Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 130 (Parable of the Sower)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
2. Məsih Səmavi Padşahlığın ruhani böyüməsi barədə məsəllərlə öyrədir (Matta 13:1-58) -- İsanın sözlərinin üçüncü məcmuəsi

a) Səpilən toxum məsəli (Matta 13:1-23)


MATTA 13:18-23
18 İndi əkinçi barədə məsəlin izahını dinləyin: 19 kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur. 20 Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir. 21 Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır. 22 Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. 23 Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir».
(Mat. 6:19-34; Mark 4:13-20; Luka 8:6-15; 1Tim. 6:9)

Məsihin məsəlləri fəlsəfi düşüncələr və ya mürəkkəb təbiət hadisələri ilə deyil, sadə şeylərlə bağlıdır. Məsih gündəlik həyatından misallar gətirir ki, bunlar sadə və savadsız insanlara belə aydındır. Məsələn, səpilən toxum məsəli, yaxud dəlicə və buğda məsəli. Məsih hər adamın başa düşə biləcəyi bənzətmələrlə sadə dillə ruhani həqiqətləri öyrətmək üçün bu üsulu seçdi. Bu yolla biz adi və təbii şeylər vasitəsilə ilahi həqiqətlər üzərində düşünə bilərik. Başımız gündəlik işlərə qarışanda belə, nəinki bu dünyəvi məşğələlərə baxmayaraq, hətta onların köməyi ilə ürəklərimizi göyə qaldıra bilərik.

Müjdənin sözü Padşahlığın sözüdür, Padşahın sözüdür. Bu sözdə səlahiyyət var (Vaiz 8:4). Toxum səpən əkinçi Rəbbimiz İsa Məsihin Özüdür, yaxud Onun qullarıdır. Xalq Allahın zəmisi, xidmətçilər Allahın əməkdaşlarıdır (1Kor. 3:9). Toxum insan ürəklərinin torpağına əkilir. Ürəklər isə növcə fərqlənir: əkilən Kəlam toxumunun necə cücərib böyüməsi, növündən asılıdır.

İnsan ürəyi torpağa bənzər, torpağın üzərində işləyib onu yaxşılaşdırmaq, daha münbit etmək mümkün olduğu kimi, ürəyimiz də belədir. Adamın ürəyi “tənbəlin zəmisi” (Sül. 24:30) kimi barsız olanda, bu, həqiqətən bir faciədir. Toxumun yaxşı böyüyə biləcəyi, işləyib hökm sürə biləcəyi yer insanın ruhudur. Kəlam Allahın yaxşı çırağı olan vicdanın odunu yandırır. Biz necəyiksə, bizə deyilən söz də elə olacaq. Ürək torpaq kimidir. Torpağın bəzi növləri üzərində nə qədər işləyirsən-işlə, nə qədər yaxşı toxum səpirsən-səp, o, yaxşı bar verə bilməz. Yaxşı torpaq isə çox bar verər. İnsanların ürəkləri də belədir. Burada üçü pis, biri yaxşı olan dörd növ torpaqdan bəhs edilir.

Bəs sənin ürəyinə düşən Müjdənin toxumu nə qədər səmərə verib: heç nə, az, yoxsa çox?! Bu məsəli İsanın şərhi ilə araşdır və sənin ürəyinin hansı torpaq növü olduğunu anlamağa çalış. Məsihdən səni yaxşı və səmərəli torpaq etməsini rica et. Həmçinin Ondan dilə ki, sənin düşüncəni dəyişdirsin və sən Allahın Kəlamını səy və həvəs ilə oxuyasan. Qoy ən birinci məqsədin İncili müntəzəm oxumaq, diqqətlə araşdırmaq, oxuduğuna əməl etmək və çox səmərə vermək olsun.

Həddən artıq hisslərdən və dayazlıqdan özünü gözlə, axı həqiqi tövbə olmadan İncili bilmək qürur əmələ gətirir və belə adam möhkəm bünövrəsiz qum üzərində bir ev tikən kimidir. İsa Özünə şagird seçəndə Vəftizçi Yəhyanın şagirdləri arasında axtarıb, çünki onlar ürəkdən tövbə edən adamlar idi. Onun möcüzələrinə tamaşa etmək üçün ardınca gələn camaat isə təqiblər başlanan kimi gözdən itib, çünki tövbə edib xilas olmamış, ruhani mənfəət əvəzində dünyəvi mənfəət axtarmışdılar.

Bundan əlavə, Rəbbə dua et ki, O sənin qayğılardan və pulpərəstlikdən qurtarmağına kömək etsin, sənə ilk öncə Allahın Padşahlığını və salehliyini axtarmağı öyrətsin. Onda görəcəksən ki, Allah Özü sənin qeydinə qalacaq və sənə xeyir-dua verəcək.

Bu məsəldə təqiblər qızmar günəş kimi təsvir olunur. Dərin kök salmış bitkiləri isidərək möhkəmləndirən günəş, dərin kökü olmayanları yandırıb qurudur. Məsihin sözü və çarmıxı bəziləri üçün “həyat ətri”, başqaları üçün isə “ölüm qoxusu”dur. Sınaqlar bəzilərinin imandan dönüb həlak olmasına səbəb olur, digərlərinə isə “heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır”. Bəzilərini sarsıdan sınaqlar başqalarını möhkəmləndirir!

Onların nə qədər sürətlə yıxıldığına fikir verin. İndicə boy atmağa başladılar və budur, artıq çürüyürlər! Nəyisə çox tələsik, düşünmədən qəbul edəndə, bir də ayılırıq ki, onu artıq itirmişik.

Allahın mübarək Kəlamının çox səmərə verməsindən şübhə ola bilməz. Necə ki yaxşı torpağa düşən toxumdan qızıl buğda sünbülü qalxar və sünbülün içi eyni xüsusiyyətlərə malik olan çoxlu toxumlarla dolu olar. Buna görə öz fikir və niyyətlərinin səmərəsini verməyə çalışma, qoy sənin həyatında Allahın Kəlamı artsın! Həyat və bərəkət bizdən deyil Ondandır.

Yaxşı torpağı başqa torpaq növlərindən fərqləndirən xüsusiyyəti “münbit” sifəti ilə xülasə edilir. Həqiqi məsihi imanlılara xas olan bu keyfiyyəti onları ikiüzlülərdən ayırır. Məsihilər “salehlik səmərəsini” hasil edir. “Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir” (Yəh. 15:8). Bu torpaqda daş və ya tikan olmadığı yazılmayıb. Ancaq aydındır ki, bunlar olsa belə, səmərə verməsinə mane olacaq qədər çox deyildir. Müqəddəslər bu dünyada günahdan tamamilə azad ola bilməzlər, amma günahın onların həyatı üzərindəki hökmranlığından azad olarlar.

DUA: Ey Ata, ürəyim daş kimidir, kütdür, dayazdır, pisdir. Sən mənim qürurumu sındır, boş niyyətlərimi puç elə, qulaqlarımı aç ki, Sənin Kəlamını eşidim! Müqəddəs Kitabı müntəzəm olaraq oxumaq əzmimi qüvvətləndir! Hər gün müqəddəs İncilini dərindən araşdırmaq üçün vaxtımı nizamlamaqda, iradəmi səfərbər etməkdə mənə kömək ol, çünki İncilin qəlbimi nurlandırır, məni haqq imanda, fəal məhəbbətdə, yaşayan ümiddə sabitləşdirir.

SUAL:

  1. Müjdəyə qulaq asanların hansı dörd növü vardır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:50 AM | powered by PmWiki (pmwiki-2.3.3)