Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
C - Məsihin Qalileyadakı xidmətinin ilk mərhələsi (Matta 4:12-25)
3. Xilaskarın xidmətinin parlaq təsviri (Matta 4:23-25)MATTA 4:23-25 Bu sözlər necə gözəldir! İsanın harada, kimlər üçün nələri etdiyini qısaca təsvir edən bu ayələrlə bütün Müjdəni yekunlaşdırmaq olar. İsanın xidmətinin lövhəsini canlandıran bu parçanı bir daha oxu. İsa hər kəsi Ona gəlməyə səslənə bilərdi, lakin O, lütf və təvazökarlıq göstərərək Özü onların yanına getdi, çünki O «sizə lütf göstərmək üçün gözləyir» (Yeş. 30:18), çünki O «axtarıb xilas etmək» üçün gəldi. Tarixçi İosif Flaviy yazıb ki, «Qalileyada təqribən iki yüz şəhər və kənd var idi və Məsih onların hamısında və ya çoxunda olmuşdur». O, mömin yəhudilərin sinaqoqlarında təlim öyrətdi, yollarda, küçələrdə, meydanlarda imansız adamlara Müjdəni vəz etdi. Müjdəçi Matta təlim ilə vəz arasındakı əhəmiyyətli fərq olduğunu göstərdi. Təlim, müəyyən mətnin şərh edilməsi yolu ilə biliyin dərin şəkildə açıqlanması, əqidə əsasında nizamlı fikirlərin təsdiq edilməsi, sualların qoyulması və cavablarının verilməsindən ibarətdir. Vəz isə xilası elan edən, günahkarları Allaha tərəf dönüb lütfünün nuruna gəlməyə səsləyən şeypur səsinə bənzəyir. Təlim iman edənlərin gündəlik həyatda Allahın iradəsini yerinə yetirməyi öyrənmələri üçün lazımdır. Xilas barəsində Müjdənin vəz edilməsi isə Xilaskar İsaya iman etməyənlər üçündür. İsa həm müəllim, həm də vaiz idi. Onun təlimi və vəzi Padşahlığın Müjdəsindən ibarət idi. Yunanca "Müjdə" mənasına gələn "yevangelion" kəlməsi o dövrdə qeysərin evində bir uşağın doğulması, yaxud qeysərin düşmənlər üzərindəki qələbəsi barədə rəsmi xəbər mənasında Roma qeysərinin evində geniş işlənən bir söz idi. Bu sözün mənası şad xəbərin padşah ailəsinin səviyyəsində elan edilməsi idi. Məsihin Müjdəsinin mənası, günah, ölüm və şeytanın üzərində qələbə qazanan Oğulun doğulması və bu qələbənin nəticəsində Səmavi Padşahlığın insanlar arasına gəlməsi barədə Allahın şad xəbəridir. Səmavi Padşahlığın yayılmasına heç kəs mane ola bilməz. Müjdə bizə Allahın məhəbbətinin aləmlərdə hökmranlığının artmasından xəbər verir. Məsih yalnız danışmayıb, öyrətdiyi hər şeyə Özü əməl edib. Məsihin ürəyi, Allahdan uzaq olan, şeytanın hakimiyyəti altında əzilən və əziyyət çəkən insanlara qarşı mərhəmət və şəfqətlə dolu idi. Onun insanlara rəhmi gəlirdi və O, hədsiz məhəbbətlə onlara şəfa verirdi. Məsihin bütün ruhlar və xəstəliklər üzərində tam səlahiyyəti var idi. Müjdəçi Matta bütün xəstəlikləri üç ümumi növə ayırıb: birincisi, «hər cür xəstəlik»; korluq, şikəstlik, qızdırma və s. buraya daxildir; ikincisi, «hər cür naxoşluq»: atrofiya, vərəm və s.; üçüncüsü, «hər cür xəstəlik və iztirab çəkmə»; bunlara epilepsiya kimi xəstəliklər daxildir. Xroniki yaxud kəskin, təhlükəli yaxud təhlükəsiz, bütün xəstəliklər İsanın sözünə tabe idi. Üç növ xəstəlik: iflic, epilepsiya və cinlərə tutulma xüsusilə qeyd olunur: iflic ən ciddi fiziki naxoşluqdur; epilepsiya ən şiddətli əqli xəstəlikdir; cinlərə tutulma, yaxud "məcnunluq" həm ağlın, həm də bədənin pozulmasının ən şiddətli formasıdır. Bununla belə, Məsih hamıya şəfa verirdi, çünki O, bütün xəstəliklər üzərində səlahiyyəti olan, ən qüdrətli can və bədən Həkimidir. Məsih ilə dünyamızın ortasında əsil cənnət başladı. Yaradan yaradılışın yanına gəldi və Ona iman edənləri təzələməyə başladı. Bu həqiqət barəsində hətta məsihi olmayan kitablarda belə yazılmışdır. Məsih xəstələrə şəfa verməkdən başlamazdı, amma xalqa Müjdəni vəz etməyə üstünlük verərdi və ancaq vəz edəndən sonra Ona iman edənlərə şəfa verərdi, çünki dünyanın təzələnməsi xeyriyyədən, iqtisadi planlardan, sosial təminatdan başlamaz, tövbə və Məsihə iman yolu ilə gerçəkləşən ruhani inqilabdan başlayar. Məsihin Şəxsiyyətinə olan iman həm ürəkləri, həm də vəziyyətləri dəyişdirər. Məsihin ətrafında varlı, savadlı, dindar olan adamlar, yaxud qohum-əqrəbaları yığılmamışdı, ancaq məzlum, xəstə və məcnun olanlar yığılmışdılar. Möhtac və dərdli insanların arasında duran İsanın surəti nə gözəldir! İsa onlara mərhəmət, bərəkət, şəfa və ümid verdi. Bu gün biz böyük iclaslarda hökmdarların, başçıların ətrafında yığılan izdihamları görə bilirik. Onlar gəlib başçıların boş vədlərinə qulaq asırlar, ürəkləri təsəlli, bədənləri şəfa tapmır. Məsih isə Ona imanla gələnlərə şəfa verirdi. Onun izzətinə yaxınlaşan, Onun insanları xilas etmək, yardım göstərmək istədiyinə inanan hər kəs mütləq bədənində Onun qüvvəsini hiss edib şəfa tapırdı. Xəstə dərhal öz günahlarını rədd edib murdar ruhlardan imtina etməli idi. Sən İsanın Kim olduğunu dərk etmisənmi? İsa yoxsullara, iztirab çəkənlərə qarşı məhəbbətlə dolu sadiq Xilaskardır. Bəs sən Ona yaxınsanmı? Biz səni İsa ilə şərikliyə çağırırıq, çünki bizim də Ona hər gün ehtiyacımız var. DUA: Biz Səni ucaldırıq, ey dünyanın Xilaskarı! Çünki Sən məzlum, xəstə, ümidsiz insanları rədd etməmisən. Onları qəbul etmisən, onlara şəfa və təsəlli vermisən. Qoy dilimiz Sənə izzət oxusun, yoldaşlarımızdan çoxları Sənin məhəbbət Padşahlığına daxil olsunlar! Ya Rəbb, şəfa ver, danış, çağır, zəfər çal! Biz Sənin ətrafında yığılmışıq, Sənin qüdrətinə, səlahiyyətinə iman edirik. İnanırıq ki, Sən bizi və qonşularımızı xilası etmək üçün hazırsan və qəti qərarlısan. Bu gün bizim xaqlımızın içində Öz iradəni yerinə yetirdiyinə görə Sənə şükür edirik! SUAL:
Zülmətdə yaşayan xalq Matta Müjdəsi birinci hissə üzrə suallar:Möhtərəm oxucu! Əgər sən bu Matta Müjdəsi üzrə şərh kitabını diqqətlə oxumusansa, aşağıdakı suallara asanlıqla cavab verə biləcəksən. Sualların 90%-inə düzgün cavab versən, biz sənə ruhən böyüməyin üçün faydalı olan növbəti hissəsini göndərəcəyik. Cavablarını poçtla göndərəcəksənsə, həm zərfdə, həm də cavablarını yazacağın vərəqdə tam adını, soyadını və poçt ünvanını dəqiq şəkildə yazmağı unutma.
Məsih və Onun Müjdəsi barədə dərindən düşünməyi davam etdirməyini məsləhət görürük. Bu yolla sən əbədi xəzinəni əldə edəcəksən. Biz səndən cavablarını gözləyirik və sənin üçün dua edirik. Waters of Life Internet: www.waters-of-life.net |