Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 088 (Founding of the Church in Corinth)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

8. Korinfdə imanlılar cəmiyyətinin qurulması (Həvarilərin İşləri 18:1-17)


HƏVARİLƏRİN İŞLƏRİ 18:1-4
1 Bundan sonra Paul Afinadan çıxıb Korinfə getdi. 2 Orada Pontda doğulan Akila adlı bir Yəhudiyə rast gəldi. O, arvadı Priskila ilə birlikdə İtaliyadan yenicə gəlmişdi. Çünki Klavdi əmr vermişdi ki, Romada olan bütün Yəhudilər oradan çıxsınlar. Paul onların yanına getdi. 3 Onların peşəsi çadırçılıq idi və eyni peşə sahibi olan Paul buna görə onların yanında qalıb çalışdı. 4 Paul hər Şənbə günü sinaqoqda mübahisə edib həm Yəhudiləri, həm də Yunanları inandırırdı.

İnsanların dindarlığını əsas götürərək Məsihi müjdələmək müdrik görünə bilər, amma bu üsulun Afinada Paula çox xeyri olmayıb. Yunan mütəfəkkirlər Məsihin dirilməsinə istehza etdilər, necə ki yəhudilərin Ali Şurası Məsihə və xilasına istehza etmişdi. Odur ki, Paul Rəbbin əmri ilə bu məğrur şəhəri tərk etdi (Mat. 10:14). Yəhudi qanunpərəstlər ilə yunan mütəfəkkirlərin xəstəliyi eyni idi. Birincilər öz səyləri ilə Allahın Qanununu yerinə yetirmək istəyiblər, ikincilər isə Allahı öz fikirləri ilə tanımaq xəyalına düşüblər. Bunların hər ikisi qeyri-mümkündür. Qanunpərəstlər əvəzsiz olaraq xilası qəbul etmək istəmədikləri kimi, mütəfəkkirlər də ağıllarını Vəhyə tabe etməyə razı olmadılar, qürurlu eqoist oldular, bilə-bilə Allahın mərhəmətindən uzaqlaşdılar.

Təbii insan Allahın Ruhu tərəfindən nurlandırılmadan, həqiqi Allahı tanıya bilməz. Qanunu yalnız Ruhun məhəbbəti ilə yerinə yetirmək mümkündür. Qanunpərəstlər dikbaş olduğu kimi, mütəfəkkirlər də mürəkkəb düşüncələrinə rəğmən, ağılsızdır. Paul bütlər və mütəfəkkirlərlə dolu olan, ona istehza edən bu şəhəri tərk edərkən, ürəyi ağrıyırdı. Bəlkə də o, Allahı inkar edən fəlsəfə ruhlarının İmanlılar Cəmiyyətinə də yüzilliklər boyunca xeyli çox zərər və ziyan verəcəyini hiss etmişdi. Çünki bu ruhlar Allaha tabe olmaq istəmirlər.

O vaxt Yaşayan Rəbb Paula xeyir-dua verdi, onu yəhudi ər-arvadın yanına gətirdi. Çadırçılıqla məşğul olan bu ər-arvad çox danışmazdı, dua edib əlləri ilə zəhmət çəkərdi. Güman ki, onlar Romada məsihi olmuşdular və Klavdinin dövründə paytaxtda yəhudilərə qarşı təqiblər baş verəndə (41-54-cü illər), Korinfə köçmüşdülər. Var-dövləti və eləcə də əxlaqsızlığı ilə şöhrət qazanmış bu inkişaf edən liman şəhərində dünyanın hər yerindən gələn adamlar yaşayırdı. Orada Paul bu sadiq ər-arvadla birlikdə işləməyə başladı, çünki o, özü üçün ianə toplamazdı, amma öz əlləri ilə işləyib özünü və həmkarlarını dolandırardı.

Beləliklə, Paul Korinfdə gündüzləri çadırçılıqla məşğul olardı, işini qurtarandan sonra da Müjdəni yayardı. Axşamları dincəlməzdi, hətta bayram və istirahət günlərində belə vaxtını və gücünü Rəbbə sərf edərdi. Korinfdə keçirdiyi ilk günlərdə Paul yəhudi sinaqoqunda vəz etməklə kifayətlənərdi. Ola bilir, Afinadakı acı təcrübəsi ona ibrət olmuşdu və o, dua etməyə və düşünməyə daha çox vaxt sərf etməyə başladı, özünün vəz üslublarını nəzərdən keçirdi, necə ki Korinflilərə 1-ci Məktubunda bu barədə oxuyuruq (1:18-2:16). Bu ayələri diqqətlə oxusan, Paulun o vaxtkı durumunu hiss edə bilərsən.

HƏVARİLƏRİN İŞLƏRİ 18:5-8
5 Sila ilə Timotey Makedoniyadan gələn kimi Paul özünü tamamilə kəlama həsr etdi və Yəhudilərə İsanın Məsih olmasına dair şəhadət edirdi. 6 Amma Yəhudilər onun əleyhinə çıxaraq böhtan atmağa başlayan kimi Paul yaxasını çırpıb onlara dedi: «Qanınız öz başınıza dönsün, bu işdə təmizəm. Bundan sonra mən başqa millətlərdən olanların yanına gedəcəyəm». 7 Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nəfərin evinə getdi. Onun evi sinaqoqa bitişik idi. 8 Sinaqoq rəisi Krisp bütün ev əhli ilə birgə Rəbbə iman etdi. Korinflilərin bir çoxu Paulu dinləyəndə iman gətirərək vəftiz oldu.

Sila ilə Timotey Paulun yanına gələndə, Paul təzədən qardaşlarla ünsiyyətdə olmaqdan ruhlandı. Ya Sila, ya da Timotey Makedoniyadakı cəmiyyətlərdən böyük ianə gətirdiyinə görə (2Kor. 11:9), həvarinin Müjdəni yaymağa daha çox vaxtı oldu. Yəhudi sinaqoqlarında o, Tövratla sübut edirdi ki, yəhudilər tərəfindən rədd olunmuş, çarmıxa çəkilmiş Nazaretli İsa həqiqi Məsihdir. Ondan sonra həmişəki kimi yəhudilərin əksəriyyəti nifrətlə dolub, nifrətlə Paulu rədd etdi, Müjdəyə küfr etdi; Paul onlardan ayrılmağa məcbur oldu, onlara “Qanınız öz başınıza dönsün!” – dedi. “Mən təmizəm, çünki bu xilas barədə hər şeyi sizə anlatdım”. Bu sözlər göstərir ki, Çarmıxa Çəkiləni rədd edənlər son mühakimədə öz canına qəsd edənlər kimi dayanacaqlar. Çünki onlar xilas verən lütfü bilərəkdən rədd etdilər, onlar üçün ayrı bir kəffarə qurbanı yoxdur. Onlar öz-özlərini həlaka məhkum etdilər.

Bu olaydan sonra Paulun öz xidmətini Korinfdəki bütpərəstlərə yönəltdiyini görürük. Bununla belə, o, yəhudi sinaqoqundan uzaqlaşmayıb, sinaqoqun yanındakı evdə Yust adlı mömin bir adamdan bir otaq kirayə tutdu. Paul insan tutan balıqçı olmaqdan qorxmurdu, sinaqoqun qapısında tapdığı insanları öz evindəki toplantılara gətirirdi. Toplantıları həftə boyunca davam edirdi. O həmçinin yəhudi sinaqoqunun rəisinə hörmət göstərib və onu imana gətirənə qədər onunla söhbət edib, həqiqət və məhəbbətlə onu nurlandırıb. Bu, korinflilər üçün möcüzə idi. Allahın qədim xalqının ən yetkin nümayəndəsi məsihi oldu, arvad-uşağı, qul-nökəri ilə birgə vəftiz oldu. Paul onların hamısını vəftiz etdi və onlar Məsihin hökmranlığına daxil oldular (1Kor. 1:14). O adam Məsihin yolunu tutduqdan sonra çoxları ondan nümunə götürüb məsihi oldular və Korinfdəki imanlılar cəmiyyəti çox artdı.

HƏVARİLƏRİN İŞLƏRİ 18:9-17
9 Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma. 10 Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur». 11 Paul orada il yarım qaldı və xalqa dayanmadan Allahın kəlamını öyrətdi. 12 Axayya valisi Qalliyo olan zaman Yəhudilər birləşərək Paula hücum etdilər və onu valinin hökm kürsüsü qarşısına çıxartdılar. 13 Belə dedilər: «Bu adam Allaha qeyri-qanuni şəkildə ibadət etmək üçün insanları tovlayır». 14 Paul danışmaq istəyirdi ki, Qalliyo Yəhudilərə dedi: «Ey Yəhudilər, əgər ittihamınız bir haqsızlıq və yaxud ağır cinayət işinə görə olsaydı, sizi səbirlə dinləməyi məsləhət bilərdim. 15 Amma məsələlər bir təlimlə, bəzi adlarla və sizin qanununuzla bağlı olduğu üçün bu işi özünüz həll edin. Mən belə şeylərə hakimlik etmək istəmirəm». 16 Beləliklə, onları hökm kürsüsündən qovdu. 17 Hamı sinaqoq rəisi Sosteni tutub hökm kürsüsünün qarşısında döydü. Qalliyo isə bu hadisələrə əhəmiyyət vermədi.

Paul bilirdi ki, sinaqoq rəisinin haqq yola gəlməsi üzündən yəhudilər ona hökmən kin və qəzəblə hücum edəcəklər. O nə edəcək idi: Korinfdə qalacaq, yoxsa qaçacaq idi? Yeni cəmiyyət üçün hansı yaxşı olacaqdı? O, bu suallarla Rəbbə üz tutdu, dua etdi və Rəbb ona əvvəlcə verdiyi əmri yenidən təsdiqlədi: o, açıqca və cəsarətlə Müjdəni danışmalı idi. Sənə bu səmavi sözləri əzbərləməyi məsləhət görürük, çünki onlarda Allahın iradəsi açıq-aydın görünür.

Məsih səni hər cür qorxudan çəkindirir, çünki ilahi məhəbbətdə qorxu yoxdur. Məsih sənə yaxındır, buna görə güclü ol və susma! Danış, ölümdən dirilmiş Şəxsin həqiqətinə şəhadət et! Bizim inancımız nə dindir, nə də fəlsəfə, ancaq qəlbən bağlandığımız Şəxsdir. Həqiqətən, Məsih dilirdi və Rəbbin Özü dövrün qurtaracağınadək hər gün bütün qulları ilə birlikdə olacağını vəd edir. Bu, Onun elçi və həvarilərinə, xidmətçi və davamçılarına böyük təsəlli verir. Sən tərk edilməmisən, unudulmamısan, zira səni saleh sayan Rəbb səni əsla tərk etməz, həmişə sənin yanında olar, səni təqdis edər, son nəfəsinə qədər sənin daxilində qalar. Məsihin məhəbbət dolu iradəsi olmadan sənin başına heç bir iş gələ bilməz. O sənə yol göstərər və iblisin bütün hiylələri sənə zərər verməz, çünki səni qoruyan Rəbdir.

Allahın səninlə şərikliyinin məqsədi ətrafında olan çox insanın xilas olmasıdır. O, xilas üçün seçdiyi bu adamları sənin vasitənlə səsləyir. Onlar sənin dilindən Rəbbin sözlərini eşidir və imanla Ona tərəf dönüb təzələnirlər; Müqəddəs Ruhun məhəbbətində bir cəmiyyət olaraq birləşir, onları zülmətdən nura çağıran Allahın fəzilətlərini elan edən müqəddəs xalqı olaraq şərikliyinə daxil olurlar. Şübhəsiz ki, Rəbb sənin şəhərində Ona ürəkdən dua və ya həmd edən hər adamı tanıyır. Buna görə, ruhdan düşmə, yalnız Məsihin qələbəsinin bu gün gerçəkləşdiyinə iman et! Ona güvənənlər Onun zəfər yürüşünə qoşulurlar.

Rəbb İsa Paulu xüsusilə inandırdı ki, Korinfdən onu heç kəs qova bilməz; Antakyada, Konyada, Listrada, Filipidə, Salonikdə və Veriyada başına gələnlərin əksi olacaq: ona zərər verməyə çalışan hər kəs Rəbdən cəza alacaq. Beləcə həvari bir il yarım bu pis şəhərdə sinaqoqun yanında qaldı, imanlılarla ünsiyyətdə oldu, açıqca Müjdəni yaydı və heç kəs ona mane olmadı.

Eramızın 53-cü ilində Yuliy Qalliyo Romanın Axayya vilayətinin “prokonsulu”, yəni valisi oldu. Korinf o vilayətin mərkəzi idi. Qalliyo vali olandan sonra yəhudilər məsihilərə qarşı təqiblər etməyə cəhd etdilər. Onlar Paulu qeysərin düşməni, ilahi Padşahın carçısı olmaqda ittiham etmədilər, ancaq onların yəhudi qanununu düzgün bilmədiyindən, yəhudiliyə və Roma qanununa zidd olan yeni dini yaydığından şikayət etdilər. Lakin vali Qalliyo əvvəlcədən yəhudilərə qarşı idi. O, Allahın qədim xalqını Romadan qovmuş Klavdinin partiyasına mənsub idi. Odur ki, vali bu şikayəti qəti şəkildə rədd etdi və Paulu özünü müdafiə etməyə qoymadı. Məsih Öz qulunu qorudu və Paulun özünü müdafiə etmək üçün bircə kəlmə deməyə belə, gərək olmadı.

Hakimə Pauldan şikayət edən yəhudi sinaqoqunun yeni rəisi istədiyinə nail olmadı. Onda sinaqoqdakı mömin yəhudilər onu tutub valinin gözləri önündə döydülər, çünki bu yeni rəis onların icmasını yeni hakimin önündə rəzil etmişdi. Xaxam, Paulu qoruyan Məsihin əlinə mane olmağa çalışanda, Məsihi əli onun özünə ağır zərbə endirdi. Allahın Cəmiyyətinin qurulmasına heç kəs mane ola bilməz, çünki Rəbb Özü seçdiklərini qoruyur. Buna görə sən iman et və susma! Danış və gecə-gündüz bacı-qardaşlarla şəriklikdə Rəbbə şükür et!

DUA: Ya Rəbb Məsih, qulun Paulu Korinfdə qoruduğun, qüvvətləndirdiyin, Onunla olduğuna inandırdığın üçün Sənə şükür edirik! İmanımızı qüvvətləndir, məhəbbətimizi artır və bizi canlı ümiddə hifz elə! Qoy biz yolunu azmışlara cəsarətlə şəhadət edək ki, Sən onları həqiqətən xilas etmisən! Amin.

SUAL:

  1. Məsih Paula Korinfdə hansı xüsusi vədini verdi?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:50 AM | powered by PmWiki (pmwiki-2.3.3)