Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 091 (The Baptist´s Disciples Question)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

9. Vəftizçi Yəhyanın şagirdləri orucla bağlı sualları (Matta 9:14-17)


MATTA 9:14-15
14 O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» 15 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
(Mark 2:18-22; Luka 5:33-38)

Məsihin Vəftizçi Yəhyanın şagirdlərinin sualına verdiyi cavabda həqiqi və yalançı möminliyin mənası açıqlanır. Yəhya zindana atılmışdı və son dərəcə çətin vəziyyətdə idi. Zəkəriyyənin oğlu xalqa öyrətmişdi ki, ayıb işlərindən peşman olsunlar, tövbə edib oruc tutsunlar. Buna görə Yəhyanın şagirdləri elə bilmişdilər ki, Məsih də Öz şagirdlərinə Allahdan mərhəmət almaq üçün yas tutmağı, Allah qorxusu ilə tövbə etməyi, möminlikdə səy göstərməyi öyrədəcək.

Oruc, mömin adamlara məxsus bir adət olaraq görünür. Bütün dinlərdə oruc, günahların bağışlanması və Allahın xeyir-duası üçün ən yaxşı çarə sayılır. Dindar adamlar necə də yanılırlar, axı lütf hansısa əməlin əvəzində verilməz, əvəzsiz olaraq bəxş edilir. Adamın pisliyi ianə verməsi ilə yox olmadığı kimi, günahları da orucla aradan qaldırılmaz. İnsan yalnız Məsihin onu fidyə ilə satın aldığına iman edərək xilas olar; o zaman oruc ticarət deyil, şükür ifadəsi olar; ianələr də günahlarının bağışlanmasının şərti kimi yox, Rəbbə həmd etmək üçün verilər. Lütf, xilas, bağışlanma, satın alınma bizə yalnız İsa Məsihin şəxsində gəlir. İsa, günahlarımızı Öz üzərinə götürmüş və təqsirlərimizi bir dəfəlik yox etmiş olan həlim Allah Quzusudur. İman bizi Allaha yaxınlaşmağa və yeni əhddə bizə ənam edilən şəriklikdə Onunla ünsiyyətdə olmağa layiq edir. Allahın məhəbbət əhdinə yalnız saleh sayılmış günahkarlar daxil olur. Onlar “sağdışı və soldışı”, Bəyin – Allahın Oğlu İsanın dostlarıdır. İsa bizi Onunla şəriklikdə hədsiz sevincə dəvət edir. Məsihi adam yas tuta bilməz, çətin vəziyyətdə olanda belə, ürəyi rahatdır, problem və sınaqlarda belə Müqəddəs Ruhun təsəllisində qalır, çünki Allah onun yanındadır və Məsih onun daxilindədir. Bu şərəfli hüququnu dərk edən adam ürəkdən Rəbbə həmd edər və bütün həyatını Ona həsr edərək böyük lütfünə görə şükür edər.

Yəhyanın şagirdləri “yeyib içməyən” müəllimindən nümunə götürərək tez-tez oruc tuturdular. İnsanlar öz rəhbərlərindən nümunə götürməyə meyillidir, lakin əksər hallarda zahirən nümunə götürməklə kifayətlənirlər və rəhbərin daxili motivini nəzərdən qaçırırlar.

Yəhyanın şagirdləri Məsihin şagirdlərini, onlar kimi tez-tez oruc tutmadıqlarına görə məzəmmətləyirdilər: “Sənin şagirdlərin oruc tutmur”. Onlar Məsihin gizlicə oruc tutmağı və orucunu insanlara bildirməməyi öyrətdiyini, güman ki, bilirdilər. Buna görə Məsihin şagirdlərini heç oruc tutmamaqda ittiham etmək düzgün deyil idi. Bu əhvalatdan öyrənə bilərik ki, adamın möminlik dərəcəsini, bu dünyanın etdiyi kimi, zahiri görünüşlə mühakimə etmək olmaz.

Qeyd edək ki, şikayət edənlər Məsihdən şagirdlərinə (ayə 11) və şagirdlərdən Məsihə (ayə 14) şikayət ediblər. Beləcə insanlar təfriqə salır, sevgini yox edirlər: xalqı xidmətçilərə qarşı, xidmətçiləri də xalqa qarşı qaldırırlar, dostların arasını vururlar.

Eyni zamanda Məsih səni “sağdışı və soldışı” olmağa, yəni Onun gəlininin hazırlanmasında iştirak etməyə dəvət edir. Kim cürət edib xalqları Məsihlə şərikliyə dəvət edəcək? Sən Xilaskarın sevincindən ruhlanaraq xidmətdə və müjdəçilikdə səy göstərirsənmi? Yoxsa sirkə içmiş kimi qəmgin surətlə, istəməyərək, yalnız başqa imanlıların qarşısında öyünmək üçün xidmət edirsən? Bil və agah ol, ey qardaş, bir işi Məsihin izzəti üçün ürəkdən etmirsənsə, o iş qiyamət günündə sənə qarşı şəhadət edəcək. Rəbbin önündə dayanıb Onun sənə güvənərək verdiyi talantlardan hesabat verəndə nə deyəcəksən?

Göyə götürülərək şagirdlərindən ayrılacağını qabaqcadan xəbər verən İsa şagirdlərin o vaxt qorxuya düşəcəklərini bilirdi. O zaman onlar dua edəcək, yas və oruc tutacaqlar. O zaman tez gəlsin deyə İsaya yalvaracaqlar. Lakin biz indi Məsihlə sıx şəriklik içində yaşayırıq, çünki O, ürəklərimizə Müqəddəs Ruhunu tökmüşdür. Müqəddəs Ruh, Bəy ilə Gəlin arasındakı ruhani şərikliyin zəmanətidir. Biz Bəyin zahirən gəlməsinin intizarındayıq, O gələndə bizim bu şərikliyimiz tam kamil şəkildə gerçəkləşəcəkdir.

DUA: Haleluya, müqəddəs Allahımız – Ata, Oğul və Müqəddəs Ruh! Sən bizi günahın yasından şəriklik sevincinə dəvət etmisən, Qanunun ağır yükündən azad etmisən, bizimlə yeni əhd bağlamısan. Sənə səcdə qılırıq, müqəddəs adını ucaldırıq. Bizə kömək et, qoy biz dost və düşmənlərimizə lütfkar Ruhunun sevincini çatdıraq və qoy yer üzündə Səni razı salan şeylər olsun!

SUAL:

  1. “Sağdışı və soldışı” kimlərdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:41 AM | powered by PmWiki (pmwiki-2.3.3)