Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 006 (Paul’s Desire to Visit Rome)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Giriş: Allaha şükürlər və Məktubun əsas ideyası olaraq “Allahın salehliyi” mövzusunun açılması (Romalılar 1:1-17)

b) Həvarinin Romanı ziyarət etmək arzusu (Romalılar 1:8-15)


ROMALILAR 1:8-12
8 Hər şeydən əvvəl, hamınız üçün İsa Məsihin vasitəsilə Allahıma şükür edirəm ki, imanınız bütün dünyada elan olunur. 9 Oğlunun Müjdəsini yaymaqda bütün qəlbimlə ibadət etdiyim Allah şahidimdir ki, mən sizi necə daim yada salıram. 10 Dualarımda həmişə yalvarıram ki, Allahın iradəsi ilə nəhayət yanınıza gəlməyə nail olum. 11 Çünki sizi qüvvətləndirmək üçün sizə ruhani bir ənam çatdırmaq məqsədindəyəm; buna görə də sizi görmək üçün həsrət çəkirəm. 12 Daha doğrusu, mən aranızda olarkən bir-birimizin imanı ilə qarşılıqlı halda ruhlanaq.

Paul Romadakı imanlılar cəmiyyəti haqqında çox eşitmişdi və müjdəçi səyahətlərində dəfələrlə bu cəmiyyətin üzvlərinə rast gəlmişdi. Onların imanlarının sağlam, canlı, yetkin olduğunu görən Paul bu möcüzəyə görə ürəkdən şükür edirdi, çünki Məsihdə Allahla barışmış hər imanlı özü bir möcüzədir və biz hər imanlıya görə şükür etməliyik. Müqəddəs Ruhla Allaha və Oğula xidmət edən bir cəmiyyət üçün isə biz gecə-gündüz böyük sevinc və heyranlıqla Ataya səcdə qılıb həmd etməliyik!

Paul Allaha məxsus olan bir adam kimi “Allahım” deyirdi. Yeni əhddə bütün ürəyi ilə Allaha bağlanmış olan bu adam Allahı qəlbdən sevirdi! Lakin Allah-Taala ilə yaxın münasibətinə baxmayaraq, Paul öz adı ilə dua etməzdi, yalnız Məsihin adı ilə dua edərdi! Ürəklərimizdən gələn bütün dualar İsa Məsihin qanı ilə təmizlənməlidir. Yalnız o halda biz Allaha dua edə bilərik. Allah bizə Müqəddəs Ruhunu verir ki, biz Onun Ata adını müqəddəs tutaq və sevinclə Ona səcdə qılaq. Allahın bütün xidmətçiləri Onun üçün müqəddəsdir və Onun məhəbbətinin qulları kimi Ona məxsusdurlar!

Onların xidmətinin məzmunu Müjdədir. Bu Məktubun birinci ayəsində Paul Müjdəni “Allahın Müjdəsi” adlandırır, burada, doqquzuncu ayədə isə o, Müjdəni “Oğlunun Müjdəsi” adlandırdı. Bunu dedikdə o, ilahi xilas barəsindəki xoş xəbərin Allahın Oğlunun varlığından asılı olduğunu nəzərdə tutur. Paulun bütün fikirləri, hissləri Məsihin Oğul və Allahın Ata olmasında cəmlənir! Bu Müjdəni şüurlu şəkildə inkar edən və qəti olaraq rədd edən adam Allahın lənətinə gəlir!

Paul Ata, Oğul və Müqəddəs Ruh ilə şəriklikdə, sıx ünsiyyətdə yaşayırdı. O, Romadakı imanlılar cəmiyyətini daim düşündüyünü və dualarında yada saldığını deyib, Müqəddəs Üçlükdə vahid Olanı buna şahid olmağa çağırırdı. Millətlərin həvarisi çox məşğul olmasına, müxtəlif insanlar üçün səmimi və sadiq şəkildə dua etməsinə baxmayaraq, mövcud olan imanlılar cəmiyyətləri üçün də dua etməyi unutmurdu. Yalnız müntəzəm olaraq dua edən adam sadiq ruhani rəhbər, quzuların çobanı, Müqəddəs Ruhun qüdrətilə xidmət edən vaiz ola bilər. Bir adamdan Allahın qüvvəsi çıxırsa, bunun səbəbi məhəbbət, dua, Allaha və insanlara olan xoş niyyətdir!

Paul uzun zaman idi ki, Romaya getmək arzusunda idi, xüsusilə “nəhayət” Anadolu, Makedoniya və Yunanıstanda xidmətini başa çatdıran həvari anlamışdı ki, “İtaliya çəkməsi”ni taxmaq vaxtı gəlib çatıb!

Ancaq o öz arzu və planlarına görə bu səyahətə çıxmayacaqdı, Atasının iradəsinə tabe olacaqdı. Paul bilirdi ki, Atasının iradəsinə uyğun gəlməyən hər hansı iş uğursuzluq, bədbəxtlik və bəla ilə qurtaracaq! Paul öz arzularının köləsi deyil idi, lakin tamamən Səmavi Atasının verdiyi istiqamətdə həyatını qururdu.

Həvari Rəbbə tabe olsa da, bu onun hələ şəxsən tanımadığı Romadakı cəmiyyətlə tanış olmaq şövqünü heç də söndürmürdü. O, Müqəddəs Ruhla dolu olduğunu bilir və vulkan təki Allahın qüvvəsini hər yana püskürürdü. Paul, ona verilmiş olan qüvvəni Romadakı imanlılar cəmiyyətinə də çatdırmaq istəyirdi. O istəyirdi ki, Romadakı cəmiyyət dirçəlsin, xidmət üçün hazırlansın, əsil məhəbbət, iman və ümiddə möhkəm dursun! İmanlıların bu cür möhkəmləndirilməsi həvarilərin fəaliyyətinin başlıca məqsədidir.

Paul Romaya böyük adam kimi getmək istəmirdi, o özünü çox aşağı salıb təkcə verməyə deyil, romalı imanlılardan almağa, həvarinin iştirakı olmadan Allahın onların həyatında etdiklərini öyrənməyə də getdiyini yazırdı. Beləliklə, o da bütün həvarilərlə birlikdə Romadakı müqəddəslərin həyatında İlahi Təsəllivericinin şəhadətindən təsəlli alacaqdı.

Paul əvvəlcə dediyi kimi, yeni inanc gətirməyib, Məsihin ruhani bədəninin üzvləri olan bütün həqiqi məsihilərin qəbul etdiyi inancı və biliyi, onlarda fəal olan qüvvəni gətirib. Birdən artıq imanlılar cəmiyyətinin var olduğunu iddia edənlər yalançıdırlar, zira Müqəddəs Ruh birdir, Məsih birdir, Ata birdir. Əsil imanlılar bir-biri ilə tanış olmayanda belə, bir Atanın övladları kimi bir yerdə yığılırlar. Onlar bir Ruhdan doğulduqlarına görə, bir yerə gələndə çox sevinirlər, birlik və həmrəyliklə ünsiyyətdə olurlar.

DUA: Sənə səcdə qılırıq, ey Ata, çünki Sən bütün dünyada cəmiyyətini toplayırsan, onu möhkəmləndirib, vəsflərinlə təmin edirsən. Hər yerdə olan qardaş-bacılarımız üçün dua etməyi bizə öyrət! Həqiqi övladlarının hamısı üçün Sənə şükür edirik, çünki Müqəddəs Ruhundan doğulmuş hər kəs möcüzədir! Gözlərimizi aç, qoy biz bir-birimizi anlayaq və sevək, Sənin hüzurunda sevinək! Bir-birimizlə ünsiyyətdə olmağımız üçün bizə müdriklik və əfv ver, qoy biz Sənin həqiqətində qalaq, Səninlə və eləcə də Oğul və Müqəddəs Ruhla olan şərikliyimizdən uzaqlaşmayaq!

SUAL:

  1. Niyə Paul daim Allaha şükür edirdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:43 AM | powered by PmWiki (pmwiki-2.3.3)