Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 193 (Parable of the Great Wedding Feast)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)
5. İsa ağsaqqallara üç məsəl danışır (Matta 21:28 - 22:14)

d) Toy ziyafəti məsəli (Matta 22:1-14)


MATTA 22:1-14
1 İsa yenə onlara məsəllərlə xitab edərək dedi: 2 «Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir. 3 O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi. 4 Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!” 5 Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi. 6 O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər. 7 Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı. 8 Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil. 9 Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”. 10 Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu. 11 Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü, 12 ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu. 13 O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”. 14 Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».
(Luka 14:16-24; Yəh. 3:29; Mat. 21:35; 24:2; Vəhy 19:8)

Məsih insanın fikirlərinə agahdır və necə cavab verməyi bilir. Bu məsəldə Müjdə və Müjdəyə verilən müxtəlif cür reaksiyaları görürük. Məsəl peyğəmbərləri təqib edən rəhbərlərin günahını və eləcə də Allahın elçilərinin təqib edildiyi bir mühitdə Allahın sözlərinə əhəmiyyət verməyən xalqın günahını təsvir edir.

Allah Öz Oğlu üçün misli olmayan, xariqəli toy ziyafəti təşkil edir. Bu toy cismani deyil, ruhanidir. Dəvət edilənlər özləri gəlin rolunu oynayacaqlar! Bütün insanlar iman vasitəsilə Allahın Oğlu ilə birləşməyə dəvət olunurlar. Bu iman birliyi sonsuz sevinc, səadət, şükürdən ibarətdir. Yeni əhd göz yaşı və qan dolu cihad kimi deyildir, amma sevinc dolu ziyafəti xatırladır. Məsih bizi bəxtiyarlığın ən yüksək səviyyəsinə çağırır.

Süfrə açan adamlar bəzilərini bu ziyafətə qonaq olaraq dəvət edirlər. Allahın qonaqları bəşər övladlarıdır. “Ya Rəbb, insan kimdir ki”, Sən ona o qədər çox şərəf verirsən?! Hamıdan əvvəl dəvət edilən qonaqlar yəhudilər idi. Müjdə vəz edildiyi yerdə bu toy ziyafətinə dəvətnamələr təqdim olunur. Allahın xidmətçiləri, xalqı dəvət edən “qullar” idi (Sül. 9:4-5).

Bu məsəldə qonaqların toy ziyafətinə dəvət edildiyini görürük. Məsihin Müjdəsinin sevincli xəbərini eşidən hər adam bu dəvətnaməni alır. Qulların əllərində dəvət olunanların siyahısı yoxdur – onlar hər kəsi dəvət edirlər. Hamı dəvət edilmişdir! Ziyafətə gəlməyən insanlar öz-özlərini dəvət olunanlar arasından çıxarırlar. Hamı toy ziyafətinə dəvət olunur və Bəyi qarşılamağa çıxmaq fürsətini əldə edir, çünki Atanın iradəsi budur ki, hər kəs Oğula hörmət etsin (Yəh. 5:23).

Qullar qonaqları dəvət etmək üçün onların evlərinə getdilər, çünki Müjdə insanları dəvət etməklə kifayətlənmir, mənəvi qüvvə ilə elan edilir. Biz “insanları inandırmağa çalışırıq. ... Məsihin nümayəndələriyik” (2Kor. 5:11, 20). Məsihin bu yazıq insanların səadəti üçün necə də ürəkdən çalışdığına diqqət yetir! O onların ehtiyacları üçün qayğı çəkəcəyini vəd etməklə kifayətlir, həmçinin onların zəifliklərinə görə onlarla rəftar edir.

Dəvət edilmiş qonaqların gəlmədiyini görən padşah onlara başqa qullar göndərdi. Lakin nə qədim peyğəmbərlər, nə Vəftizçi Yəhya, nə də Səmavi Padşahlığın yaxınlaşdığını elan edən Məsihin Özü onları inandıra bildi. O zaman Məsihin dirilməsindən sonra Allah həvariləri, Müjdəni vəz edən xidmətçilərini göndərdi ki, Səmavi Padşahlığın artıq gəlmiş olduğunu, toy ziyafəti üçün hər şeyin hazır olduğunu onlara xəbər verib onları dəvəti qəbul etməyə iqna etsinlər.

Bu dəvətin səbəbi bizə təsir göstərirsə, gəlin, bu dəvəti diqqətlə dinləyək: “Budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır”. Ata bizi qəbul etməyə hazırdır, Oğul bizim üçün vəsatət etməyə hazırdır, Müqəddəs Ruh bizi təqdis etməyə hazırdır. Əfv hazır, barışıq hazır, təsəlli hazırdır. Diri su mənbəyi kimi vədlər də hazırdır. Mələklər bizim qulluğumuzda hazırdır, ilahi planın işləri də bizim üçün hazırdır ki, hər vəziyyət xeyrimizə olsun. Nəhayət, göylər bizi qəbul etməyə hazırdır. Bu, “axır zamanda aşkar olunmağa hazır olan” Padşahlıqdır (1Pet. 1:5).

Allah peyğəmbər və elçilərini ilk öncə yəhudilərə, sonra isə bütün dünyaya göndərdi. Allahın carçıları Allahın qulları kimi Onun iradəsini yerinə yetirməyə can yandırırlar. Bu xidmət onlar üçün məcburiyyət və ya ağır yük deyil, böyük sevinc mənbəyidir, odur ki onlar könüllü olaraq xidmət edirlər və heç yorulmurlar. Onlar özlərini yox, Rəbbi şərəfləndirməyə çalışırlar.

Onların müjdəsi sadədir: “Allahın Oğlunun toy ziyafəti üçün artıq hər şey hazırdır!” Bu toyun bir heyranedici tərəfi odur ki, Bəy eyni zamanda dəvət edilənlərə salehlik bəxş etmək üçün Özünü fəda edən qurbandır! Allah səmavi ziyafət üçün lazım olan hər şeyi təşkil edib. Xilas tamam olub, sənin üçün, hər kəs üçün hazırdır. Biz də Allahın adı ilə səni inandırırıq: “Gəl, hər şey hazırdır!”

Bu məsəlin bir qəribə tərəfi də odur ki, dəvət edilənlərin əksəriyyəti gəlmədi. Onların bəhanələri yalan idi. Allahla birlikdə olmaq istəmədikləri, Onu yox, yalnız özlərini sevdikləri və məhəbbətindən azad olaraq yaşamaq arzusunda olduqları bəllidir.

Günahkarlar imkanları olmadığı üçün yox, istəmədikləri üçün Məsihə yaxınlaşmır, xilasını qəbul etmirlər (Yəh. 5:40). Onların vəziyyəti daha acınacaqlıdır, çünki İsanın yanına gələrək səadətə nail olmaq fürsətləri olub, lakin onlar özləri Məsihin yolunu rədd ediblər.

Çoxlarının Məsihə yaxınlaşmağına dünyəvi işləri mane olur. Bu məsəldə hər kəs gəlməməyi üçün bu və ya digər bəhanə gətirir. Kəndlilər təsərrüfatları, şəhərlilər ticarətləri ilə məşğul olmalı. Hər kəs alır, satır, mənfəət əldə edir. Sözsüz, fermerlər və sahibkarlar çalışmalıdırlar, fəqət onların işləri Məsihin ardınca getmələrinə mane olmamalıdır.

Buna görə müqəddəs Olan qəzəbləndi, çünki məhəbbəti adildir. Onun lütfünü rədd edən adam nurundan uzaqlaşar. Allahın qəzəbi belə zühur edir ki, Allah imansızları tərk edir və onlar öz-özlərini məhvə aparırlar. Allahın qəzəbini tanıyırsanmı? Qəzetləri aç və ruhani gözlərinlə oxu, onda müdrik olub Allahın qəzəbini görə biləcəksən.

Dəvət edilənlər dəvəti rədd etdikdən sonra Allah böyük sürpriz elədi – yad, qərib, murdar, pis, xəstə adamları dəvət etdi. Onun “soydaşları” dəvəti qəbul etmədiyinə görə, bütün yoxsulları Oğlunun toyuna çağırdı. Səni də böyük Allah Özü dəvət edir! Gələcəksənmi?

Bundan əlavə, Allah dəvətini qəbul edən hər kəsə əvəzsiz olaraq “salehlik libası” bağışlayır! Sən Allahın lütf libasını geyinmisən, Müqəddəs Ruhunun daş-qaşları ilə bəzənmisənmi? Pisliyini aradan qaldıran bu libası geyinmədən Allahın toy ziyafətində iştirak edə bilməzsən. Məsihin salehlik libasını geyinmədən Allaha yaxınlaşa biləcəyini zənn edən adam sonsuz dəhşətə atılacaq. Cəhənnəm əzabı təkcə od və susuzluqdan ibarət deyildir, həm də əbədi olaraq zil qaranlıqda qalmaqla bağlı olan hədsiz qorxu və dəhşətdən ibarətdir.

Məsih hamını toy ziyafətinə dəvət etdi, lakin az adam gəldi. Gələnlər Allahın seçdikləri idi. Sən də salehliyin ağ libasını geyinib, seçilmişlərdən biri olmusan?

DUA: Ey Ata, Sənə şükür edirik, çünki biz hələ şər içində ikən Sən bizi Oğlunun toy ziyafətində iştirak etməyə dəvət etdin. Biz bu şərəfə layiq deyilik, lakin İsa Məsihin qanı bizi hər günahdan təmizləyir və Sənin Müqəddəs Ruhun bizi məhəbbət, sevinc və sülh ilə bəzəyir ki, Səninlə yaşayaq və dünyadakı bütün təqdis olunanlarla birlikdə Sənə həmd edək. Bizə kömək et, qoy biz yoxsul, tənha, xəstə, məyus adamların yanına gedib onları Sənin toy ziyafətinə dəvət edək və göylər sevinc və razılıqla dolu olsun!

SUAL:

  1. Allahın Oğlunun toy ziyafətinin hansı yeddi qeyri-adi tərəfi var?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:04 AM | powered by PmWiki (pmwiki-2.3.3)