Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 050 (The Wonderful Works of Christ at the Hand of Peter)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

8. Məsih Peterin əlləri ilə böyük işlər görür (Həvarilərin İşləri 9:31-43)


HƏVARİLƏRİN İŞLƏRİ 9:31-35
31 Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı. 32 Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına gəldi. 33 Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və səkkiz il idi ki, yataqda idi. 34 Peter ona dedi: «Eneya, İsa Məsih səni sağaldır. Qalx, yatağını yığışdır». Eneya dərhal ayağa qalxdı. 35 Lod və Şaronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü.

31-ci ayə son dərəcə mühümdür, çünki Luka bizə Məsihin Fələstin dediyimiz bölgədəki Cəmiyyətinin, təqib olunduğu halda, inkişaf etdiyini bildirir. İsa Özü Fələstində xidmət etmişdir və hətta dağlıq Qalileya bölgəsində belə, naməlum insanlar tərəfindən qurulmuş cəmiyyətlər var idi.

Şaulun Məsihin yolunu tutması ilə məsihilərə qarşı təqiblər zəiflədi. Çünki Qanun alimləri Stefanın ölümünün bütün xalq üçün ciddi xəbərdarlıq olacağını düşünərək, onu öldürməklə kifayətlənmişdilər. Paulun üç il Yerusəlimdən uzaqda qalması ilə təqiblər dayanmışdı. Ancaq nifrət, yer altında qalan köz kimi alışmağa hazır idi. Lakin alışmadı və imanlılara qarşı açıq təqiblər olmadı.

Dəməşq, Qalileya və Aralıq dənizi arasında olan cəmiyyətlər rahat nəfəs ala bildi, Müqəddəs Kitabı araşdıraraq, məhəbbət, səbir, fədakarlıq və şəriklik ilə Müqəddəs Ruhda inkişaf etdi. Hikmətin başlanğıcı olan Rəbb qorxusu onların üzərində idi. Məsihilərin Müqəddəs Üçlükdəki sevinci və sevgisi müqəddəs Olanın qarşısında dərin ehtiramla bağlıdır. Əgər biz şükür və həmd ilə Allaha Ata deyiriksə, Rəbbin Duasının ilk xahişini də yaddan çıxarmamalıyıq: “Adın müqəddəs tutulsun!”

Cəmiyyətlər Müqəddəs Ruhla dolaraq, Allahın önündə məhəbbətlə yaşadığı yerdə, Müjdə öz-özündən yayılar. Belə oyanış üçün xüsusi “oyanış toplantıları” keçirməyə gərək yoxdur, çünki hər imanlı zülmətdə parlayan nur kimidir. Rəbbə bağlı olan hər kəs qaranlıq gecədə xilas yolunu göstərən parlaq ulduz kimidir. Kəlamın qüvvəsi ilə dəyişilmiş həyatların şəhadəti vasitəsilə Müqəddəs Ruh Allahın mühakiməsindən qorxan adamların təlaşlı ürəklərinə təsir edir. Çarmıxa çəkilmiş Məsih haqqındakı Xoş Xəbər elan edildiyi yerdə insanlar tövbə edir və onların ürəklərində Müqəddəs Ruhun məskən salması ilə imanla əldə etdikləri salehlik möhürlənir. Müqəddəs Ruhun Özü bizi Müjdəni vəz etməyə ruhlandırır; O, təzələnmiş imanlılar vasitəsilə insanlara müraciət edir. Cəmiyyətlər Onun fəal qüvvəsi ilə böyüyür. Bəs sizin cəmiyyətinizin halı necədir? Siz bir-birinizi sevirsinizmi? Məsihdə möhkəm durursunuzmu? Birgə şəhadətiniz İlahi Təsəllivericinin qüvvəsi ilə hər kəsə elan olunurmu?

İndi ki cəmiyyət təqiblərdən dincəldi, Peter məsihiliyin mərkəzi Yerusəlimi sərbəstcə tərk edə bildi. O, şimalda və cənubda, şərqdə və qərbdə olan cəmiyyətləri görməyə getdi. Aralıq dənizi sahilini də dolaşdı və Yafoya yaxın şəhərlərdən birinə – Loda gəlib çatdı.

Lodda Rəbbin dünyadan seçdiyi, Öz xalqı olaraq qəbul etdiyi, Məsihin qanı ilə təmizlənmiş, Müqəddəs Ruhla dolu müqəddəslərin yığıncağını tapdı. Onlar Məsihə iman edərək lütf ilə müqəddəs olmuşdular. Məsih onları xilas və təqdis etmiş, möhkəmləndirmiş, məhəbbətində hifz etmişdi.

Bu üstünlüklərinə baxmayaraq, onlar eləcə də əziyyətə, xəstəliklərə və sınaqlara məruz qalırdı. İmanlılardan biri səkkiz il idi ki, iflic vəziyyətdə idi. Peter bu adamın vəziyyətini öyrənən kimi evini axtarmağa başladı, sadiq “ruhani çoban” olaraq bu “quzunu” axtardı, onun yanına gedib ona Məsihdən danışdı. O, qardaşlarla Tövratdan xeyli uzun söhbət etdi, onlar birlikdə dua edib günahlarını etiraf etdilər. Peter iflic olmuş o adama dedi ki, “Günahların bağışlandı, qardaşım, İsa Məsih sənə şəfa verir”. Beləcə həvari Müjdənin əsas məzmununu bəyan etdi və Nazaretli İsanın göydə və yerdə bütün səlahiyyətə malik olan həqiqi Məsih olduğunu, xilas və şəfa qüvvəsinin Ondan qaynaqlanıb bir imanlıdan o birinə keçdiyini təsdiqlədi. Necə ki Məsih demişdir: “Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq”.

İflic olmuş adamın adı Eneya idi. O, Müjdəni eşitdi və iman gətirdi. Həvarilərin sözünə görə ayağa qalxdı, illərlə çox göz yaşı tökdüyü yatağını yığışdırdı və o biri imanlılarla birlikdə oturub dua etməyə və Rəbbi ucaltmağa başladı. Bu sadiq və səbirli qardaşı tanıyan bütün imanlılar sevincdən cuşa gəldilər və Peterin deyil, Məsihin belə möcüzə yaratdığını, Cəmiyyətində o insana şəfa verdiyini elan etdilər. Çünki yaşayan Rəbb çoxlu möcüzə və əlamətlərlə Öz adını izzətləndirdi.

DUA: Ey ölümdən dirilmiş Rəbb İsa, Cəmiyyətinin inkişaf etdiyinə görə Sənə şükür edirik və qullarında fəal olan qüvvən üçün Səni ucaldırıq. Zəif imanımıza görə yalvarırıq, təqsirlərimizdən keç və bizi hər cür pislikdən təmizlə və bizim “ilıq” ürəyimizi dəyişdir, qoy Sənə olan məhəbbətimiz atəşin olsun və biz sonadək Sənin yolunu tutaq!

SUAL:

  1. Məsih Lodda Eneyaya necə şəfa verdi?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:41 AM | powered by PmWiki (pmwiki-2.3.3)