Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 065 (Preaching in Antioch)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
A - BİRİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 13:1 - 14:28)

3. Anadoludakı Antakyada Müjdənin yayılması (Həvarilərin İşləri 13:13-52)


HƏVARİLƏRİN İŞLƏRİ 13:13-25
13 Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı. 14 Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdı. Şənbə günü sinaqoqa girib oturdular. 15 Qanunun və Peyğəmbərlərin yazılarının oxunmasından sonra sinaqoq rəisləri onları çağırtdırıb dedi: «Qardaşlar, xalqa ürəkləndirici müraciətiniz varsa, buyurub deyin». 16 Paul ayağa qalxıb diqqəti cəlb etmək üçün əlini qaldıraraq dedi: «Ey İsraillilər və Allahdan qorxanlar, qulaq asın. 17 Bu xalqın, yəni İsraillilərin səcdə etdiyi Allah bizim ata-babalarımızı seçdi və Misirdə – qürbət eldə yaşadıqları müddət ərzində onları böyük bir millət etdi. Sonra əlini uzadıb onları Misirdən çıxartdı. 18 Qırx ilə yaxın səhrada qaldıqları müddət ərzində onlara dözdü. 19 Kənan torpağında yaşayan yeddi milləti qırandan sonra bu millətlərin torpaqlarını irs olaraq İsrail xalqına verdi. 20 Bütün bunlar təqribən dörd yüz əlli ili əhatə etdi. Sonra Allah onlar üçün hakimlər yetirdi. Bu, peyğəmbər Şamuelin dövrünə qədər davam etdi. 21 Xalq padşah istəyəndə isə Allah Binyamin qəbiləsindən olan Qiş oğlu Şaulu onlar üçün padşah təyin etdi. O, qırx il padşahlıq etdi. 22 Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”. 23 Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi. 24 İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar. 25 Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”.

Məsih Kipr adasında zülmət qüvvələri üzərində qələbə çalandan sonra, Paul orada cəmiyyətlər qurmağa müvəffəq olmadığını görüb, Müqəddəs Ruhun onların Barnabanın vətənində Müjdəni vəz etmələrini istəmədiyini başa düşdü. Buna görə Paul yoldaşları ilə birlikdə dənizi keçib dağlı Anadoluya getdi. Barnaba və bacısı oğlu Yəhya Mark, güman ki, isti Kipr adasında qalıb səbirlə cəmiyyətləri qurmaqla məşğul olmaq istəyirdi. Lakin Paul Anadoluya yola düşməli olduğunu bilirdi. Rəhmli Barnaba həmkarı Pauldan ayrılmaq istəmirdi və onları birgə xidmətə çağıran Müqəddəs Ruhun əmrindən çıxmaqdansa, vətənini tərk etməyə razı idi.

Paulla yoldaşları Rəbbin qüvvəsi ilə ən yaxın yerdə quruya çıxdılar. Antakyaya yaxın olan, Kestros çayının sahilində yerləşən Perge şəhərində uzun müddət qalmadılar, Anadolunun içinə, dağ zirvələrinin ucaldığı yerlərə doğru yeridilər. Səkkiz gün yol gedəndən sonra təqribən 160 km məsafəni keçdilər. Yol təhlükəli və yorucu idi, yoldaşlar istidən, aclıqdan, susuzluqdan əziyyət çəkdilər. Yerusəlimli gənc Yəhya Mark bu səyahətə güclə dözə bildi və iki həvaridən ayrılıb vətəninə qayıtmaq qərarına gəldi. Barnaba isə yenə Şaulla qaldı, Rəbbin yolunda xidməti yaxın qohumu ilə şəxsi münasibətlərindən üstün tutdu. Bacısı oğlu ilə vidalaşdığına görə ürəyi ağrıdı, amma Mark bu missiyaya çağırılmadığı üçün, artıq onlarla bu xidmətdə qala bilməzdi.

Paulla Barnaba digər yoldaşlarla birlikdə Kiçik Asiyadakı Antakyaya getdilər. Bu şəhər, Anadolu yaylası içində dəniz səviyyəsindən təqribən 1000 metr yüksəklikdə yerləşən ticari bir mərkəz idi. Onlar şəhərə girəndə meydanda vəz etməyə başlamadılar, amma ilk öncə yəhudi sinaqoquna getdilər, çünki İbrahimin övladları qədimdən həqiqi Allahın nurunu əldə etmişdi. Paul onlara bütün dünya üçün ilahi nurun dolğunluğunu – İsanı vəz etmək və onları İsanın izzətinə cəlb etmək istədi. Həkim Lukanın qələmə aldığı bu vəz, Paulun Allahın qədim xalqını İsa Məsihin həqiqətinə inandırmaq məqsədilə digər sinaqoqlardakı verdiyi bütün vəzlərinin bir misalı sayıla bilər. Biz bu vəzi dərindən düşünsək, Paulla Barnabanın öz imanlarında, vəzlərində Tövrata və Peyğəmbərlərin Yazılarına necə istinad etdiyini, Əhdi-Ətiqi Əhdi-Cədidin əsası və zəmini olaraq qəbul etdiyini görəcəyik.

Başqa millətlərdən olan və tək Allah inancına cəlb olunub, Allahın qədim xalqının əxlaqlı həyat tərzinə heyran olan bəzi mömin adamların da Antakyadakı sinaqoqda yəhudilərlə yanaşı ibadətdə iştirak etdiyini oxuyuruq. Paul yəhudilərə göstərdiyi hörməti bu həniflərə (Haqqa tapınan) də göstərirdi, çünki onlar sidq qəlbdən həqiqəti axtarırdılar. Paul getdiyi hər yerdə bu kimi mömin adamlardan güclü cəmiyyətlər qururdu.

17-25-ci ayələrdə Allahın fəaliyyətini təsvir etmək üçün işlənən on dörd feilə diqqət yetir. Onda anlayacaqsan ki, Əhdi-Ətiq tarixi nə bəşəri xurafatlar, nə də ilahiyyat tədqiqatları üzərində qurulub; o, ancaq Allahın gerçək fəaliyyəti əsasında qurulub. Allahın hər şeyin Hökmranı və Sahibi olduğunu dərk etmədən, nə Əhdi-Ətiqi, nə də Əhdi-Cədidi anlamaq mümkündür. Xalqların taleyini müəyyən edən siyasət, təbiət qüvvələri və ya bəxt deyildir, yalnız Allahın Özüdür. Allah layiq olmayan ayrı-ayrı şəxsləri Öz lütfü ilə seçir, Kəlamına əməl etməyənləri isə rədd edir. Allahın fəaliyyətlərini təsvir edən bütün feillərin müxtəlif mənalarını yaxşı-yaxşı öyrən və böyük hikmət əldə edəcəksən.

Allah qədim xalqının əcdadlarını seçməsi ilə dünyanın xilas tarixinin əsasını qoydu; bu planını tamamlayan məqsədi isə Məsihin gəlişidir. Bu ilahi tarixin prosesində Rəbb qədim xalqını əsarətdən qurtardı, səhrada onların dikbaşlığına dözdü, onlara Kənan torpağını mülk olaraq verdi, saleh hakimlər bəxş etdi, onlar tələb etdikdə onların üzərində bir padşah qoydu. Məsh etdiyi ilk padşah Şaul hakimiyyətinin ilk dönəmində yaxşı nümunə oldu və millətlərin həvarisinə məhz o padşahın şərəfinə Şaul adını qoydular. Gənc ikən “Şaul” adı ilə fəxr edən bu adam əsil Padşahı olan İsanı tanıyandan sonra Ondan həlimliyi öyrəndi və buna görə “Şaul” adından imtina edib “kiçik” mənasına gələn “Paul” adını qəbul etdi.

Allahın tarixində padşah Davudun önəmli rolu olmuşdur. Davud Rəbbin ürəyinə yatan adam idi: günahlarından tövbə edərdi, Allahın iradəsini axtarardı, Müqəddəs Ruhla elə dua və məzmurlar yazıb ki, üstündən 3000 il keçib, insanlar hələ də onları oxuyurlar. Davudun dilindən çıxan bəzi peyğəmbərlikləri Məsih Özü təsdiqləyib, halbuki yəhudilər bunların hələ yerinə yetmədiyini zənn edib. Yəhudilər həmişə belə sual veriblər: “Davudun nəslindən gələn, həqiqətdə isə Əzəli Allahın Oğlu olan vəd olunmuş Oğul haradadır?” (2Şam. 7:12-14). Yəhudilərin hamısı bu vədi bilir və həm onların xalqını, həm də bütün xalqları ümumi sülhə qovuşduracaq İlahi Padşah Məsihin gəlişini gözləyir. Paul ona qulaq asanlara qısaca başa saldı ki, Davud Oğlu olan Allahın Oğlu artıq gəlib – O, Nazaretli İsadır. İsa Roma qeysərindən böyükdür, bütün dünyanın Xilaskarıdır, çünki O, həqiqi İnsan və həqiqi Allahdır, əbədi, müqəddəs və izzətlidir.

Ondan sonra Paul Vəftizçi Yəhya barəsindəki həqiqəti danışdı, çünki Yəhyanın tövbə edib vəftiz olmaq çağırışı Kiçik Asiyaya da gəlib-çatmışdı və bəzi yəhudilər onun Məsih olduğunu düşünmüşdü. Paul onlara izah etdi ki, Vəftizçi Yəhya özünü İsanın yanında çox kiçik, Ona xidmət etməyə belə layiq olmayan qulu sayıb. Vəftizçi Məsihin gəlişini şövqlə gözləyir və bütün şagirdlərini gələcək olan Rəbbə yönəldərək Onun yolunu hazırlayırdı.

DUA: Ey hər şeyə hökmran olan izzətli Rəbb, bizə kömək et ki, özümüzü düşünməyək, amma Sənin tarixinin zəncirindəki haqlalar olaq və Müjdəni başqalarına ötürərək əməllərinə şəhadət edək! Bizim gələcəyimizi müəyyən edən rəhbərlər, partiyalar deyildir, yalnız Sənsən, ey Rəbbimiz! Sən bizə adını iqrar etməyi öyrət ki, bizə və bütün dünyaya Sənin Padşahlığın gəlsin!

SUAL:

  1. Allahın insanlarla olan tarixinin hərəkətverici qüvvəsi və məqsədi nədir?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:01 AM | powered by PmWiki (pmwiki-2.3.3)