belə insanın bədənini və ruhunu günah zindanına salar. Bir çox insanlar alkogolizm, papiros çəkmə, narkotik asılılığı, yalan danışmaq adəti, cadu və ruhları çağırmaq həvəsinin gözlə görünməyən qəfəsində dustaq kimi qalırlar. Şeytan onları əlində oyuncaq kimi oynadır. Lakin İsaya iman edən hər kəs bu qəfəsdən azad olur və Rəbb onlara Allahın övladının azadlığını bəxş edir. Məsih yeganə Qalibdir, Xilaskardır, Rəbdir. O, hikmətli Həkim, yaxşı Çoban və sadiq Dostdur. O, Ona tərəf gələn heç bir adamdan məsləhəti və köməyi əsirgəməz.

On Əmr, lütflə azad olmuş adamları yıxılmaqdan saxlayan səddir. Allah onlara Ata olub, Məsih onların Xilaskarı və Rəbbi olub, Müqəddəs Ruh isə onlara qüvvət verən Təsəlliverici olub. Onlar Ata, Oğul və Müqəddəs Ruh olan vahid Allahı tanıyıblar və öz həyatında Onun xilasını dadıb şükür ediblər. Beləliklə, onlar bu qürbət səhrasından keçərkən, On Əmr onların yolunda Allahın bir əlaməti, həmd ilahisi tək olmuşdur (Zəb. 119:54).

www.Waters-of-Life.net

Page last modified on March 11, 2014, at 10:33 AM | powered by PmWiki (pmwiki-2.3.3)