Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
YEDDİNCİ HİSSƏ - İsanın ölümdən dirilməsi və böyük tapşırığı (Matta 28:1-20)
10. Məsihin müqəddəs həyatı öyrətmək əmri (Matta 28:20)MATTA 28:20 Məsihin elçilərindən, Rəbbin qullarından biri çarmıxın düşmənləri tərəfindən təqib olunanda, bütün əmrlərinə riayət etməyib, öz cəhdlərinin uğursuzluğunu görüb məyus olanda, daxilində yaxud ətrafında olan problemlərdən ürəyi sıxılanda, Məsih ona belə deyir: “Ürək gözlərini aç və gör. Budur, Mən səninləyəm. Sən tək deyilsən. Mən səninləyəm. Səni tək buraxmaram. Mən yaşayıram, səni sevir və qayğına qalıram. Sənin imanını ölüm vaxtında belə möhkəmləndirəcəyəm. Mənə ümid bağla, çünki Mən dünyaya qalib gəldim!” Məsih şagirdlərinə gözəl vəd verib: “Mən sizinləyəm!” O deməyib ki, bizimlə olacaq, amma indidən bizimlə olduğunu elan edib. Allah Musanı göndərdiyi kimi, Məsih elçilərini “Mənəm” adı ilə göndərib. Çünki O dəyişməzdir, dünən, bu gün və əbədi olaraq eynidir (Vəhy 1:8). İsa şagirdlərini tərk etmək üzrə idi və bu, onları çox kədərləndirirdi. Lakin İsa onları ruhən onlarla olduğuna və ruhani hüzurunun fiziki hüzurundan qat-qat üstün olduğuna inandırıb. Məsih bizimlədir və əsla bizə qarşı deyildir. O həmişə sənin tərəfindədir, Sənə dayaqdır. Məsihin ardıcıllarından biri yuxuda qum üzərində yeridiyini və qumda iki nəfərin ayaq izlərini görüb. Rəbb İsadan bunun mənasını soruşanda, İsa ona “Sən həyat səharsından keçərkən, Mən həmişə sənin yanında olmuşam” – deyə cavab verib. Sonra çox təhlükəli bir yerə gəlib çatıblar. Qumda yalnız bir nəfərin ayaq izlərini görməkdən təəccüblənən imanlı qardaş yuxuda Rəbbə belə sual verib: “Bəs həyatımız ən çətin məqamında niyə məni tərk etmişdin?” Xilaskar gülümsəyərək “Səni əsla tərk etməmişəm” – deyə cavab verib. – “Gördüyün ayaq izləri Mənimdir, çünki o yerdə Mən səni qucağımda daşıdım”. Beləcə Xilaskar bizə və bütün qullarına sədaqətini göstərir, itmiş olanları axtaran, Müjdəni yayan ardıcılları ilə birlikdə qalır. Məsih bizimlə olacağına dair vədini təsdiqləyir. O, ömür boyunca bizim yanımızda olacaq, nə gecə, nə də gündüz, nə yayda, nə də qışda səni tərk etməyəcək. Uşaqlığında O sənin yanında olduğu kimi, gəncliyində və qocalığında da həmçinin yanında olacaqdır. Sən günah edəndə belə, O səni tərk etməyəcək. O istəyir ki, sən Davudla birlikdə bu sözləri deyəsən: “Məni canlandırırsan, ismin şərəfinə salehlik yolları ilə aparırsan. Ölüm kölgəsinin dərəsində gəzsəm belə, şərdən qorxmaram, çünki Sən mənimləsən” (Zəb. 23:3-4). Məsih dövrün sonundan bəhs etdi, bizə müharibələr, zəlzələlər, vəbalardan sonra gələcək Məsihin əleyhdarı barədə xəbərdarlıq etdi (Mat. 24:4-14; 1 Yəh. 2:22-25; 4:1-5). O, ardıcıllarına buyurur: “Özünüzü gözləyin ki, heç kəs sizi aldatmasın. Məndə qalın, Mən də sizdə qalacağam və heç kəs sizi əlimdən qapa bilməyəcəkdir”. Təqiblər və müsibətlər öz zirvəsinə çatanda, İsa təkrar gələcək və sevimlilərini şər olanın hökmündən xilas edəcək. Məsih gələndə, zaman və məkan sona çatacaq və ruhani Səmavi padşahlıq zühur edəcək, kəsilmiş Allah Quzusunun hökmranlığı başlayacaq. Məsihin paklanmış ardıcılları Səmavi Atası ilə bir ailə kimi yaşayacaqlar. İsanın Böyük tapşırığında iki dəfə “bütün” və iki dəfə “hər” sözləri işlənmişdir. Məsih deyir ki, göydə və yer üzündə bütün səlahiyyət Ona verilib, ona görə biz gedib, bütün millətləri Onun şagirdi etməliyik, “Ata, Oğul və Müqəddəs Ruh” olan vahid Allahın adı ilə vəftiz etməliyik. İsanın bizə əmr etdiyi hər şeyə itaət etməli və Onun dövrün sonunadək hər gün bizimlə olduğunu yadda saxlayaraq, heç vaxt ruhdan düşməməliyik. Əgər sən Matta Müjdəsinin sonundakı “bütün” və “hər” sözlərini ürəyində qoruyub-saxlasan, sülh içində yaşayacaqsan. DUA: Səni sevirik və Sənə səcdə qılırıq, ya Rəbb İsa Məsih. Zira Sən bizdən uzaq deyilsən, bizi seçmisən, qəbul etmisən, təmizləyib saleh saymısan, Səmavi Ata ilə barışdırmısan, Müqəddəs Ruhla məsh etmisən. Sən bizi məhəbbət, sevinc, sülh, səbir və iffətlə təqdis etmisən. Sənə şükür edirik, çünki Sən bizi əsla tərk etməmisən və etməyəcəksən, Sənin adına görə təqib olunanların hamısının yanındasan. Sən sadiqsən və tezliklə təkrar gələcəksən! SUAL:
Matta Müjdəsi dördüncü suallar seriyası:Möhtərəm oxucu! Əgər sən bu Matta Müjdəsi üzrə şərh kitabını diqqətlə oxumusansa, aşağıdakı suallara asanlıqla cavab verə biləcəksən. Sualların 90%-inə düzgün cavab versən, biz sənə ruhən böyüməyin üçün faydalı olan növbəti hissəsini göndərəcəyik. Cavablarını poçtla göndərəcəksənsə, həm zərfdə, həm də cavablarını yazacağın vərəqdə tam adını, soyadını və poçt ünvanını dəqiq şəkildə yazmağı unutma.
Möhtərəm oxucu! Biz ölümdən dirilmiş Rəbbə şükür edirik ki, sən dua edərək, səylə Məsihin Müjdəsini araşdırmağı başa çatdırmısan. Dua edirik ki, Rəbb İsa sənə bütün yollarında xeyir-dua versin və sənin vasitənlə çoxlarına xeyir-dua versin. Bizə özün haqqında xəbər göndərsən, çox şad olarıq. İmanla bağlı suallarına cavab verməyə çox məmnun olarıq. Matta Müjdəsinin şərhini oxuyub tamamladığına görə səni təbrik edir və inanırıq ki, bu kitab sənə əbədi xəzinə əldə etməkdə kömək olub. Bizə yaz. Ünvanımız budur: Waters of Life Internet: www.waters-of-life.net |